Aygün Bəylər xatirələrdə: Darıxacam qızım...

Heç bəxti olmadı

Bu dünyada gün görmədi, Allah o dünyasını gözəl eləsin

Aygün Bəylərin dəfn yeri Suraxanı qəbiristanlığı nəzərdə tutulub

  Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Öləndə hörmətlə anılmaq özü də bir xoşbəxtlikdir. Hörmət qazanmaq, insanların qəlbinə yol tapa bilmək hər insanın bacardığı iş deyil.
Əməkdar artist Aygün Bəylərin ölümü isə 7-dən 77-yə hamını ağrıdır, hamını acıdır. Bu ağrı təkcə ömrünün nakamlığına, qısalığına, mərhumun xüsusi istedad sahibi olmağına görə deyil. Çoxlarının uşaqlığını, gənclik illərini onun mahnıları, onun səsi müşayiət edib axı! Hər mahnısında bir xatirə, hər misrasında bir sevgi gizlənib. "Tut ağacı" mahnısını dinləyəndə kövrəlməyən, sözün, ifa tərzinin sehrinə düşüb uşaqlığını axtarmayan çox az adam var. Bəli, uşaqlıq xatirələrimizdən bir yarpaq da beləcə solub getdi.
"Tut ağacı"nı bizlərə yadigar qoyan xanım sənətçinin ölümü Azərbaycan mədəniyyəti, xalqımız üçün böyük itki oldu:
Tut ağacım, tut ağacım
Aman yerim, güman yerim
Xatirələr qanadında
Yaşatdığım pənah yerim!
  Aygün Bəylər başqa heç nə oxumasaydı belə yaratdığı bu möhtəşəm əsər onun istedadlı və bənzərsiz ifaçı olduğu barədə fikir söyləməyə yetərdi.
  Təkrarolunmaz ifası ilə milyonların qəlbini ovsunlayan sənətkar 48 yaşında
Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
Süd vəzi xərçəngindən əziyyət çəkən əməkdar artist bir neçə ildir müalicə alırdı. Hətta bununla bağlı mütəmadi olaraq Türkiyəyə müalicəyə də gedirdi.
Hələ 2023-cü ilin martında Aygün Bəylər mətbuata açıqlamasında xəstəliyindən 1 il əvvəl xəbər tutduğunu demişdi.
  Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Bəylərin vəfatı ilə bağlı nekroloq yayıb. Qeyd olunub ki, Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində uzun sürən ağır xəstəliklə bağlı müayinə üçün getdiyi Türkiyənin Ankara şəhərində vəfat edib.
Aygün Aydın qızı Hümmətova (Aygün Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub.
  1988-ci ildə yeni yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına solist olaraq qəbul edilib. 1995-ci ildə Şövkət Ələkbərova adına musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.
  Aygün Bəylər 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Xanəndəlik fakültəsinə daxil olub. Burada Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev və başqa görkəmli sənətkarlardan muğamın incəliklərini öyrənib.
2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.
  2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində ənənəvi keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülüb.
Müğənni 2005-2010-cu illərdə Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. ölkələrdə konsert proqramları ilə çıxış edib.
Özünəməxsus ifası ilə musiqisevərlərin rəğbətini qazanan Aygün Bəylərin əziz xatirəsi qəlblərdə yaşayacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Aygün Bəylərin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.
  Aygün Bəylərin ölümü Azərbaycan ictimaiyyətində böyük hüznlə qarşılanıb.
Bir çox müğənnilər Aygün Bəylərin vəfatı ilə əlaqədar fikirlərini sosial şəbəkə hesablarında paylaşaraq ailəsinə və yaxınlarına dərin hüzn və başsağlığı veriblər.
  Aygün Bəylərin müəllimi, Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış dirijor Əyyub Quliyev müğənninin ölümündən sarsıldığını bildirib: “Bəstəkarlıq peşəsi üzrə ali təhsil alan Aygün xanım 2012-ci ildə Bakı Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olmuşdu. Lakin o, səhhəti ilə əlaqədar bu təhsilini başa vura bilmirdi. Aygün xanım Bakı Musiqi Akademiyasında mənim sinifimdə təhsil alırdı. Səhhəti ilə əlaqədar təhsilini yarımçıq qoymuşdu. Bu il bitirməli idi… Təəssüf! Çox istedadlı bir ifaçı idi. Allah rəhmət eləsin!".
Xalq artisti Flora Kərimova isə Aygün Bəylərin ölümünü Azərbaycanın muğam sənəti üçün böyük itki adlandırıb:
“Aygünüm… Sənsizliyə ağlamaq, xiffətini çəkməkdəmi qədərim imiş?! Darıxacam qızım, səmimiyyətin üçün darıxacam, saflığın üçün darıxacam, kədərli gözlərin üçün darıxacam. Sənin yoxluğuna inana bilmirəm. Rahat uyu. Öz nəğmələrin ruhunun laylası olsun! Səsində yaşayan ruhunu qucaqlayıb öpürəm”.
Jurnalist Aygün Muradxanlı isə əməkdar artistin səhhətindən saatbasaat xəbərdar olduğunu deyib:

