Türkiyənin Tunceli vilayətinin Nazımiye rayonunun Güzəlyazı kəndində yaşayan Hıdır Bulut yüksək maaşlı işini Moskvada qoyaraq ailəsi ilə doğma kəndinə qayıdıb. Təbii məhsullar yetişdirmək istəyən Bulutun həyatı illərdir anbarda qalan və böyük hissəsi həşəratlar tərəfindən məhv edilən qarğıdalı toxumlarını tapması ilə dəyişib.
Sherg.az xəbər verir ki, anbarda qalan toxumlardan cəmi 37-si cücərib. Bulut həmin 37 kökdən toxumları illər ərzində çoxaldaraq bu gün qarğıdalı, təbii bal və digər məhsulların istehsalında istifadə edir.
Moskvadakı işi qoyub kəndə qayıtdı
1984-cü ildə Tuncelinin Nazımiye rayonunda doğulan Bulut bir müddət Moskvada xəritə koordinatoru kimi çalışıb. O, burada qazandığı pulun əhəmiyyətli hissəsini bir gün doğma kəndinə qayıtmaq üçün topladığını deyib.
Bulut bildirib ki, təmiz qida və sağlam həyat tərzinə marağı onu kəndə qayıtmağa sövq edib. O, həyat yoldaşı və iki qızı ilə birlikdə kəndə köçərək burada təbii məhsullar istehsal etməyə başlayıb.
Anbarda milyonlarla toxum vardı

Bulutun sözlərinə görə, kənddə vəfat etmiş yaşlı qohumlarından birinin evinin anbarında illərdir saxlanılan qarğıdalı toxumları aşkar edilib. Toxumların böyük hissəsini həşəratlar məhv etsə də, anbarda təxminən 7 kisə, yəni 10 milyondan çox toxum olduğu ehtimal edilib.
“Bu toxumları toyuqlara vermək əvəzinə torpağa səpdik. Üzərinə torpaq töküb suladıq. Həmin toxumlardan 37-si cücərdi. Zamanla onları çoxaldaraq bu günə gətirdik. Bütün bu əkinçiliyi bəlkə də 100 illik olan həmin toxumlara borcluyam”, - deyə Bulut bildirib.
“Bəlkə də əcdadlarımız Anadoluya gətirib”
Bulut toxumların dəqiq yaşının müəyyən edilmədiyini və onların 100 illik olduğuna dair fikrin ehtimal xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, insanların köç zamanı qiymətli hesab etdikləri toxumları özləri ilə aparması mümkündür.

“Bəlkə də əcdadlarımız 1300-cü illərdə Orta Asiyadan buraya köçərkən bu toxumları Anadoluya gətiriblər. Bunu tam dəqiq demək doğru olmaz, amma belə olmadığını da söyləyə bilmərik”, - deyə o qeyd edib.
“Heç bir kimyəvi dərmandan istifadə etmirik”
Bulut istehsal zamanı kimyəvi dərman və sintetik gübrələrdən istifadə etmədiyini vurğulayıb. Onun sözlərinə görə, yaşadığı ərazidə sənaye və intensiv avtomobil hərəkəti yoxdur.


O, dağın ətəyində tək təsərrüfat kimi yaşadıqlarını və ətrafda başqa qarğıdalı istehsalçısı olmadığı üçün toxumların digər sortlarla tozlanmadığını bildirib.
Bulut qarğıdalı ununun qlütensiz olduğunu və bunun çölyak xəstələri üçün alternativ məhsul olduğunu da qeyd edib.
Bal istehsalına da başladı
Bulut kənddə qarğıdalı ilə yanaşı bal istehsalı ilə də məşğul olur. O, arılara şəkər şərbəti verməmək üçün yaz aylarında başqa arıçıdan süzülmüş bal alaraq arılara verdiyini bildirib.
Bulutun sözlərinə görə, balı müxtəlif laboratoriyalarda da analiz etdirib. Onun açıqlamasına əsasən, üç laboratoriyada aparılan analizlərdə balda şəkər şərbəti aşkarlanmayıb, prolin göstəricisi isə 744 olub.
Bulut təbii məhsullara tələbatın yüksək olduğunu və bu sahədə fəaliyyət göstərmək istəyənlərə istehsaldan çəkinməməyi tövsiyə edib.