BDU-da Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi, "Report" İnformasiya Agentliyinin siyasi şərhçisi Kənan Novruzovun "Zəfər yolu Azərbaycan mətbuatının işığında" kitabının təqdimatı olub.


"Report"un məlumatına görə, universitetin müəllim və tələbə heyəti, həmçinin media kapitanlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Samir Xalidoğlu oxşar təşəbbüslərin fakültə daxilində artıq ənənəyə çevrildiyini bildirib:
“Müəllim və tələbələrimiz müntəzəm olaraq fərqli kitablar nəşr etdirirlər. Bu, yaxşı ənənədir. Kənan Novruzovun bu günkü kitab təqdimatı da belə addımlardandır”, - o söyləyib.
Nəşrin müəllifi K.Novruzov elmi üslubda yazılan kitabda İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan mətbuatının fəaliyyətinin təhlil edildiyini vurğulayıb. Onun sözlərinə görə, savaş dövründəki fəaliyyəti kitabın ərsəyə gəlməsində mühüm rol oynayıb.
Kitabın elmi redaktoru, professor Cahangir Məmmədli çıxışında nəşrin əhəmiyyətinə toxunub. O bildirib ki, bu cür əsərlər tarixin salnaməsidir.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə gələcəkdə bu tipli kitabların yazılmalı olduğunu bildirib: "Çünki kitabda yazılanları silmək, təhrif etmək olmur".
"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev müəllifin jurnalist kimi səciyyəvi xüsusiyyətlərindən bəhs edib. Onun sözlərinə görə, K.Novruzovun kitabı onun praktik fəaliyyəti ilə vəhdət təşkil edir.
Professor Sabir Məmmədli isə vurğulayıb ki, "Zəfər yolu Azərbaycan mətbuatının işığında" kitabı əslində bir neçə il ərzində ardıcıl görülən işin nəticəsidir: "Jurnalistlərimiz Vətən müharibəsi dövründə və hələ ondan əvvəl ictimai rəyi formalaşdırmaq üçün fəal çalışırdılar. Həm də bu fəaliyyətin nəticəsində biz Vətən müharibəsində qələbə qazandıq".
Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri Xatirə Hüseynova isə müəllifə və elmi redaktora təşəkkür edib. Onun fikrincə, belə təşəbbüslər hazırkı tələbələr üçün stimul olmalıdır.
Sonda tələbələr fikirlərini bildirib, onların sualları cavablandırılıb