Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq KİV-lərin borcu olsa da, hərdən informasiya əldə etməklə bağlı ciddi çətinliklər yaşanır. Məsələ ondadır ki, media nümayəndələri gün ərzində məlumat əldə etmək, informasiyanı dəqiqləşdirmək üçün müxtəlif ünvanlara müraciət edirlər. Belə ünvanlar arasında dövlət qurumlarının mətbuat xidmətlərinin xüsusi çəkisi var. Bu mənada dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Ümumiyyətlə, mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının işinə yarayar. Əslində onların işi də mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə qurmaqdır.
Lakin reallıq odur ki, mətbuat xidmətlərinin hamısından informasiyanı almaq o qədər də asan olmur. Bəzi hallarda isə bir sıra mətbuat katibləri və ya xidmətin əməkdaşları medianı aidiyyəti vəzifəli şəxslə əlaqələndirmək əvəzinə jurnalistləri sadəcə “yola verirlər”. Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin sayı az deyil. Təəssüf ki, bir sıra dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə əlaqələrdə maraqlı deyil və buna görə jurnalistlər üçün qapalı sayılır. Jurnalist hansısa məlumatı əldə edir və onu dəqiqləşdirmək üçün müvafiq qurumun mətbuat xidmətinə müraciət ünvanlayır. Cavabında telefonlar ya sönülü olur, ya da zənglərə cavab verən tapılmır. Bəziləri isə “sualınızı “e-mail”imizə göndərin, rəsmi cavab verək” deyirlər. Lakin operativlik baxımından bu üsul heç də əlverişli olmur.
Bəzi mətbuat xidmətləri isə press-reliz yaymaqla işlərini bitmiş hesab edirlər. Yəni media ilə daimi işləmirlər, jurnalistləri maraqlandıran suallara anındaca cavab vermirlər. Bunun nəticəsidir ki, jurnalistlər bəzən hər hansı məlumatı dəqiqləşdirmək üçün alternativ mənbələrə çıxmaq və qeyri-rəsmi informasiyanı yaymaq məcburiyyətində qalırlar.
Bakıdan fərqli olaraq bölgələrdə fəaliyyət göstərən müxbirlərin rayonlarda baş verən hadisə, təbii fəlakət və digər faktlarla bağlı məlumat əldə etmələri daha da çətindir. Çünki hansısa nazirlik, komitə və digər qurumlarla bağlı baş verən hadisə barədə məlumat əldə etməkdən ötrü bölgə müxbirləri qurumun yerli şöbələrinə müraciət edirlər. Əksər hallarda yerli orqanlar bölgə müxbirlərinə məlumat verməkdən çəkinirlər və müxbiri qurumun mətbuat xidmətinə yönləndirirlər. Nəticədə isə məlumat ya gecikir, ya da əhəmiyyətini itirir.
Lakin elə mətbuat xidmətləri də var ki, onlar jurnalistlərlə çalışmaqda maraqlıdırlar. Həmin mətbuat xidmətlərindən günün istənilən saatında istənilən məlumatı dəqiqləşdirmək mümkündür. Xüsusən, son aylar bu sahədə müşahidə olunan müsbət tendensiya təqdirəlayiq hesab olunmaqdadır. Sirr deyil ki, son zamanlar texnoloji inkişafın yüksək həddə çatması, sosial şəbəkələrin aktivləşməsi jurnalistikanın da imkanlarını genişləndirir, informasiya yayımının sürətlənməsinə səbəb olur. Sosial şəbəkələrin aktivləşməsi mətbuat katibliyi institutunun da işinə müsbət təsir edir. Müxtəlif qurumlarla bağlı informasiyaların jurnalistlərə, mediaya ötürülməsi prosesi sürətlənir. Bir neçə dövlət qurumlarının mətbuat xidmətləri sosial şəbəkələrdə, ələlxüsus feysbukda daim jurnalistlərlə ünsiyyətdə olurlar. Hətta bir sıra qurumların mətbuat xidmətləri hər gün, bəzən isə gündə iki-üç dəfə qurumla bağlı yeni informasiyanı sosial şəbəkədə paylaşır, problemlə bağlı jurnalistlərin suallarına operativ reaksiya verirlər. Bu zaman təbii ki, həm dövlət qurumu, həm də informasiya axtarışında olan media orqanları üçün qaneedici və əlverişli mühit yaranır. Xüsusən, son dönəmlər dövlət başçısı tərəfindən rəhbərliyi dəyişdirilən bəzi qurumlarda mətbuat xidmətləri də paralel olaraq aktivləşiblər. Ekspertlərin fikrincə, həqiqətən sosial şəbəkə anında xəbər çatdırma və xəbər alma mexanizminə çevrilib. Əgər mətbuat xidmətləri bu platformadan istifadə etmirlərsə, ancaq press-relizlər, bəyanatlar göndərməklə kifayətlənirsə, bu, onların uduzmağı deməkdir.
