MTRŞ-nın QƏRARI: “Bu, Şuranı məsuliyyətdən azad etmir”

Milli Televiziya və Radio Şurasının yaydığı məlumata görə, fevralın 5-də qurumun növbəti iclası keçirilib. İclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbul olunması ilə əlaqədar “Televiziya və radio yayımı haqqında” qanunda edilən dəyişikliklər müzakirə olunub.
 
“Televiziya və radio yayımı haqqında” qanunun 33-cü maddəsində edilən son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi "Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" hüquqi qüvvəsini itirdiyindən Şuranın qərarı ilə ləğv olunub. 



Qulu Məhərrəmli: “Şou-biznes nümayəndələri, o cümlədən müğənnilər bəzən efirdə bayağılığa yol verirlər”


Qərarla bağlı Sherg.az-a fikirlərini deyən professor Qulu Məhərrəmli bildirdi ki, qanunun qüvvədən düşməsi heç də MTRŞ-nı məsuliyyətdən azad etmir: 

“MTRŞ yenə də nizamnəmə və dövlətin yayım siyasətinə uyğun olaraq belə hallarla mübarizə aparmalı, efirlərdə mənfi hallar aşkar etdikdə lazımi tədbirlər görməlidir. Yəni belə fikir yaranmasın ki, MTRŞ bundan sonra yayımla bağlı məsuliyyət daşımır. Əksinə, xüsusilə həssas vaxtlarda bu qurum daha diqqətli olmalıdır”. 

Ekspert onu da vurğuladı ki, efirlərdə zorakılıq, erotika, qəddarlıq hallarına az-az hallarda rast gəlinir və onlarla mübarizə aparmaq MTRŞ üçün çətin deyil:

“Efirlərimizdə neqativ hallar olur, amma elə də çox deyil. Onların bəzilərinin səbəbi qeyri-peşəkarlıq, bəzilərininki isə sensasiya yaratmaq marağıdır. Xüsusilə şou-biznes nümayəndələri, o cümlədən müğənnilər bəzən efirdə bayağılığa yol verirlər. Amma onlar öz hərəkətlərinə fikir verməli, efir mədəniyyətinə uyğun davranmalı, danışmalıdırlar”.