“Yanvarın 4-də qara ciyəri tam dayandı. 5-də isə konsilium oldu, “artıq hər şey üçün gecdir” qərarı verildi. Bu səhər vəziyyətin son dərəcə ağır olduğu, ailəsilə vidalaşması üçün Bakıya gətiriləcəyi deyildi. Amma son saatları idi, çatmırdı. Axşama doğru komaya girdiyi xəbərini aldım. Onu heç bir cihaza bağlamamışdılar. Mənası yox idi. Bakıdan ardınca uçaq göndərildiyi bildirildi 8-də - dostları vəfa borcu bilmişdilər.
  Aygün xətri istənəcək gözəl insan, təpədən-dırnağa bir təranə idi. Qazancını bölən, sevgisini, sevincini paylaşmaqdan dünyanın xoşbəxti olan yuxa ürəkli birisiydi. Bu sətirləri çox böyük kədərlə yazıram. Bu dünyada gün görmədi, Allah o dünyasını gözəl eləsin.
Amma hələ də anlamıram ki, Mədəniyyət Nazirliyi, doktoru bu nə xəbər kirliliyi idi yaratdılar? Çox ağır şəkildə qaçaraq Ankaraya aparılan ağır xəstə üçün “gəzməyə gedib” deməyin adını qoya bilmirəm. Günortadan can verdiyi bilinən sənətçi haqqında “yaşayır, ölüm xəbəri yalandır” deməkdə məqsəd nə idi? 2-3 saat sonra ortaya çıxacaq gerçəyi ucuz yalanın arxasında gizlətmək kimin hansı dərdinə yarayırdı? Yalansız yaşaya bilmirsiz?
  Bu gün ulduzu axıb getsə də Aygün Bəylər Azərbaycan incəsənətinin hər zaman parlayacaq ulduzu kimi tarixə keçdi. Nadir səsi və oxu tərzi ilə öz yolunu yaratdı. Şirvan muğam məktəbinin son 20 ildə ən parlaq simalarından biri idi Aygün Bəylər. Çox bəstəkarı məşhurlaşdırdı. Xalq artisti adı ona qıyılmasa da, millətin könlündə taxt qura bildi. Onlarla mahnı məhz onun “xalları”, onun boğazları ilə dillərdə əzbərdir. Sevgilərin, ayrılıqların, vüsalların bənzərsiz tərcümanı idi o.
Bu dəqiqələrdə nəşinin ölkəyə gətirilməsi üçün sənədləşmə işləri aparılır bildiyim qədərilə. Mədəniyyət Nazirliyi gün boyu etdiklərini heç olmasa, Aygün Bəylərin Azərbaycan incəsənətinə xidmətinə adekvat vida mərasimi düzənləməklə örtə kaş. Dövlət Filarmoniyasında, ya da Mahnı Teatrında… Haqqıdır…”
  Xalq artisti Röya Ayxan mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
Röya həmkarının ailəsinə başsağlığı verib. O, Aygün Bəylərin ifasını paylaşaraq “Bütün Aygün Bəylər sevərlərinə, ailəsinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin!” yazıb.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev:
 “Səni yağışlı bir gündə Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim ki, uzun sürməyəcək həyatın.... Heyif səndən, qızım...”.
Xalq artisti Aygün Kazımova:
“Gözəl səsli, gözəl qəlbli sənətkar, səni hər zaman belə gülərüz xatırlayacağıq… Allah sevənlərinə və doğmalarına səbir versin! Allah rəhmət eləsin!”.
Əməkdar incəsənət xadimi Məlahət Abbasova:
  “Azərbaycanımızın möhtəşəm səsli Aygün Bəylərinin ölüm xəbəri məni inanılmaz üzdü. Sən əsl sənətkar idin. Davranışın, tərzin, möhtəşəm səsinlə bir əfsanəyə döndün. 48 ilə o qədər şey sığdırdın ki... Unudulmazlar arasına girdin. Gedişin hamımızı üzdü. Allah sənə rəhmət eləsin”.
  Xalq artisti Brilliant Dadaşova isə şəxsi “Instagram” hesabında Aygün Bəylərin fotosunu paylaşaraq qeyd edib:

“Yazıq Aygün Bəylər, heç bəxti olmadı”.