Kifayət qədər bacarıqlı, hazırlıqlı kadr mədəniyyət naziri olacaq
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində həyata keçirdiyi anti-korrupsiya əməliyyatının ardından istefaya göndərilən mədəniyyət naziri Əbülfəs Qarayevin xələfinin kimliyi məsələsi gündəmin əsas mövzularındandır.
Yeni mədəniyyət nazirinin kimliyi hər kəsin diqqət mərkəzindədir.
Mediada isə yeni mədəniyyət naziri kimi bir çox şəxslərin adları hallandırılır, sosial şəbəkələrdə hər kəs bu vəzifəyə layiq bildiyi namizədlərinin təbliğinə start verib. Bu isə mövzunun Azərbaycan ictimaiyyəti üçün nə qədər önəmli olduğunu göstərir.
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bu məsələ Prezidentin birbaşa səlahiyyətindədir.
Dövlət idarəçiliyi və strukturun təkmilləşdirilməsi prosesi ilə bağlı kənardan rəy vermək düzgün yanaşma deyil. Hesab edirəm ki, yaxın zamanlarda dövlət başçısı sözügedən vəzifəyə uyğun bir namizədi təyin edəcək. Elə bilirəm ki, hazırda bu istiqamətdə zəruri addımlar atılır. Kifayət qədər bacarıqlı və hazırlıqlı bir kadr mədəniyyət naziri təyin edilərək bu sahədə olan boşluqların aradan qaldırılmasına nail olacaq".