Bu il üçün heç bir təhdid gözlənilmir
“İlin sonunadək neft satışından gəlirlərimiz artıqlaması ilə təmin olunacaq”
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 3,09 faiz azalaraq 1 barelə görə 75,07 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 3,12 faiz azalaraq 1 barelə görə 71,53 ABŞ dolları olub.
Ümumiyyətlə, dünya bazarında neftin ucuzlaşması müşahidə olunur. Neftin qiymətində ucuzlaşma olduqda isə bu, neftin növlərinə uyğun olaraq təsir edir.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatında neftə olan tələbatın aşağı düşəcəyinə dair gözləntilərdir: “Amerikadan, Çindən gələn göstəricilərə əsasən, iqtisadi artımla bağlı müəyyən suallar yarandı. Bunun iqtisadi artımla əlaqəsi isə neftin sənayedə işlənməsi, iqtisadi artım olan zaman daha çox istifadə olunması və s. səbəblərdir. Xüsusən də ixracatdan ciddi asılı olan Çinin sənayesi ilə bağlı rəqəmlər neft qiymətlərinə mühüm təsir göstərir. İqtisadi artımla bağlı gözləntilərin aşağı düşməsi neft qiymətlərinə təsir edir”.
Ekspertin sözlərinə görə, hələ 2024-cü ilin əvvəlində ötən illərlə müqayisədə neftin qiymətinin daha aşağı olacağı planlaşdırılmışdı. Bu baxımdan proqnozlardan kənara çıxma olmayıb: “Hətta Yaxın Şərqdə və HƏMAS-da yaranmış gərginlik neft qiymətlərini proqnoz olunandan daha yuxarıda saxlamış oldu. Hazırda isə gərginliyin azalması neft qiymətlərinə təsir edir. Əlavə olaraq qeyd edim ki, Mərkəzi Bankın faiz dərəcələrini dəyişməsi də neftin qiymətinə təsir edir”.
İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, neftin dünya bazar qiymətləri ümumiyyətlə, bir sıra amillər əsasında formalaşır - təzahür edir. Bunların sırasında obyektiv və subyektiv amillər var. Bəzən hətta adi bir siyasətçinin belə neftlə bağlı hər hansı bəyanatı qiymətlərə təsir edir. Ancaq əsas etibarı ilə hər şey hasilat və tələbat səviyyəsindən asılıdır.
Çində neftə tələbatın azaldığını vurğulayan ekspert əlavə olaraq qeyd edib ki, OPEC+ ölkələri üzrə hasilatın oktyabrdan etibarən artırılacağı gözləntisi var. Bütün bu kimi səbəbləri ümumiləşdirərək bir cümlə ilə qeyd etsəm, hazırda dünyada tələbatdan çox neft təklifi yarandığı müşahidə edilir:
“Ən pisi odur ki, bunun davamlı xarakter daşıyacağı bildirilir.
Qlobal iqtisadiyyatda və tələbdə bu gün vəziyyət əvvəlki kimi deyil, demək olar, çox şey dəyişib, dəyişməkdə də davam edir. Bir tərəfdə, real olaraq satdıqlarından daha çox həcmdə neft satmaq istəyən ölkələr qrupu var, digər tərəfdə isə neftdən istifadəni, yəni istehlakı tədricən azaltmaq istəyində olan və bu sahədə müvafiq siyasət yürüdən ölkələr...”
Ekspertin sözlərinə görə, qiymətləri sabit saxlamaq üçün hasilatı aşağı həddə tutmaq vacib sayılır. Buna isə nəzarət lazımdır: “Əsas nəzarətçi qurum olan OPEC+ isə qeyd olunanlara və müşahidələrə əsasən bu funksiyanı deyəsən, yerinə yetirə bilmir. Adıçəkilən qurumun iki ən nəhəng üzvü olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında adi sözdə belə hər hansı razılıq əldə olunardısa, bazar buna dərhal reaksiya göstərərdi, indi isə bu, özünü büruzə vermir.
Elə sözügedən kontekstdən də çıxış edərək məsələn, "Bloomberg" ekspertləri qeyd edirlər ki, OPEC+ iştirakçıları neft qiymətlərini kifayət qədər sabit saxlamaq iqtidarında deyillər və qurum tərəfindən bundan sonra ediləcək bütün cəhdlər effekt baxımından müvəqqəti xarakter daşıyacaq. Bu səbəbdən də, yaxın perspektivdə qiymətlərə dair heç bir yaxşı proqnozlar irəli sürülmür.
Yəni daha aşağı rəqəmlər söylənilir.
Sözsüz ki, bütün bunlar ehtimaldır. Neftin qiymətinə dair dəqiq proqnoz irəli sürmək, əslində, mümkün deyil. Xüsusən də, uzunmüddətli olaraq. Ancaq buna rəğmən, qiymətlər nə qədər aşağı düşsə də belə, 60 ABŞ dolları həddindən də aşağı enəcəyi gözlənilmir. Çünki bu, irili-xırdalı heç bir hasilatçı ölkə üçün sərfəli deyil. Həmçinin Azərbaycan üçün də...”.
Neftin ucuzlaşmasının Azərbaycanın dövlət büdcəmizə təsirinə gəldikdə isə P.Heydərov deyib ki, ilin ortasında cari il üçün büdcədə proqnozlaşdırılan 60 ABŞ dollar 75-ə qaldırıldığından hazırda əldə edəcəyimiz gəlir təbii ki, bundan aşağı düşüb. Lakin bu il üçün heç bir təhdid gözlənilmir, mövcud da deyil. İlin sonunadək neft satışından gəlirlərimiz artıqlaması ilə təmin olunacaq”.