Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri

  TRİPP-in həyata keçirilməsi Orta Dəhlizin imkanlarını, ilk növbədə, marşrutların şaxələndirilməsi və alternativ bağlantıların yaradılması baxımından genişləndirə bilər. TRİPP layihəsi Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən multimodal bağlantı layihəsi kimi formalaşdırılır. Layihə çərçivəsində dəmir yolu, avtomobil yolu, elektrik enerjisi, fiber-optik və potensial olaraq neft-qaz infrastrukturlarının yaradılması nəzərdə tutulur.

Sherg.az Azərtac-a istinadənxəbər verir ki, bunu ABŞ-də fəaliyyət göstərən enerji strateqi, Corc Mason Universitetinin tədqiqatçısı Umud Şokri deyib.

O bildirib ki, TRİPP-in Orta Dəhliz üçün əsas əhəmiyyəti mövcud Azərbaycan–Gürcüstan–Türkiyə marşrutuna əlavə cənub istiqamətinin yaradılmasıdır. Azərbaycanın Ermənistan sərhədinə doğru dəmir yolu infrastrukturunu inkişaf etdirməsi, Naxçıvanda dəmir yolu xəttinin yenidən qurulması, Türkiyənin isə Qars–İğdır–Dilucu bağlantısı üzərində iş aparması bu baxımdan bir-birini tamamlayan proseslərdir.

“Azərbaycan bu dəhlizlə əlaqəli dəmir yolu infrastrukturunun tamamlandıqdan sonra illik təxminən 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağını proqnozlaşdırır. Lakin bu rəqəmi mövcud yük dövriyyəsi kimi deyil, gələcək üçün nəzərdə tutulan layihə gücü kimi qiymətləndirmək lazımdır. TRİPP marşrutlardan birində hər hansı fasilə yarandıqda alternativ istiqamət təqdim edə bilər. Lakin bunun real iqtisadi üstünlüyə çevrilməsi üçün gömrük prosedurlarının uyğunlaşdırılması, rəqabətqabiliyyətli tariflər, proqnozlaşdırılan sərhəd keçidləri və layihənin Transxəzər nəqliyyat şəbəkəsinin digər elementləri ilə inteqrasiyası vacibdir”, - deyə ekspert bildirib.

Naxçıvanın bu prosesdən əldə edə biləcəyi imkanlara diqqət çəkən U.Şokri deyib:

“Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının yaradılması Naxçıvanın uzun illər davam edən coğrafi təcridini əhəmiyyətli dərəcədə azaldacaq və muxtar respublikanın Xəzər hövzəsi ilə Türkiyə arasında Şərq–Qərb ticarətinin mühüm kəsişmə nöqtələrindən birinə çevrilməsinə şərait yarada bilər. Bu, Naxçıvanda logistika terminallarının, anbarların, emal müəssisələrinin, yüklərin çeşidlənməsi və gömrük xidmətlərinin, gələcəkdə isə ixracyönümlü istehsal sahələrinin inkişafına imkan yarada bilər. Azərbaycan və Türkiyə ilə bağlantıların yaxşılaşması yerli istehsalçıların nəqliyyat xərclərini azalda və onların Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və potensial olaraq Avropa bazarlarına çıxışını asanlaşdıra bilər. Əgər qatarlar və yük avtomobilləri yalnız Naxçıvandan keçib gedəcəksə, iqtisadi fayda məhdud olacaq. Daha böyük imkan isə logistika mərkəzlərinin, gömrük anbarlarının, aqrar-emal müəssisələrinin, qablaşdırma və yığma istehsal sahələrinin, sənaye zonalarının və yükdaşıma ilə bağlı xidmətlərin yaradılmasındadır”.

ABŞ ekspertinin sözlərinə görə, burada dəhlizlə qovşaq arasındakı fərq xüsusilə vacibdir:

“Dəhliz malları bir ərazidən digərinə daşıyır, qovşaq isə şirkətləri həmin ərazidə qalmağa, malları saxlamağa, emal etməyə, maliyyələşdirməyə, yenidən bölüşdürməyə və əlavə dəyər yaratmağa cəlb edir. Naxçıvanın bu keçidi edə bilməsi coğrafiyadan daha çox investisiya mühiti, gömrük prosedurlarının səmərəliliyi, infrastrukturun keyfiyyəti, maliyyə resurslarına çıxış və özəl sektorun fəallığından asılı olacaq. 2026-cı ilin ortalarına Azərbaycan cənub-qərb sərhədinə doğru infrastrukturun inkişafını davam etdirir, TRİPP-in 43 kilometrlik hissəsinin tikintisinə isə payız aylarında başlanmasının nəzərdə tutulduğu barədə məlumatlar var. Bu o deməkdir ki, TRIPP artıq yalnız siyasi ritorika səviyyəsində deyil, praktiki icra mərhələsinə keçən layihədir. Bununla belə, onu hazırda tam fəaliyyət göstərən nəqliyyat dəhlizi kimi təqdim etmək düzgün olmaz. Qarşıda hələ mühüm infrastruktur, koordinasiya və institusional məsələlər var”.

Enerji məsələsinə toxunan tədqiqatçı bildirib ki, gələcəkdə enerji bağlantıları yükdaşımalar qədər, hətta bəzi hallarda daha böyük strateji əhəmiyyət daşıya bilər. Azərbaycan və Türkiyə arasında Naxçıvan-Türkiyə elektrik enerjisi bağlantısının yaradılması istiqamətində müzakirələr aparılır. İlkin mərhələdə Naxçıvandan Türkiyəyə təxminən 1 giqavat həcmində elektrik enerjisinin ötürülməsi imkanından danışılır. Azərbaycan rəsmiləri gələcəkdə bu infrastruktur vasitəsilə yalnız Azərbaycandan deyil, Mərkəzi Asiyadan əldə olunan elektrik enerjisinin də Türkiyə və Avropa bazarlarına çatdırılması perspektivini gündəmə gətiriblər. Bu layihə gələcəkdə Naxçıvanı yalnız yük və sərnişin daşımalarının keçdiyi məkan deyil, həm də enerji bağlantılarının mühüm elementlərindən birinə çevirə bilər. Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Türkiyəyə və daha sonra Avropa bazarlarına çıxarılması istiqamətində yeni imkanlar yarana bilər. Naxçıvanın gələcək iqtisadi rolunu yalnız bir nəqliyyat layihəsi ilə məhdudlaşdırmaq düzgün olmaz. Nəqliyyat, logistika, istehsal və enerji infrastrukturlarının bir-birini tamamlaması Naxçıvanın regional iqtisadi sistemdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Əsl imkan ondan ibarətdir ki, Naxçıvan bir istiqamətdən digərinə keçən yüklərin, sadəcə, dayanacağı məkan yox, həmin yüklərin ətrafında iqtisadi fəaliyyətin yarandığı bir mərkəzə çevrilsin. Bunun üçün isə dövlət siyasəti ilə yanaşı, özəl investisiyalar, səmərəli gömrük sistemi, rəqəmsallaşma və regional əməkdaşlıq paralel şəkildə inkişaf etməlidir. TRİPP-in Orta Dəhlizlə əlaqələndirilməsi Azərbaycanın Avrasiya nəqliyyat sistemində rolunun daha da güclənməsinə, Naxçıvanın isə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında yeni iqtisadi bağlantıların formalaşmasında daha fəal mövqe tutmasına imkan yarada bilər.