Nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir.
Qurum bəyan edib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.
"Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.
Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır", - deyə müraciətdə qeyd olunub.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, fiziki şəxslər arasında nağdsız ödənişlərin bank kartları arasında ötürülməsi qadağan deyil:
“Bu nə fiziki, nə də ki, hüquqi şəxslər üçün qanunla qadağan edilməyib. Ancaq burada ticarət münasibətləri nəzərə alınır. Ölkədə əsas ticarət dövriyyəsinin müəyyən edilməsi, gəlir vergisinə cəlb edilmə və ümumilikdə vergi mexanizmlərini işlək hala gətirmək üçün belə bir sistem tətbiq ediləcək. Hər hansı bir sahibkar müştəri və satıcı tərəflər arasında anlaşma halında kartdan karta ödənişlərin həyata keçirilməsinin qarşısını almaq məqsədilə yüksək məbləğdə cərimələr tətbiq olunur. İlk növbədə məqsəd vergiyə cəlb etmə, vergi tutmadır. Nağdsız ödəmələrin post terminallarla həyata keçirilmədiyini bilmək üçün komeral vergi nəzarət mexanizmləri tətbiq edilə bilər. Yəni vergi müfəttişlərinin fiziki müşahidələri və reydləri əsasında müəyyən ediləcək. İlk növbədə cərimələri yüksək təyin etməklə sahibkarları, ticarət münasibətlərində iştirak edən tərəfləri nağdsız ödənişlərin həyata keçirilməsindən çəkindirmək məqsədi daşıyır. Atılan addımlar kifayət qədər uğurlu hesab edilə bilər. Lakin digər bir məqam var. Kiçik sahibkarların post terminallar vasitəsilə nağdsız ödənişlərin icra edilməsinə imkanları və maddi gücü çatmır. Çünki post terminal əldə etmək üçün bağlanan müqavilələr kifayət qədər ağırdır. Nağdsız ödənişlər sisteminə post terminal xidməti göstərməklə daxil olursunuzsa, həmin sistemdən 3 il müddətində imtina edə bilməzsiniz. Dövriyyəsindən asılı olmayaraq gəlir vergisi hər kəs üçün eyni tətbiq edilir. Hesab edirəm ki, kiçik sahibkarlar üçün bir sıra güzəştlər tətbiq edilməlidir. O zaman deyə bilərik ki, həmin vergilər ədalətlidir”.