ABŞ-li Pol Aleksander 1952-ci ildə, cəmi 6 yaşında olarkən poliomielitə (uşaq iflici) yoluxub. Xəstəlik nəticəsində nəfəs alma qabiliyyətini itirən Aleksander həyatını davam etdirmək üçün "dəmir ağciyər" adlanan süni tənəffüs cihazına bağlanıb.

Sherg.az xəbər verir ki, fiziki məhdudiyyətlərinə baxmayaraq, o, təhsilini yarımçıq qoymayıb, hüquq fakültəsini bitirib və vəkil kimi fəaliyyət göstərib. Aleksander xüsusi nəfəsalma texnikası sayəsində gün ərzində qısa müddət cihazdan kənarda qala bilirdi.

O, həmçinin ağzında tutduğu xüsusi çubuq vasitəsilə kompüterdə yazaraq həyatından bəhs edən "Bir it üçün üç dəqiqə" adlı avtobioqrafik kitabını qələmə alıb.
Müasir tənəffüs cihazları yaradılsa da, orqanizmi öyrəşdiyi üçün "dəmir ağciyər"dən imtina etməyən Pol Aleksander 2024-cü il martın 11-də, 78 yaşında vəfat edib. Onun həyatı iradə və əzmkarlığın simvollarından biri hesab olunur.