“Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim siqareti həkimin dediyi bir cümlədən sonra necə tərgitdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Terim “YouTube”dakı “Terim təcrübəsi” proqramında illərlə çəkdiyi siqaretdən necə imtina etdiyini danışıb.
Terim bildirib ki, 2008-ci ildə Avropa çempionatında üçüncü yerdən qayıtdıqdan sonra qripə bənzər xəstəlik keçirib və müayinə üçün Bakırköydə növbətçi həkimə müraciət edib.
“Həkim kürəyimi dinləmək üçün köynəyimi çıxarmağımı istədi. Bu zaman cibimdən siqaret, alışqan və qayçı yerə düşdü. Mən onları yerdən yığarkən həkim xanım mənə dedi:
"Müəllim, bir ölkənin öhdəsindən gələcək iradəniz var, bunun öhdəsindən gələ bilmirsiniz?" Mən hələ yerdən qalxmamış əlimdəkilərin hamısını masanın üzərinə qoydum və "Yaxşı, həkim, mən də burada tərgidəcəyəm" dedim”.
Terim həmin gündən sonra bir daha siqaret çəkmədiyini deyib:
“Aradan 18-19 il keçib. Bilsəydim, heç başlamazdım. Bir dənəsini belə ağzıma qoymadım. Həqiqətən, dünyanın ən pis şeyidir”.
“Bundan daha zərərli bir şey yoxdur”
Terim siqareti tərgitdikdən sonra yeməyin və qoxuların dadını daha yaxşı hiss etdiyini, yuxusunun da düzəldiyini bildirib.
“Artıq yeməyin dadını alıram, qoxunu möhtəşəm hiss edirəm. Yuxunun nə olduğunu anlayıram. Biz heç yaşamamışıq. Bundan daha zərərli bir şey yoxdur. Həkim xanım haqlı idi. Siqaretmi bizi əsir edəcək? Sağlamlığa zərərlidir, dərhal atın getsin”, - deyə o bildirib.