- "Bank kartlarından bu qədər pul oğurluğu olan dövrdə vətəndaşı özünü qorumaq imkanından məhrum etmək olmaz"
Bankların vətəndaşa 1-dən artıq debet kartı satmayacaqları qərarı bank kartları ilə bağlı növbəti ajiotaja səbəb olub. Yeni qaydaa əsasən Azərbaycanda vətəndaşlara eyni bank daxilində eyni valyutada və eyni kateqoriyada birdən artıq debet kartının satılmasına məhdudiyyət qoyulur.
Azərbaycan Banklar Assosiasiyasının və bank bazarı mənbələrinin məlumatına görə, bəzi banklar bu qaydanı artıq tətbiq edir, digərləri isə 1 oktyabr 2026-cı il tarixindən etibarən tam qüvvəyə mindirəcək. Bununla da vətəndaşın bir bankda aktiv AZN – manat valyutalı debet kartı varsa, həmin bankdan eyni növ ikinci manat kartını sifariş edə bilməyəcək. Eyni bankdan fərqli valyutalarda, məsələn, dollar və ya avro ilə ikinci bir debet kartı almaq mümkündür. 
İqtisadçı Əkrəm Həsənov kart almaqla bağlı məhdudiyyətləri bank sektorundakı özbaşınalıq hesab edir. İqtisadçı Sherg.az-a açıqlamasında qeyd edib ki, vətəndaşa bir bankda eyni valyutada yalnız bir debet kartına malik olmağa icazə verilməsi absurd bir qərardır:
- Bu qərarı kim qəbul edib? Deyilənə görə banklar. Yəni, guya işi-gücü olmayan və bir-birinə rəqib olan banklar görüşüb yekdil belə qərara gəliblər ki yaman çox kart satırıq, gəlin özümüzü məhdudlaşdıraq, az sataq və az qazanaq?!. Bu, absurd görünür. Və məntiqsizdir. Məlum məsələdir ki, qərarı banklar deyil, hökumət qəbul edir. Ortada qalansa bankla vətəndaşdır. Bank qazancından olur, vətəndaş isə normal bank xidmətindən. Məsələn, bir bankda eyni valyutada azı iki debet kartına malik olmağın tam məntiqi əsası var. Bir kartda pul saxlayırsan, digəri ilə isə ödənişlər edirsən. Yəni lazım olduqca birinci kartdan ikinci karta pul atıb ödənişlərini edirsən. Bununla da dələduzlardan pulunu qoruyursan. Pulunu saxladığın kartının nömrəsi və s. heç yerdə görünmür. Ödənişlər üçün istifadə etdiyin kartda isə heç vaxt pul olmur. Bank kartlarından bu qədər pul oğurluğu olan dövrdə vətəndaşı özünü qorumaq imkanından məhrum etmək olmaz.