"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Məlumata görə, 2024-cü ilin dekabrında çatdırılacaq fyuçerslər bir troya unsiyası üçün 2 783 dollardan yuxarı satılır.
Ekspertlər qiymətin daha da artacağını istisna etmirlər.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, hazırda qızılın qiymətinin qalxmasını şərtləndirən əsas faktor dünya iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlikdir:
"Orta və uzun müddətli dövr ərzində iqtisadiyyatın perspektivini proqnozlaşdırmaq çətin olduğu məqamlarda investrların daha çox etibar etdiyi istiqamət məhz, qızıldır. Bu isə qızıla olan təlabatı kəskin artırır. Nəticədə qiymətlər bahalaşır. Beləki dünya iqtisadiyyatı böhranlı məqamlarda və bundan öncə, investrların ən dayanıqlı istinad nöqtəsi qızıl olur. Fikrimcə, bu prosses davamlı olmayacaq. İqtisadi gələcəyə dair müəyyən mənzərə formalaşdıqdan sonra qızıla olan tələb azalacaq. Bu da qızılın qiymətinin qalxmasına maneə olacaq. Ancaq hazırkı dönəmdə qarşıdan gələn bir neçə ayda qızılın qiymətində bahalaşma davam edəcək. Qeyd edim ki, Azərbaycanda zərgərlik məmulatları əsasən xaricdən gətirilir. Bu səbəbdən dünya qızıl bazarında hər hansı artım müşahidə olunarsa, ölkəmizdə də yenidən qızıl bahalaşa bilər”.