Böyük şövq, axtarış həvəsi, əzmlə çalışmaq və yüksək zövq onun fərdi yaradıcı təbiətinə məxsus cəhətlərdir. Azərbaycan violino ifaçılığı məktəbinə zəngin töhfələr bəxş edən, özünün rəngarəng musiqi aləmindən dinləyicilərin könül dünyasına yol açan, bilik və təcrübəsini böyük səxavətlə yeni yetişməkdə olan nəslə aşılayan istedadlı musiqiçi, görkəmli şəxsiyyət Arif Manaflı bu günlərdə yuvarlaq doğum tarixini qeyd edir.
“Arif” ərəbcədən tərcümədə çox tanınmış, bilən və xəbərdar deməkdir. “Manaflı” isə həmin dildə uca, yüksək mənasını verir. A.Manaflının sənət həyatındakı yolu elə adının və soyadının mənasına tam uyğun gəlir. Çünki o, Azərbaycan musiqisinin ön sıralarında gedən samballı simalarındandır. Virtuoz sənətkar ifa etdiyi bütün əsərləri zərgər kimi cilalayaraq, melodiyanı ifadəli, axıcı və cəlbedici tərzdə dinləyicilərə ötürür. Dərin biliyi və geniş dünyagörüşü onun fərdi yaradıcılıq üslubuna böyük təsir göstərir, ifasını məzmunlu edir.
Son dərəcə ilhamlı musiqiçi ruhuna malik olan, emosional ifaçılıq coşğunluğu ilə seçilən, özünə qarşı həmişə tələbkarlıq nümayiş etdirən, pedaqoji fəaliyyətini yaradıcılıqla böyük ustalıqla uzlaşdırmağa nail ola bilən görkəmli musiqiçinin fərdi simasının xüsusiyyətləri onun sənətkar portretinin əsas cizgilərində cəmləşib. Arif bəyin yaradıcılığının üstün keyfiyyətləri sadaladıqlarımla bitmir. Onun violinonun zərif tellərinə ehmalca düzdüyü narın səslər, sanki xalça ilmələri kimi toxunaraq dinləyicilərin könül saplarına bağlanır.
A.Manaflının yaradıcılıq palitrası olduqca zəngin və çoxşaxəlidir. Onun konsert repertuarına Azərbaycanla yanaşı xarici ölkə bəstəkarlarının da əsərləri daxildir. Tanınmış sənətkara müraciət edən Azərbaycan bəstəkarlarının siyahısı kifayət qədər genişdir. O, Q.Qarayevin, F.Əmirovun, C.Cahangirovun, S.Ələsgərovun, T.Bakıxanovun, A.Məlikovun, X.Mirzəzadənin, V.Adıgözəlovun, F.Əlizadənin və bir çox başqa bəstəkarların istər iri, istərsə də kiçik həcmli əsərlərini böyük müvəffəqiyyətlə təqdim edib.
1997-ci il. İzmir Dövlət Simfonik Orkestri tərəfindən dirijor Ender Sakpınarın idarəsi ilə Arif Manaflının ifasında Azər
Rzayevin əsəri səslənərkən
Məlumdur ki, müxtəlif janrların yaradılmasında bəstəkarlarla yanaşı virtuoz ifaçıların da rolu danılmazdır. Musiqi tarixindən bildiyimiz kimi, bəzi əsərlər hərdən onların ifası üçün yazılır. A.Manaflının da yaradıcılıq bioqrafiyasında belə nümunələr var. A.Rzayevin, A.Əlizadənin, S.İbrahimovanın, L.Vaynşteynin, İ.Mirzəyevin violino üçün əsərləri bura daxildir. A.Manaflı Azərbaycan bəstəkarlarının əsərlərinin ilk uğurlu təfsirçisi kimi də xatırlanır. T.Quliyevin və A.Əzimovun violino və fortepiano üçün sonatası, İ.Mirzəyevin violino üçün konserti onun ifasında dinləyicilərə uğurla təqdim olunub. Beləliklə də Arif bəy Azərbaycan violino ifaçılığı sənətində öz üslubu ilə seçilməyə başlayıb.
Tanınmış sənətkarın konsert proqramına təkcə Azərbaycan və xarici ölkə bəstəkarları deyil, həm də qardaş türk xalqının nümayəndələrinin bəzi əsərləri daxildir. Görkəmli violinoçunun xalq musiqisi nümunələrinə müraciəti isə xüsusilə diqqəti cəlb edir. Arif bəy təkcə Azərbaycan bəstəkarlarının yaradıcılıq irsinin deyil, eyni zamanda şifahi ənənəli peşəkar musiqi incilərinin də Türkiyədə gözəl təbliğatçısıdır. Onun “Rast”, “Şur”, “Bayatı-şiraz” muğamlarını dost ölkədəki konsertlərdə dinləyənlər bunun şahidi olublar.
A.Manaflı yetirmələri ilə.
