İqtisadçı: Saxladığı heyvanı kim nə vaxt, hansı çəkidə kəsir, şəxsi işidir

Məhdudiyyətlərə ehtiyac varsa, bunu müzakirə edib, qanuniləşdirsinlər

“Bunlar hamısı bəhanədir. Elə vəziyyət yaranmalıdır ki, vətəndaşa qoyun sürüsü saxlamaq sərfəli olsun. İdxal azad olmalıdır ki, ölkəyə müxtəlif istiqamətlərdən ət idxal edilsin, bazarda bolluq yaransın, qiymət ucuzlaşsın”


Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur. Bunu Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Milli Məclisin dünən keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib. “Son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu, düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”, - deyə deputat bildirib.

İqtisadçı Pərviz Heydərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, deputatın səsləndirdiyi iradların hansı mənbəyə əsaslandığı bilinmir. Heyvandarlığın inkişafı ilə bağlı bir sıra addımlar atılır. Hökumət xaricdən ət idxalını azaltmaq, yerli heyvandarlığı inkişaf etdirmək üçün addımlar atmaq məcburiyyətindədir. Lakin quzu və dana ətinin qiymətinin artmasında problem yalnız çəkisi az olan heyvanların kəsimi deyil: 
- Hər nə qədər addımlar atılsa da, heyvandarlıqda vəziyyət qənaətbəxş sayılmr. Örüş yerlərinin azalması, yemin baha olması səbəbindən ev təsərrüfatlarında, fərdi təsərrüfatlarda heyvandarlıqla məşğul olmaq ənənəsi böyük ölçüdə aradan qalxıb. Ətin qiymətinin baha olmasına, heyvandarlıqda inkişafa nail olunmamasına bu amillər təsir edir. Deputatın dediyində də həqiqət var ki, çəkisi az olan heyvanların satışa çıxarılması heyvandarlığa mənfi təsir göstərir. Amma çəkisi az heyvanlar niyə kəsilərək bazara çıxarılır, bunun səbəbini araşdırmaq lazımdır. Əgər bunu iri fermer təsərrüfatları edirsə, bu, hansı səbəbdən irəli gəlir, araşdırılmalıdır. Yox əgər fərdi təsərrüfatlardırsa, bunun səbəbi dolanışıq, maddi çətinlik olacaq. Bütövlükdə ətin  qiymətinin qalxmasına səbəb təkcə çəkisi az heyvanların kəsilməsi deyil. 

İqtisadçı Xalid Kərimli də “Sherg.az"a açıqlamasında qeyd etdi ki, çəkisi az heyvanların kəsilməsinin heyvandarlığa ziyan vurduğuna dair əsaslı dəlillər varsa və Kənd Təsərrüfatı Nazirliyi hesab edirsə ki, heyvanlar müəyyən yaş həddində kəsilməlidir, Nazirlər Kabineti qarşısında təşəbbüslə çıxış etsinlər, Milli Məclisdə əyləşən deputatlar da qanun qəbul etsinlər. İndiki halda isə kimsə təsərrüfat sahibinə gəlib deyə bilməz ki, filan çəkidə, filan yaşda olan heyvanı kəs, yaxud kəsmə: 
- Bu məsələyə qanuni şəkildə məhdudiyyət olmadıqca kim nə kəsir, necə kəsir, müzakirə etməyin mənası yoxdur. Quzu, dana ətinin qiyməti bahalaşır, çünki tələbat artır, tələbat artdıqca qiymətlər də artır. Qiymət o həddə qədər bahalaşacaq ki, əhali quzu ətindən imtina edəcək. Və həmçinin sərbəst bazar münasibətləri fonunda ölkəyə ət idxalı artacaq. İdxal artarsa, bolluq yaranacaq. Ətin qiyməti bazarda formalaşır. Satıcıya deyə bilmərik, heyvanı bu yaşda, bu çəkidə olanda kəs. Tutalım, qanun qəbul olundu, ona necə nəzarət edəcəklər? Bu, absurd məsələdir, əsassızdır. Birinin qoyunu balaladı, balaya görə şəhadətnamə almalıdır? Yoxsa qapı-qapı gəzib kimin nə qədər, hansı yaş həddində, hansı çəkidə ətlik heyvanı var, yoxlayacaqlar, qeydiyyat aparacaqlar? Bunlar hamısı bəhanədir. Elə vəziyyət yaranmalıdır ki, vətəndaşa qoyun sürüsü saxlamaq sərfəli olsun. İdxal azad olmalıdır ki, ölkəyə müxtəlif istiqamətlərdən ət idxal edilsin, bazarda bolluq yaransın, qiymət ucuzlaşsın. Məhdudiyyətlərə ehtiyac varsa, bunu müzakirə edib, qanuniləşdirsinlər. Qanun yoxdursa, saxladığı heyvanı kim nə vaxt, hansı çəkidə kəsir, şəxsi işidir.