Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Bu gün dünyada hökm sürən iqtisadi parçalanmalar fonunda Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna maraq artıb. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forum müxtəlif ölkələrin investorlarını və biznes dairələrini bir araya gətirməklə yanaşı Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinin prioritetlərinin təqdimatı baxımından da mühüm əhəmiyyət kəsb edir. 

Milli Məclisin deputatı Nigar Məmmədova Sherg.az-a açıqlamasında bildirib ki, Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması Azərbaycanın investisiya gündəliyinin yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını göstərir:

"Bakı Forumunun miqyası kifayət qədər genişdir. Forumda dünyanın aparıcı investisiya qurumları və institusional investorları təmsil olunur. Söhbət təxminən 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərdən gedir. Bu, Azərbaycanın beynəlxalq kapital üçün yaratdığı imkanların geniş auditoriyaya təqdim edilməsi baxımından əhəmiyyətli göstəricidir. İnvestisiya qərarlarına gəlincə, təcrübə də göstərir ki, siyasi və iqtisadi sabitlik, hüquqi təminatlar, infrastruktur, enerji təminatı, logistika, rəqəmsal imkanlar və uzunmüddətli tərəfdaşlıq perspektivi investor üçün əsas şərtdir. Elə Prezident İlham Əliyev də Forumda Azərbaycanda investorlar üçün mühüm olan məqamlardan danışarkən məhz transmilli maraqlara xidmət edən infrastrukturun vacibliyinə diqqət çəkdi. Eyni zamanda rəqəmsallaşmanın və gömrük prosedurlarının müasir tələblərə uyğunlaşdırılmasının əhəmiyyətini vurğuladı, qeyd etdi ki, yükdaşımaların emal prosedurları sadələşdirilmədiyi halda yalnız fiziki infrastrukturun qurulması kifayət etmir. Bu, onu deməyə əsas verir ki, artıq söhbət yolların, limanların və enerji obyektlərinin həm də rəqəmsal və institusional imkanlarla tamamlanmasından gedir".

N. Məmmədova qeyd edib ki, Forumda həmçinin enerji təhlükəsizliyinə də xüsusi diqqət çəkilib:

"Azərbaycan bir daha çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyini bəyan etdi. Azərbaycan uzun illər neft və qaz ixracatçısı kimi tanınıb. İndi isə məqsəd enerji ixracının strukturunu genişləndirmək, elektrik enerjisini də regional və Avropa bazarlarına çıxarılan məhsullardan birinə çevirməkdir. Azərbaycanın investisiya mühitinin formalaşmasında enerji sektorunda imzalanmış uzunmüddətli müqavilələrin xüsusi rolu olub. Prezident İlham Əliyev Forumda bu məsələyə toxunaraq bildirdi ki, “30 il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır. Onun bir sözü də, bir vergülü də dəyişməyib və bu da investorları cəlb etmək üçün çox önəmli bir amildir.” Bu isə Azərbaycan etibarlı, sözü imzası qədər vacib olan tərəfdaş olduğunu təsdiqləyir. Forumun diqqət çəkən istiqamətlərindən biri də Azərbaycanın yaşıl enerji potensialının investisiya imkanları ilə əlaqələndirilməsidir. Bərpaolunan enerjinin genişləndirilməsi Azərbaycanın enerji təhlükəsizliyi, ixrac imkanları, yeni sənaye sahələrinin formalaşması və xarici investisiyaların cəlb edilməsi ilə birbaşa bağlıdır.

Azərbaycanın qarşısında qoyduğu hədəf isə 2030-cu ilə qədər günəş və külək enerjisi üzrə 6 qiqavat gücün yaradılmasıdır. Dövlət başçımız bu prosesin enerji sahəsində ciddi dəyişiklik yaradacağını da vurğuladı. Hazırda isə bu istiqamətdə əsas məsələ yeni generasiya güclərinin enerji sisteminə inteqrasiyası üçün ötürücü şəbəkənin imkanlarının genişləndirilməsidir. Bu da öz növbəsində daxili enerji balansının dəyişməsinə zəmin yaradır. Belə ki, günəş, külək və su enerjisinin payının artması elektrik istehsalında təbii qazdan istifadənin azalmasına imkan yaradır. Həmçinin qənaət edilən qazın ixrac üçün yönləndirilməsi mümkün olar. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bərpaolunan enerjinin inkişafı daxili istehlakda təbii qaza qənaət etməklə həmin resursun xarici bazarlara çıxarılması imkanlarını artıra bilər. Beləliklə, yeni investisiya bazarı formalaşır. Günəş və külək elektrik stansiyaları ilə yanaşı, enerji saxlama sistemləri, elektrik şəbəkələri, avadanlıq istehsalı, rəqəmsal enerji idarəetməsi və yaşıl sənaye layihələri üçün yeni imkanlar yaranır. Azərbaycanın enerji ixracının coğrafiyası və məhsul strukturu genişlənir. Bu, gələcəkdə elektrik enerjisinin regional və Avropa bazarlarına çıxarılması ilə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir".

Deputatın sözlərinə görə, Azərbaycanın bərpaolunan enerji strategiyasında Xəzər dənizi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur da xüsusi potensiala malikdir:

"Bu ərazilərdə yaşıl enerji layihələrinin inkişafı enerji istehsalı ilə yeni yaşayış məntəqələrinin qurulması, sənaye zonalarının yaradılması, kənd təsərrüfatının inkişafı və regional iqtisadi fəallığın artırılmasını da təmin edir. Hesab edirəm ki, İkinci Beynəlxalq İnvestisiya Forumu yaxın perspektivdə uğurlu nəticələr verəcək".