Ekspert: “Mətbuat xidmətlərinin fəallaşması, hətta jurnalistlərin suallarını qabaqlaması sevindirici haldır”
Məsələni “Şərq”ə dəyərləndirən tanınmış media eksperti Zeynal Məmmədli deyib ki, bütün ictimai qurumların mətbuat xidmətindən sosial şəbəkədə aktiv olmağı tələb etmək olar. Ekspertin sözlərinə görə, qurumların fəaliyyətinin şəffaf olması və bunun mətbuat vasitəsi ilə ictimaiyyətə ötürülməsi demokratik mühit formalaşdıran hər bir ölkə üçün vacib şərtdir:
“Bu prosesə nəzarəti jurnalist birlikləri həyata keçirməlidir. Jurnalist birlikləri media qurumlarının adından çıxış edərək mətbuat xidmətlərindən fəal olmağı tələb etməlidir. Vaxtında məlumat əldə etmək prosesində nələr çatmır, hansı hallarda suallar cavabsız qalır, ilk növbədə bu məsələlərin üzərinə getmək lazımdır. Bir çox hallarda cəmiyyəti birbaşa narahat edən problemlər barədə informasiya qıtlığı yaşanır. Bəzi qurumların fəaliyyətində çatışmazlıqlar açıq-aşkar ortadadır. O baxımdan az da olsa müəyyən qurumların mətbuat xidmətlərinin sosial şəbəkələrdə aktiv olmaları, jurnalistlərin suallarına operativ cavab vermələri çox təqdirəlayiqdir. Bu, bizi sevindirir. İstərdik, digər qurumlar da məsələlərə bu cür operativ və obyektiv reaksiya versinlər. Hətta bəzi mətbuat xidmətlərinin jurnalistlərin suallarını qabaqlaması daha sevindirici haldır”.
Media eksperti vurğulayıb ki, əslində qurumlar özləri müəyyən etməlidir ki, onların fəaliyyəti ilə bağlı hansı məqamlar cəmiyyət üçün maraqlıdır: “Əgər maraq yoxdursa, qurumlar özü cəmiyyətin ictimai marağını artırmalıdır. Təəssüf ki, hələlik bunları görmürük. Yenə deyirəm, bu iş ilk növbədə jurnalist birliklərinin və Mətbuat Şurasının üzərinə düşür. Sözsüz ki, yeri gəldikcə məhkəmə praktikasına da baş vurmaq lazımdır. Əgər hansısa qurum informasiyanı vaxtında vermirsə, qəsdən yubadırsa, bu halda mütləq məhkəməyə üz tutulmalıdır. Media qurumları da həmin məhkəmə prosesini çox ciddi işıqlandırmalıdır ki, digər dövlət qurumlarına dərs olsun”.
Z.Məmmədlinin fikrincə, dövlət qurumlarının rəhbərliyi ilə mətbuat xidmətinin fəaliyyəti bir-birinə çox bağlıdır: “Mətbuat xidmətləri praktikası Azərbaycan üçün təzədir. Gəlin, düşünək, hansısa bir vətəndaş öz həyatının ictimai tərəfini nə qədər şəffaf etməyə hazırdır?! Əgər hazır deyilsə, belə bir şəxs dövlət qurumuna işə gətirildikdə, idarəetmədə təmsil olunduqda məişətdəki davranışını ictimai fəaliyyətinə də əks etdirir. Problemin digər mühüm tərəfi də var. Acı reallıq odur ki, bizdə dövlət qurumlarının mətbuat xidmətləri şəxsi sədaqət prinsiplərinə dayanaraq fəaliyyət göstərirlər. Mətbuat xidmətlərinin çox vaxt özlərini doğrultmamasının səbəbi bununla bağlıdır”.
