Yeni hökumətin eskalasiyaya getməməsində, İsrailin təxribat xarakterli addımlarına cavab verməməsində Türkiyənin xüsusi rolu var
Suriyanın yeni administrasiyasının lideri Əhməd əş-Şara iki məsələdə ABŞ-dən dəstək istəyib. Əhməd əş-Şaranın ABŞ-dən ilk tələbi İsrail qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri “Kann”a bildiriblər ki, ABŞ-dən məsələ ilə bağlı heç bir açıqlama olmayıb.
Onun ikinci istəyi ABŞ-nin Suriyaya humanitar yardım göndərməsi ilə bağlıdır. Yeni hakimiyyət Qətər hökuməti ilə də strateji tərəfdaşlıq haqqında razılığa gəliblər. Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani deyib ki, Qətər Suriya xalqının keçdiyi böhran və çətin dövrdə tərəfdaş olub: "Qətər Suriyanın gələcəyinin qurulmasında da tərəfdaşımız olacaq". Bu arada İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin cənub-qərbində keçmiş Suriya ordusuna məxsus silah anbarlarına raket zərbələri endirib. Bildirilib ki, Əl-Kisva yaxınlığında güclü partlayış səsləri eşidilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, onlar Suriyaya addım atmadı, ancaq Suriyanı indiki vəziyyətə gətirdilər.
Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, hazırda Türkiyənin başdan bəri necə doğru bir strategiya izlədiyinin şahidi oluruq. Ekspertin sözlərinə görə, Türkiyə əvvəldən yeni hökumətə dəstək verməklə, bunu xalqın səsi, demokratiyanın qələbəsi kimi təqdim eləməyə çalışdı:
"HTŞ Hələbi ələ keçirərkən Türkiyə ilə yeni hökumət arasında əlaqə qurulub və Dəməşqin ələ keçirilməsi ilə bu kontakt daha da güclənib. Yeni hökumətin eskalasiyaya getməməsində, münasibətləri qızışdırmaq istəməməsində, İsrailin təxribat xarakterli addımlarına cavab verməməsində Türkiyənin xüsusi rolu var. Yeni hökumət bu diktə fonunda İsraillə münasibətləri normal saxlamağa çalışdı, İrana qarşı ola biləcəyini bildirdi. Rusiyaya qarşı mövqe alsa da, diplomatik əlaqələri saxladı. Eyni zamanda İranın və Rusiyanın Latakiyada yaratmaq istədiyi ələvi-nüsaqi üsyanının qarşısını aldı. PKK-nın nəzarətində olan bölgədə atışmalar olsa da, açıq şəkildə hücum edib, ABŞ ilə konfrontasiyaya getmədi. Bu, yeni hökumətin normallaşmasına və oturmasına səbəb oldu. Bunun nəticəsidir ki, Fransa və Almaniya XİN rəhbərlərinin Dəməşqə səfərlərinin, Colani ilə görüşlərinin şahidi oluruq. Türkiyə maksimum çalışacaq ki, PKK-nın əldə etdiyi əraziləri Suriya dövlətinin nəzarətinə qaytarsın. Əslində, bununla bağlı gedişlər var. Artıq PKK nəzarət etdiyi ərazilərdə silahlıları milli orduya tabe edib, özlərinin də tabe olacaqlarına dair mesajlar veriblər. Amma onlar daxildə muxtariyyət saxlamağa çalışırlar. Türkiyə də maksimum şəkildə buna qarşı çıxacaq. Türkiyə uzun illərdir Astana formatında həm Rusiya, həm İranla vəziyyəti normallaşdırmağa çalışdı. Amma bu ölkələr normallaşma istiqamətində addım ata bilmədilər. Yeni Suriya hökuməti ilə Türkiyə bu istəyinə nail olacaq. Daha sonra isə yavaş-yavaş həm PKK-nın nəzarətində olan ərazilər, həm də ələvilərin Latakiyadakı ərazisi ələ keçiriləcək. Beləliklə, Suriya üzərində nəzarət tamamilə bərpa olunacaq. Bu isə Türkiyənin böyük uğuru kimi dəyərləndirilməlidir”.
Analitik AB-nin yeni hökumətə qoyduğu şərtə diqqət çəkib:
“AB belə bir şərt qoymuşdu ki, əgər Rusiya bazaları çıxarılarsa, onlar yeni hökumətlə əməkdaşlıq edəcəklər. Yaxın zamanlarda Avropa Birliyi maddi yardımları ayıracaq. Daha sonra ABŞ maddi yardımlar ayırmağa məcbur olacaq. Eyni zamanda, ABŞ-nin burada İsraili hərəkətlərindən çəkindirməyə, hücumlarını dayandırmağa çalışmasını xüsusi diqqətə almalıyıq. Bu, yeni hökumətin müsbət nailiyyəti kimi qəbul oluna bilər. Yeni hökumətin həm Fransa, həm də Almaniyanın XİN başçıları ilə görüşməsi faktiki olaraq bu hökumətin tanınması deməkdir".