Sanksiyalar bütün maliyyə sistemini çökdürüb

Rusiya iqtisadiyyatının üçdə birini itirə bilər
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyaya qarşı belə iqtisadi müharibə olmamışdı, görünməmiş vəziyyətdir: "Hazırda proqnozlar vermək deyil, tədbirlər görmək lazımdır. İndiki zamanda Rusiya iqtisadiyyatına kifayət qədər şokedici xarici təsir var. Amma bu vəziyyət sabitləşəcək. Hakimiyyət bunun üçün bütün önləyici işləri görür".
Rusiyanın Ukraynaya qarşı müharibəsinin cəmi ikinci həftəsində dolların satışı bəzi banklarda 300 rubla qədər yüksəlib. Sosial şəbəkələrdə bu faktı əks etdirən bank monitorinqinin məlumatları paylaşılıb. Qara bazarda isə bir dolların hətta 400 rubla çatdığı iddia edilir.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı yaxın 6 ay ərzində banklara əhaliyə valyuta satmağı qadağan edib.
İqtisadçı-ekspert Ruslan Atakişiyev "Şərq"ə açıqlamasında qeyd edib ki, sanksiyaların həyata keçirilməsində məqsəd Rusiyanın diqqətini özünün sosial-iqtisadi problemlərinə yönəltməkdir:
"İstənilən bir ölkə müharibə zamanı itirəcəkləri və qazanacaqlarını göz önünə alıb, addım atır. Təkcə Rusiya yox, başqa dövlətlər də iqtisadi problemlərdən çıxış yolları tapa bilir. Bu, ölkənin, iqtisadçıların operativ qərar verməsindən asılıdır. Qərbin niyyəti iqtisadi narahatlıq yaratmaqdır. Amma iqtisadiyyatın tamamilə məhv olacağını hər hansı ölkə üçün demək mümkün olmaz. Alternativlər mövcuddur, genişdir".
İqtisadçı Xalid Kərimli isə vurğulayıb ki, tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatı üçün analoqsuzdur:
"Demək olar ki, maliyyə sistemi iflic olunub. Mərkəzi bankın, aparıcı bankların rezervləri, valyuta hesabları dondurulub. Rusiya vətəndaşları ödənişlər üçün öz bank kartlarından istifadə edə bilmirlər. Visa və MasterCard kartları bloklanıb. Rusiyanın əmtəə ixracına mane olmasa da, ciddi şəkildə valyuta çıxışı dayandırılıb. Sanksiyalar da davam edir. Qiymətləndirmələrə görə, cəza tədbirləri ümumi Rusiya iqtisadiyyatının üçdə birinin itirilməsinə səbəb ola bilər. Hətta bu il üçün müharibədən əvvəl rəsmi Moskvada iqtisadi artım gözlənilirdi. Əksinə olub, beynəlxalq təşkilatlar 7-10 faizlik geriləmə proqnozlaşdırıb. Ölkədəki məhdudlar Rusiya iqtisadiyyatının təcrid edilməsi ilə nəticələnəcək. Təbii ki, Rusiya bir sıra ölkələrlə əlaqələr saxlayacaq. Eyni zamanda da Rusiyanın nəzərdə tutulan ciddi inkişafına mane olacaq. Şimal qonşumuzun inkişafı sanksiyaların davam edəcəyi müddətdən asılıdır. İllərlə sürsə, ölkə həm texnoloji inkişafdan qalacaq, həm də dövlətin maliyyə baxımdan çətinlik çəkdiyinin şahidi olacağıq".
İqtisadçı bunu da əlavə edib ki, Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının cəmi 1,7 faizini təşkil edir: "Amma rəsmi Moskvaya qarşı birləşmiş dövlətlər dünya iqtisadiyyatının 50 faizə qədərini  təşkil edir. Amerika və müttəfiqləri bu prosesdə Rusiyaya qarşı səylərini qəti surətdə birləşdiriblər. Lakin bütün bu cəza tədbirləri Rusiya iqtisadiyyyatını geri aparsa da, tam olaraq çökdürə bilməyəcək. Çünki şimal qonşumuzun strateji əmtəə satışları var. Beləliklə, Rusiya bu kanallardan istifadə edərək cari ehtiyaclarını ödəyə biləcək".