Z.Məmmədli bildirib ki, media ilə səmimi və obyektiv işləmək niyyətində olan qurum başçıları vəzifəyə gəldikləri zaman mətbuat xidmətlərinin rəhbərlərini dəyişməməlidir:
“Əfsuslar olsun ki, bizdə qəribə tendensiya yaranıb. Hansısa nazir və komitə sədri posta oturan kimi ilk işi qurumun mətbuat xidmətini dəyişmək olur. Hətta bəzi hallarda rəhbəri dəyişməklə qalmır, əməkdaşları belə əvəzləyirlər. Bu da onu göstərir ki, rəhbərlik mətbuat xidmətini şəxsi sədaqət prinsipinə uyğun formalaşdırır. Bu addım dövlət orqanları ilə ictimaiyyət və media arasında əlaqələrin qurulmasına imkan vermir. Əlbəttə, başa düşürəm, mətbuat xidmətlərinin vəzifələrindən biri də qurumun reputasiyasını qorumaqdır. Amma bunu elə bir şəkildə etməlidir ki, ictimai maraqlara ziyan dəyməsin, ictimai hədəflər daralmasın. İndiki şəraitdə bunu etmək xeyli çətindir”.
Ekspert bəyan edib ki, problemi aradan qaldırmağın yollarından biri də mətbuat xidməti kimi fəaliyyət göstərən və ictimaiyyətlə əlaqələri formalaşdıran jurnalistin birbaşa həmin qurumun rəhbərindən asılılığını aradan qaldırmaqdır: “Mətbuat xidməti nə qədər rəhbərliyə tabedirsə, ondan sərbəst və aktiv olmağı tələb etmək mümkün deyil. Ona görə də bu asılılığın nisbətən zəiflədilməsi lazımdır. Bütün qurum rəhbərləri bilməlidir ki, orada təmsil olunan jurnalistin əsas işi ictimaiyyəti ətraflı məlumatlandırmaqdır. İctimai maraqlar bunu tələb edir. Lakin qurum rəhbərliyinin qadağaları bəzi mətbuat xidmətlərinin operativ fəaliyyətinə imkan vermir. Əlbəttə, mətbuat xidməti qurum rəhbərliyinin məsləhət bildiyi formada məlumatlar da yaya bilər. Mətbuat xidmətləri işçi kimi rəhbərliyə tabedir. Ancaq hansısa informasiyanın yayılmasına tamamilə mane olmaq, ictimaiyyəti məlumatlandırmamaq qəbuledilməzdir”.
Z.Məmmədli problemin həlli üçün təkliflə çıxış edib: “Qeyri-hökumət təşkilatı kimi ayrıca bir qurum yaradılsın və dövlət qurumlarının mətbuat xidmətləri həmin təşkilatda birləşsinlər. Bu metod asılılığı aradan qaldırmış olar. Əgər jurnalist birbaşa mətbuat xidmətindən vacib məlumatı ala bilmirsə, o halda ümumi təşkilata müraciət edərək problemi çözər. Həmin təşkilat öz üzvü olan mətbuat xidməti ilə media nümayəndəsinin əməkdaşlığını təmin edər və onu ictimai məsuliyyətə cəlb edər. Məncə, bu şəkildə prosesə nəzarət etmək mümkündür. Şübhəsiz, bunu sadəcə bir variant, ehtimal kimi irəli sürürəm. Ola bilsin, başqa, daha təsirli metodlar da mövcuddur. Hər halda təkliflərin üzərində düşünməyə dəyər”.
Tanınmış media eksperti mətbuat xidmətlərinin jurnalistləri tənqid etməsinə də münasibət bildirib: “Əksər hallarda jurnalistlər mətbuat xidmətini tənqid edirsə, bəzi hallarda isə mətbuat xidmətləri media nümayəndələrini qınayırlar. Onları sualları düzgün ünvanlamamaqda, qurumla bağlı prosesləri bilməməkdə suçlayırlar. Hər iki hal mümkündür. Mətbuat xidmətləri məsuliyyətdən və cavabdan qaçmaq üçün də bunu edə bilərlər. Ancaq sirr deyil ki, media qurumlarında çalışanlar arasında qeyri-peşəkarlar kifayət qədərdir. Jurnalistlər arasında qeyri-peşəkarlığın olması bir sıra məqamlarla yanaşı, mətbuat xidmətləri ilə əməkdaşlığa da mənfi təsir göstərə bilər. Bizdə media nümayəndələrini peşəkarlığa vadar edən sərbəst bazar olmadığına görə, bu cür problemlər də ortaya çıxır.