Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Qarabağa daha artıq kapital qoyuluşunun, biznesin təmin edilməsinin şahidi olacağıq
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İlk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Ötən gün verilən məlumata görə, 2024-cü 9 ayı ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,1 milyard manat xərclənib. Vurğulanıb ki, 2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub. Bəyan olunub ki, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur. Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək. Yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq. Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcək. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Qarabağ iqtisadi rayonuna 2 milyard 254,4 milyon manat investisiya qoyulub. Bu da 2022-ci illə müqayisədə 19,5 faiz çoxdur. Ümumi investisiyanın 747 milyon 332 min manatı Füzuli, 626 milyon 67 min manatı Şuşa, 589 milyon 564 min manatı isə Ağdam rayonlarının payına düşüb. Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədiyə 76 milyon 613 min manat, Bərdəyə 10 milyon 647 min manat, Xocalıya 5 milyon 304 min manat, Xocavəndə 112 milyon 88 min manat, Tərtərə isə 86 milyon 151 min manat sərmayə ayrılıb. Ötən il Xankəndi şəhərinə isə ilk dəfə 31,5 min manat sərmayə yönəldilib. Bununla yanaşı, ötən il Şərqi Zəngəzur iqtisadi rayonuna 4 milyard 11 milyon 125 min manat investisiya qoyulub. Bu isə 2022-ci illə müqayisədə 80,7 faiz çoxdur. Ümumi sərmayənin 1 milyard 550 milyon 708 min manatı Laçın, 671 milyon 783 min manatı Cəbrayıl, 919 milyon 85 min manatı Kəlbəcər, 280 milyon 964 min manatı Qubadlı, 587 milyon 821 min manatı isə Zəngilan rayonlarının payına düşüb. Ümumilikdə isə bərpa-quruculuq işlərinin ilk vaxtlarından etibarən Qarabağ və Şərqi Zəngəzurda həyatın əvvəlki məcrasına qaytarılması üçün dövlət büdcəsindən, təqribən, 12 milyard manata qədər vəsait xərclənib. 2024-cü iln dövlət büdcəsindən isə bu məqsədlə daha 4 milyard manat vəsait ayrılıb. Mərkəzi Bankın məlumatına əsasən, cari il iyulun 1-dək Qarabağ iqtisadi rayonu üzrə verilmiş kreditlərin həcmi 456 milyon 441 min manata çatıb. İlin əvvəlində isə bu məbləğ 404 milyon 983 min manat olub. Beləliklə, ilin əvvəlindən iqtisadi rayon üzrə kredit portfeli 51 milyon 459 min manat və ya 13 faiz çoxalıb. Qarabağda kreditlərin böyük hissəsi manatla verilib və həcm 455 milyon 627 min manat, orta faiz dərəcəsi isə 18,87 faiz olub. Bu da özəl sektorun bərpa və yenidənqurma işlərinin daha böyük sürətlə aparılmasında yaxından iştirakına əlverişli imkanlar yaradır. Prezident bu ərazilərə hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin icrasına start verilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən müsbət amil kimi dəyərləndirilir. Qarabağ və Şərqi Zəngəzurda, ümumilikdə, 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması planlaşdırılıb. Bunların 9-u şəhər, 91-i isə, əsasən, qəsəbə və kəndləri əhatə edir. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və planlaşdırma ilə bağlı işlərin 2024–2025-ci illərdə başa çatdırılması nəzərdə tutulur. Artıq bir çox şəhər və kəndlərdə inşaat işləri başlanılıb. Böyük Qayıdış proqramının birinci mərhələsi isə 2026-cı ilin sonunda başa çatdırılacaq. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması, yaşayış məskənlərinin salınması isə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına səbəb olur. Əhali məskunlaşması ilə yanaşı, bu ərazilərdə məşğulluğun təmin edilməsi də xüsusi diqqətdə saxlanılır. Bu da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni iş yerlərinin yaradılması prosesini sürətləndirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu, 2022-ci illə müqayisədə 25,7 faiz çoxdur. Sənaye müəssisələrinin 82,4 faizii və ya 117-si Qarabağ, 17,6 faizi və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb. Eyni zamanda hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 13,1 faiz artaraq 1218-ə çatıb. Fərdi sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 11,6 faiz artaraq 1070, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 faiz artaraq 148 olub. Komitənin məlumatına görə, ötən il işğaldan azad edilmiş ərazilərdə istehsal olunmuş sənaye məhsulunun dəyəri 298 milyon 679 min manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274 milyon 772 min manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 milyon 908 min manat təşkil edib. Bu da, 2022-ci illə müqayisədə müfaviq olaraq 48,6 faiz, 41,8 faiz və 3,4 dəfə çoxdur. Dövlət Statistika Komitəsi bildirib ki, bu ilin 1 iyul tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 4 978, fərdi sahibkarların sayı isə 91 881 təşkil edib. Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 791 mikro, 186 kiçik, 84 orta və 7 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 835 mikro, 50 kiçik, 20 kiçik və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 86 373, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 508 olub.
İqtisadçı Fuad İbrahimov "Sherg.az"a deyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərində kapital qoyuluşu ardıcıllıqla həyata keçirilməlidir. Ekspertin sözlərinə görə, hələlik işğaldan azad edilmiş torpaqların hamısının iqtisadi dövriyyəyə cəlb olunması prosesi tamamlanmayıb:
"Ərazilərdə təhlükəsizlik nöqteyi-nəzərindən bunu edə bilmirik. Maliyyə dayanıqlığımız kifayət qədərdir. Kifayət qədər də investor şirkətlər var ki, Azərbaycanda bu sahəyə kapital qoyuluşunu planlaşdırırlar. Niyə görə? Ona görə ki, bu gün Azərbaycan ən aktual tranzit bölgəsi qəbul olunur. Şimaldakı mövcud durum Şərq-Qərb arasında nəqliyyat xəttinin bağlanması ilə nəticələnib. Yaxın Şərqdəki vəziyyətdən dolayı Suveyş kanalının iflic vəziyyətə gətirilməsi Şərqlə Qərb arasında əsas, elastik və dayanıqlı istiqamətin güclənməsinə yol açdı. İnvestorlar Qarabağ və Şərqi Zəngəzurda öz varlığını ortaya qoymaqda maraqlıdır. Azərbaycan bu məsələlərdə çox diqqətlidir. Ölkə rəhbərliyinin də əsas siyasi baxışı ondan ibarətdir ki, 44 günlük müharibədə haqlı mövqeyimizi müdafiə edənlər, dost ölkələr bu imkanlardan yararlana biləcək".
F.İbrahimli vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri üçün ayrılmış 3-4 milyard manatın 8 milyarda çatdırılması nəzərdə tutulur:
"Ancaq bu iş ardıcıllıqla aparılır. İnfrastruktur işlərinə daha çox önəm verilir. Kommunkasiya, kanaliziyasiya, işıq, su, qaz xətlərinin çəkilməsi və s. proseslər həyata keçirilir. Düşünürəm ki, bu proseslərdən sonra Qarabağa daha artıq kapital qoyuluşunun, biznesin təmin edilməsinin şahidi olacağıq. 3-4 il ərzində proseslərin başa çatması mümkün deyil. Çünki sürətli şəkildə həmin torpaqları iqtisadi dövriyyəyə cəlb etməliyik. Qarabağ və Şərqi Zəngəzurun kifayət qədər təbii sərvəti, enerji resursları, münbit torpaqları var. Sularla zəngin ərazilər kənd təsərrüfatının inkişafı üçün çox vacibdir. İstehsal prosesində və inşaatda istifadə olunacaq mənbələr çoxdur".