Həyatda öz rolunda qalan dahi...

Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda torpağa tapşırılıb

  Əfsanəvi sənətkar, Xalq artisti Ramiz Məlik ömrünün 80-cı payızında ürək çatışmazlığından dünyasını dəyişib.
Tanınmış teatr və kino aktyoru R.Məlik bir müddət idi ki, səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
  1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
  Bu ilin avqustunda 80 yaşı tamam olan aktyora Prezident İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib. O, eyni zamanda “Şöhrət” ordeni ilə də təltif olunub.
  Xalq artisti II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində sənətkarın ailə üzvləri, sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yayıb.
  Nekroloqda deyilir ki, görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq.
  Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Yaratdığı obrazlar ilə yaddaşlara köçən aktyorun ölümü ictimaiyyət tərəfindən ağır itki kimi dəyərləndirilib. Qeyd olunub ki, Ramiz Məlik mərhum rejissor Tofiq Kazımovun 70-ci illərdə Azərbaycan incəsənətinə gətirdiyi istedadlı uşaqlardan ibarət "Gənc dalğa"nın parlaq nümayəndələrindəndir. Ramiz bəy öz fakturası ilə mürəkkəb obrazların, xarakterlərin mahir ifaçısıdır. Çəkildiyi çoxlu filmlərdə oynadığı obrazların hər biri unudulmazdır.
  Xalq artisti Flora Kərimova onun ölümünü “Daha bir Filmin sonu” fikirləri ilə ifadə edib: 

“İlk tanışlığımız dahilər əhatəsində “Qanun naminə” filmində olmuşdu. Nəcib, alicənab insan idi. Təəssüf ki, itkilərinə ağladığımız sənətkarların yeri dolmayacaq. Rahat uyuyun, Ramiz bəy.
Doğmalarına və sevənlərinə dərin hüznlə səbir, əbədi ruhuna Tanrıdan rəhmət diləyirəm!”.
  “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə deyib ki, diqqət yetirilməli məsələlər olanda işıqlandırmaq üçün bizə göndərərdi:

“Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi. Xalq artisti Ramiz Məlik uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Ramiz bəy onlarla teatr tamaşasında və milli kinomuzda unudulmaz obrazları ilə sevilməyi ilə yanaşı, ziyalı, ictimai xadim kimi də aktiv mövqeyi ilə seçilirdi. Xüsusən, 44 günlük müharibə və sonrakı dövrdə informasiya savaşında Ramiz bəyin fəallığı hər gün göz önündə idi”.
Polkovnik Zahid Teymurov:
- Ramiz Məlik... Həyatda öz rolunda qalan dahi, həqiqi Azərbaycan kişisi... Səndən bir də olmayacaq ... yanımızda olmayacaq, amma qəlbimizdə qalacaqsan, əziz dostum..
  Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Ramiz Məliki bu cür yad edib:
- Azərbaycan teatrının ən yaraşıqlı və istedadlı nümayəndələrindən biri, kino və teatr səhnəsində yaratdığı çoxsaylı obrazlar və bənzərsiz səsi ilə yaddaşlara həkk olan bu aktyorumuz son illər həm də hadisələrə çox emosional, qarışıq, bəzən isə tələsik münasibəti ilə seçilirdi. Axır vaxtlar sosial mediada ənənəvi fəallığı müşahidə olunmurdu, buna görə xəstəliyinin şiddətləndiyini hiss etmişdim. R.Məlikin dünyasını dəyişməsi mədəniyyətimiz üçün böyük itkidir. Ruhu şad olsun!
Ramiz Məlik ötən əsrin 60-cı illərinin sonunda incəsənətə gələn parlaq və istedadlı nəslin nümayəndələrindəndir. Oynadığı bütün əsərlərdə onun yaratdığı obraz həmişə yaddaqalan olub. Səhnə üçün bütün vacib göstəricilərə sahib olan Ramiz Məlikin səsi xüsusilə ecazkardır. İndiki yaşlı vaxtında belə səsinin sehrindən qopmaq olmur. Böyük sənətkarımızın teatr səhnəsində yaratdığı bir çox obrazları canlı izləsəm də, nədənsə, yaddaşımda "O qızı tapın" filmindəki Ziya obrazı və gitarası ilə qalıb.
Görünür, biz hələ də qəhrəmanlarımızı yalnız tabutda sevmək mərəzindən yaxa qurtara bilməmişik.
Mərhum şairimiz Cabir Novruzun şeirini xatırlamamaq olmur:
"Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara”.
  Rejissor İqbal Məmmədəliyev isə yaratdığı obrazlar ilə yaddaşlara köçən aktyorumuzun dostlarına, doğmalarına və oğlu Anar Məlikə dərin hüznlə başsağlığı verib və rəhmət diləyib: “Bu gün sənət ağacından bir yarpaq da düşdü. Ramiz Məlik əbədiyyətə qovuşdu”.
  Polis polkovniki Arzu Babayev isə hesab edir ki, teatr sənəti bir mogikanını da itirdi: “O qızı tapın" bədii filmindən doktor Ziyanın mahnısı. Ziya rolunda Ramiz Məlik. Mahnını Oqtay Ağayev oxuyur. Ramiz Məlik atamın "Gecə döyülən qapılar" pyesində Katib (Mircəfər Bağırovun prototipi) rolunu yüksək səviyyədə yaradıb. Mənimlə söhbətlərində o rolun sevdiyi rollar sırasında olduğunu deyərdi. Atamın "Atillanın atlıları" televiziya tamaşasında da Atilla obrazını çox gözəl yaradıb. Ramiz müəllim səhnəmizin, ekranımızın yaraşığı idi, yaratdığı bütün rolları ustalıqla oynayırdı. 1982-ci ildə Hüseyn Cavidin "İblis" faciəsində Arif rolunda yenə ustalıqla oynadı. Teatrda Ramiz müəllimin yeri həmişə görünəcək, yaddaşlarda, teatr tarixində əbədi yaşayacaq”.
Jurnalist Yasəmən Məmmədli:
- Bu səhəri acı xəbərlə açdıq – Azərbaycanın Xalq artisti Ramiz Məliki itirdik. Bu xəbər mənim üçün çox ağır oldu. Həm özü, həm də həyat yoldaşı Tamilla xanım həmişə məni qızları biliblər, “qızım” deyiblər. Uzun illər qapıbir qonşu olmuşuq. Ramiz müəllimin ağır xəstə olduğunu bilirdim, lakin halının yaxşı zamanlarında Tamilla xanım onunla telefonla da olsa danışmama şərait yaradırdı. Heç gileylənməzdi - xəstəliyindən, vəziyyətinin ağır olduğundan bəhs etməzdi. Hətta vəziyyəti düzələn kimi redaksiyamıza gələcəyini, yenicə ayaq tutan TTV-yə müsahibə verəcəyini bildirirdi... Sosial şəbəkədə paylaşımlar edirdi, hadisələrə münasibət bildirirdi... Özünü ağır xəstə kimi göstərmək istəmirdi: qürurlu, dürüst, düşündüklərini dilə gətirən, optimist və belə vəziyyətində də insanların ona acımasını, narahat olmasını istəməyən Ramiz Məlik.
  Biz sovet dövrünün ən yaraşıqlı kino və teatr, eyni zamanda təkrarsız səsə malik dublyaj aktyorlarından birini itirdik. O, teatr və kino sahəsində çoxlu sayda obrazlar yaradıb. Ramiz Məlik həm siması, həm də səsi məşhur olan aktyorlardan idi. Lakin hər zaman düşünmüşəm ki, kino sahəsində onun potensialından lazımi qədər istifadə olunmayıb.
Min kərə təəssüf! Nur içində yat, böyük sənətkar Ramiz Məlik!