Pekin Azərbaycanı iqtisadi cəhətdən özünə ən əlverişli ölkə və ərazi kimi qəbul edir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 


Çin investisiyaları Azərbaycana yönəldəcək

 Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib. Dövlət başçısı Lü Tzyançaonun səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini deyib. Ölkə rəhbəri vurğulayıb ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib. Azərbaycan Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığın regionda təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi işinə xidmət etdiyini vurğulayıb. Lü Tzyançao dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu deyərək, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıb. Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq Bakıda şahidi olduğu inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, Orta Dəhliz və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 
Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfrans keçirilib. Konfransın moderatoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə Azərbaycanla Çin arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Çin Xalq Respublikasının qlobal güc mərkəzlərindən biri olduğunu deyən P.Kərimzadə Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti kimi müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini diqqətə çatdırıb. O qeyd edib ki,  Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. P.Kərimzadənin fikrincə, bu konfrans iki ölkə arasında mövcud əlaqələr və perspektiv əməkdaşlığa dair fikir mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə edib, dəvəti qəbul edərək ölkəmizə səfərə gəlmiş Çin Kommunist Partiyasının nümayəndə heyətinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov qeyd edib ki, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır. YAP Sədrinin müavini vurğulayıb ki, dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. Onun sözlərinə görə, öz ərazi bütövlüyü və suverenliyini tam təmin edərək yeni geostrateji reallıqlar yaradan Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək müstəqil dövlətlərin, o cümlədən dost və tərəfdaş Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə birmənalı dəstəyini daim ifadə etməkdədir. 
Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao Yeni Azərbaycan Partiyasının dəvəti ilə Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. O, xalqlarımızın mədəniyyətinin bir-birinə yaxın olduğunu vurğulayaraq bildirib ki, Çin xalqı Azərbaycan xalqının mədəni irsi ilə tanışdır. Lü Tzyançao vurğulayıb ki, Çin və Azərbaycan strateji tərəfdaşlardır və  qarşılıqlı faydalı əməkdaşlıq edirlər: “Azərbaycan və Çin xalqları arasında dostluğun qədim tarixi var. Bu tarixi dostluq bizim müasir dövrdəki münasibətlərimizə də böyük təsir göstərir. Ötən il iki dövlətin liderlərinin Çin-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını elan etməsi də bunun göstəricisidir. Bu, ikitərəfli münasibətlərimizin inkişafının mühüm mərhələsidir və biz qarşılıqlı etimad əsasında bir-birimizi dəstəkləyirik. Hazırda Çin dövlət quruculuğu istiqamətində fəaliyyətini genişləndirməkdədir. Eyni zamanda, biz bilirik ki, Azərbaycan tərəfi də uğurlu inkişaf strategiyası həyata keçirir. Bu inkişaf yolu milli maraqlarımıza əsaslanır və kənar müdaxilələrə qarşı yönəlib. Biz müasirləşməyə yol açaraq qarşılıqlı tərəqqini təmin etməyə çalışırıq. Azərbaycan və Çin arasında iqtisadi əlaqələr bir-birini tamamlayır və davamlı nailiyyətlərə töhfə verir”.
Qeyd edək ki, 26-28 mart 2025-ci il tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub. Tərəflər arasında məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub. Müzakirələr çərçivəsində, 3 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında keçirilmiş görüş zamanı qəbul olunmuş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin tarixi əhəmiyyəti qeyd olunub. Bu mühüm siyasi sənədin iki dövlət arasında strateji xarakterli əməkdaşlığın möhkəmləndirilməsi baxımından geniş üfüqlər açdığı vurğulanıb. Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi və mövcud maneələr, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib. Görüşdə tərəflər, həmçinin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

İqtisadçı Fuad İbrahimli "Sherg.az"a deyib ki, Çinlə əməkdaşlığımızın perspektivindən danışarkən nəzərə almaq lazımdır ki, Azərbaycan regionda kifayət qədər Asiyadan Avropayadək bütün ölkələr üçün maraqlı partnyora çevrilib. Ekspert vurğulayıb ki, gedən proseslər göz qabağındadır: 
"İllər öncə mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən başladılan "İpək Yolu" layihəsi, "Traseka" layihəsinin genişlənməsi və formalaşması, "Bir kəmər, bir yol" layihəsinə dəstək verilməsi, Azərbaycanın irəli sürdüyü, maliyyələşdirdiyi və icra mexanizmi ilə hərəkətə gətirdiyi layihələr Çin dövlətinin maraqlarına tam cavab verir. Hətta Çinin iqtisadi modelinin hərəkətə gətirilməsinə imkan yaradır. Çinlə Avropanın 2023-cü ildəki ticarət dövriyyəsi 750 milyard dollardan çox olub. Bu rəqəm pandemiyadan öncəki dövrdə 545 milyard dollara yaxın idi. Postpandemiya dövründə artım 50 faizə yaxınlaşır. Biz ticarət dövriyyəsi dedikdə, söhbət A nöqtəsindən B nöqtəsinə daşınacaq əmtəədən gedir. Nəzərə alaq ki, dünya iqtisadiyyatında əsas əmtəə bazası Çindir. Türkiyə, Qərb, yaxud Şimali Afrika istiqamətində ən elastik və müddət baxımından tez başa gələcək dəhlizlər Azərbaycan üzərindən keçir. Rusiya-Ukrayna müharibəsinə görə, Çinin Rusiya üzərindən Avropaya yolu bağlıdır. Suveyş kanalı da müddət baxımından tamamilə əlverişsiz hesab olunur. Yüklər 2 aydan tez gedəcəyi yerə çatmır. Üstəlik, Yaxın Şərqdəki vəziyyət ticarətə təhlükə yaradır. O baxımdan Azərbaycan üzərindən keçən tranzit yollar ən əlverişli martşrutdur. Çin və Azərbaycan arasındakı qarşılıqlı strateji tərəfdaşlıq səviyyəsi artacaq. Çin Azərbaycanı iqtisadi cəhətdən özünə ən əlverişli ölkə və ərazi kimi qəbul edir. Eyni zamanda Çin çoxsaylı investisiyanın Azərbaycana yönəldilməsində də maraqlıdır".