"Yaxın aylarda kripto bazarında daha böyük artımın olması da istisna deyil"
“Bitcoin" yeni tarixi rekorda imza atıb. "Binance" platformasının ticarət məlumatlarına əsasən, "Bitcoin"in qiyməti 93,856 dollara çataraq tarixi rekord müəyyən edib.
Hazırda bitkoin 1,75 trilyon dollarlıq bazar dəyəri ilə gümüşü geridə qoyaraq dünyanın 8-ci ən dəyərli sərvətinə çevrilib.
Ekspertlər isə son günlər sürətlə bahalaşan kriptovalyutanın yaxın zamanda 100,000 dollara çatacağı və artım tempini qoruyacağı barədə proqnozlarını davam etdirirlər.
Buna əsas kimi də ABŞ-də yeni seçilmiş Prezidenti Donald Trampın gələcək administrasiyasının kriptovalyuta qaydalarını yumşaldacağına dair vədlərini göstərirlər.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bitkoin bazarının kapitallaşması ilə bağlı bir neçə iri şirkət tərəfindən böyük yatırımlar edilib. Bu da bazarın aktivləşməsinə və qiymətlərin bahalaşmasına gətirib çıxarıb. Ekspert hesab edir ki, bu bahalaşma qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı investorlarda yaranan şübhələrdən də qaynaqlanan bir davranışın nəticəsidir: “Bitkoin hazırda iqtisadi əsaslara görə artmır. ABŞ-nin bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ajiotaj yaratdı, bu da bitkoinin qiymətinin qalxmasına səbəb oldu. Ancaq bu prosesin hansı mərhələyə kimi davam edəcəyini dəqiq proqnozlaşdırmaq olmur. Texniki analizlər bitkoinin qiymətinin hətta 100 min dollar həddini keçəcəyini də söyləməyə əsas yaradır”.
“Bitcoin”in bahalaşmasını “Sherg.az"a şərh edən iqtisadçı Xalid Kərimli isə deyib ki, ABŞ-də Donald Trampın qələbəsindən sonra kripto bazarında yüksəliş tendensiyası davam edir. Ekspert hesab edir ki, əsas kriptovalyutanın bahalaşması Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi və Respublikaçıların Amerikada yenidən hakimiyyətə gəlməsi ilə əlaqədardır:
“Tramp hələ seçki kampaniyası ərəfəsində, iyul ayında “Bitcoin” biznesinin liderləri ilə görüşərək kripto sənayesinə böyük dəstək verəcəyini, hətta ABŞ-ni “planetin kripto paytaxtı” edəcəyini vəd etmişdi. O, kriptovalyuta istehsal edənlərə qarşı cinayət təqibi və sıxışdırmaları aradan qaldıracağını, “Birja”nın “Bitcoin” əleyhinə olan rəhbərliyini kənarlaşdıracağını, eyni zamanda bitkoin sahəsində qanunvericiliyi təkmilləşdirəcəyini qeyd etmişdi.
Onun bu vədləri də kripto sahəsindəki investorların ümidlərini artırıb və bazarda coşqu yaradıb. Trampın komandası da eyni fikirdə olduğu üçün seçkilərdə Trampın qalib gəlməsindən sonra “Bitcoin”in qiyməti iki dəfədən çox bahalaşıb.
Sözsüz ki, yaxın aylarda kripto bazarında daha böyük artımın olması da istisna deyil. Lakin bahalaşmanın hansı mərhələyə kimi davam edəcəyini demək, bu sahədə konkret proqnoz vermək çətin məsələdir. Bu artıq falçılıq kimi bir şey olar”.