“Bizi burada sevmirlər” deyib İngiltərədən getmişdilər - Harri dönüşünün səbəbini açıqladı

2020-ci ildə həyat yoldaşı Meqan Markl və oğlu ilə birlikdə Britaniya kral ailəsindən ayrılaraq ABŞ-yə köçən şahzadə Harri İngiltərəyə qayıtmasının səbəbini açıqlayıb.

Sherg.az xəbər verir ki, Sasseks hersoqu övladlarının öz ölkəsində təhsil almasını istədiyini bildirib.

“GQ” jurnalına müsahibəsində 42 yaşlı Harri 7 yaşlı şahzadə Arçi və 5 yaşlı şahzadə Lilibetin Britaniya məktəbində oxumasının onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib.

“Uşaqlarımı Britaniya məktəbinə göndərə bilmək mənim üçün çox mənalıdır. Bunun mənim üçün nə qədər vacib olduğunu əvvəllər anlamamışdım”, - deyə o bildirib.

Harri övladlarının yeni məktəblərini çox bəyəndiklərini və fərqli təcrübə qazandıqlarını qeyd edib. O, bu qərarının Amerika məktəblərini tənqid etmək məqsədi daşımadığını vurğulayaraq, uşaqların iki fərqli mədəniyyətlə tanış olmasının vacibliyini diqqətə çatdırıb.

Şahzadə daha əvvəl də ailəsinə yaxın olmaq və Britaniyada daha uzun müddət qalmaq istədiyini bildirmişdi. O, dostları, ailə üzvləri və onların uşaqları ilə daha çox vaxt keçirməyin xoş olduğunu deyib.

Qeyd edək ki, Harri, Meqan Markl və övladları ölkəni tərk etdikdən təxminən altı il yarım sonra, avqust ayında Böyük Britaniyaya qayıdıblar. Bununla belə, Harrinin atası, kral III Çarlz və qardaşı şahzadə Uilyamla münasibətlərindəki soyuqluğun davam etdiyi bildirilir. Harri xərçənglə mübarizə aparan atasına daha yaxın olmaq istədiyini də ifadə edib.