Soldan sağa: Selin Doğan, Selin Uçdu, Arif Manaflı, Ezgi Er,
Aslı Gedikli (pianoçu), Bahar Biricik
A.Manaflının Türkiyədəki fəaliyyəti sadalananlarla məhdudlaşmır. 1985-ci ildən indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəlcə konsertmeyster, sonralar isə müəllimlik fəaliyyətinə (1988) başlayan gənc musiqiçi pedaqoji işini 1993-cü ildən etibarən Trakya Universitetində və Dokuz Eylül Universitetinin, İzmir Dövlət Konservatoriyasının musiqi bölməsində (1995) davam etdirib. O, yaradıcılıqla yanaşı gənc musiqiçilər nəslinin tərbiyəsi ilə yaxından məşğul olub. Görkəmli sənətkarın təcrübəli pedaqoq kimi qardaş respublikada 50-dən artıq peşəkar violino ifaçısının yetişdirilməsində əhəmiyyətli rolu var. Onun yetirmələri hazırda dost ölkənin müxtəlif bölgələrində aparıcı musiqi kollektivlərində ifaçılıq və müəllimlik fəaliyyətilə məşğuldurlar.
Xoş səs-sədası Azərbaycanın hüdudlarından çox-çox kənardakı nüfuzlu konsert zallarından gələn tanınmış sənətkar əldə etdiyi uğurları ilə həm türk qardaşlarımızı, eyni zamanda həmvətənlərimizi də hər zaman qürurlandırıb. Doğma Bakısının ağ saçlı Xəzərindən uzaqda yaşamasına baxmayaraq onun qəlbi həmişə vətən eşqilə döyünür. A.Manaflının konsert fəaliyyətinin yayılma arealı kifayət qədər genişdir. O, dünyanın müxtəlif yerlərində - bəzi Avropa, Asiya və Ərəb ölkələrində Türkiyənin nüfuzlu simfonik orkestrləri ilə birgə yaradıcılıq səfərlərində olub. Fransada və Almaniyada isə solo konsertləri təşkil edilib.
Erkən yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin məhsuldar dövrünə təsadüf edən A.Manaflı 1985-1993-cü illərdə Bakıda Nazim Rzayevin, Rauf Abdullayevin, Ramiz Məlikaslanovun, Yalçın Adıgözəlovun və İsmayıl Hacıyevin idarəsi ilə geniş və rəngarəng proqramla konsertlər verib. Həmin dövrdə violino üçün yazılmış Azərbaycan bəstəkarlarının yeni musiqi əsərləri ilk dəfə məhz onun təfsirində tanınıb. A.Manaflı təkcə azərbaycanlı dirijorlar ilə deyil, sonralar Naci Özgüç, Erhan Parlat, Orhan Şallıel, Ender Sakpınar, Tolga Taviş, Emin Güven Yaşlıçam, Nesrin Bayramoğulları, Marek Pijarovski, Can Beyli kimi musiqiçilərlə də eyni səhnəni bölüşüb. Görkəmli musiqiçi bir çox pianoçularla yaradıcılıq təmasında olub. Onun Fərhad Bədəlbəyli, Teymur Şəmsiyev, Məmməd Quliyev, Aykut Bakır, Aslı Gedikli, Aleksandr Mekaev ilə birgə çıxışları alqışlarla qarşılanıb.
A.Manaflının 65 illik həyat yoluna qısa səyahət etdikdə onun çox məhsuldar və mənalı ömür yaşadığını müşahidə edirəm. Musiqiyə beş yaşında ikən tamaşa etdiyi “Sehirli səslər” adlı cizgi filmində violinonun səs tembrilə bağlanan və bütün ömrü boyu bu alətin cazibəsindən xilas ola bilməyən böyük musiqiçi elə uşaqlıqdan öz yolunu müəyyən edib. O, üzərinə götürdüyü məsuliyyətli vəzifəni ləyaqət və şərəflə daşıyıb. Daim yüksək pillələrə inamlı addımlarla irəliləyib. Bənzərsiz sənətkar incəsənətimizə verdiyi zəngin töhfələrə görə 1990-cı ildə mükafata layiq görülüb, sonradan isə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə (1991) təltif edilib. Bütün bunlar virtuoz ifaçının Azərbaycan musiqi sənəti sahəsində yüksək xidmətlərinin nəticəsidir. A.Manaflı həm də qardaş ölkədə Azərbaycan musiqisinin təbliği üçün əzmlə çalışıb. Görkəmli sənətkar təqdirəlayiq fəaliyyətilə dostları, həmkarları və tələbələri tərəfindən böyük nüfuz və sevgi qazanıb. Arif bəy bunlara sənətdəki peşəkarlığı ilə yanaşı gözəl insani keyfiyyətləri ilə də nail olub. Onun mənalı həyat və yaradıcılıq yolu çoxları üçün örnəkdir. Buna görə də dəyərli həmvətənimizi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq sevincləri arzulayıram.
Fazilə Nəbiyeva,
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru
E-mail: [email protected]