İctimai Televiziyada yayımlanan “3D” layihəsinə baxışlar müxtəlifdir. Adət etdiyimiz aparıcı əvəzinə bir robotun kamera qarşısına “keçməsi”, qonaqlarla məhz robotun ünsiyyət qurması, suallar verməsi heç də hamı tərəfindən müsbət qarşılanmır.
“Buna nə ehtiyac var” deyib irad bildirənlərlə yanaşı, yeni layihəni əsl tapıntı, yenilik sayanlar da az deyil. Bizsə yeni layihə ilə bağlı mütəxəssis rəyini öyrənməyə üstünlük verdik.
Zeynal Məmmədli: "Mənim üçün “robotun qəbul otağı” və orada baş verənlər maraqlıdır"
Televiziya mütəxəssisi Zeynal Məmmədli layihəni uğurlu adlandırdı:
"Dünya efirlərində “robot xəbər” təcrübəsi var, lakin məhz bu cür format ilk dəfədir ki, İTV-də yayımlanır. Mənim üçün ən önəmli olan da bu layihənin məhz İTV-də yayımlanmasıdır. Və bunu çox uğurlu, yaradıcı, kreativ düşüncə sayıram. Robotdan istifadə iki cür ola bilər. Robotun arxasında gizlənə də bilərsən, robot vasitəsilə fikirlərini açıqlaya da bilərsən. Bu, tamaşaçı ilə aparıcı arasında bir oyundur. Bu verilişdə çox ciddi mövzulara toxunmaq olar. Bu veriliş ciddi sosial mövzuları oyun tərzində tamaşaçıya çatdırmağa xidmət edir. Yəni əyləncə üsulundan ciddi xəbərlərin verilməsi üçün istifadə edirsən.
Məsələn, mənim üçün “robotun qəbul otağı” və orada baş verənlər maraqlıdır. Qəbul otağının ovqatının efirə çıxarılmasının özü maraqlı yanaşmadır. Bu, bəzi qəbul otaqları haqqında təsəvvür yaradır. Robotun necəliyi, nə dərəcədə çevikliyi də önəmlidir. Hesab edirəm ki, ictimai məsələlərə önəmin artırılması baxımından bu, böyük potensialı olan formatdır. Eyni zamanda risklidir də. Hardasa ipin üzəri ilə hərəkət edilməsinə bənzəyir – hər an yıxılma təhlükəsi var. Amma eyni zamanda məhz robota istinad edilməsi təhlükə riskini azaldır. Mənim üçün maraqlı qalan məsələ planlamanın necə aparılmasıdır. Əvvəlcədən kimin dəvət ediləcəyi planlaşdırılır, yoxsa gedişata uyğun dəvətlilər seçilir? Bir də məncə, proqramın həftədə 4 dəfə efirə çıxması bir layihə üçün çoxdur. Həftədə 4 gün efir vaxtı layihənin gücünü zəiflədər.