Azərbaycanla Özbəkistan arasında liderlər səviyyəsində çox yaxşı qarşılıqlı anlaşma və əməkdaşlıq var.
Bunu APA-ya açıqlamasında Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov deyib.
“Bu isə bütün səviyyələrdə, yəni rəqəmsal nazirliklər səviyyəsində əməkdaşlıq üçün perspektivlər açır. Biz fikir mübadiləsi, qabaqcıl təcrübənin tətbiqi baxımından tam əməkdaşlıq edirik”, - nazir qeyd edib.
O bildirib ki, hər iki ölkə məlumat mərkəzlərini daha davamlı şəkildə işlətmək üçün “yaşıl enerji”dən istifadəni genişləndirməyi planlaşdırır: “Məsələn, Özbəkistanın Saudi Arabian Data Vault Company ilə əməkdaşlığı 500 megavatlıq məlumat mərkəzi qurulması üçün əhəmiyyətli bir addımdır. Bu səylər beynəlxalq şirkətlərə “yaşıl enerji” resurslarından istifadə etməyə imkan yaradır”.
Şerzod Şermatov əlavə edib ki, birgə işlə ölkələr iqlim böhranının təsirlərini önləmək üçün innovativ həllər tapa bilərlər: “Rəqəmsal təşəbbüslərin xalis sıfır vədlərinə töhfə verməsini təmin etmək çox vacibdir. Özbəkistan aşağı qiymətli, əlverişli və tamamilə yaşıl enerji həlləri üçün əlverişli imkanlar təklif edir”.