Bu nəşrdə qadınları təhsil ardınca gedib dörd divar arasından çıxmağa səsləyən məqalələr dərc edilib
“Bizlərə elm lazımdır. Bundan ötrü oxuyub, oxudub, tərbiyə alıb tərbiyə vermək lazımdır. Bizlərə elm lazımdır. Elm... Elm... Elm...”
(Əvvəli ötən sayımızda)
XX əsrin əvvəllərində “İşıq” qəzeti kimi sırf qadın mətbuat orqanının meydana çıxması Azərbaycan qadınının ciddi bir ictimai qüvvəyə çevrilməsini təsdiq edən əlamətlərdən biridir. Burada və digər mətbuat orqanlarının səhifələrində qadın müəlliflərinin çıxışlarının getdikcə intensivləşməsi, müxtəlif mövqeli müəlliflərlə fikir mübadiləsində onların öz mövqelərini daha inamla ortaya qoymaları bir daha göstərirdi ki, Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı çoxsahəli, çətin mübarizə nəticəsiz qalmayıb. Əksinə, bu mübarizə cəmiyyətin müxtəlif dairələri içərisində qadın problemləri üzrə mütərəqqi mövqe və meyillərin meydana çıxmasına, getdikcə daha da güclənməsinə dəstək verən əsas amil olub.
“İşıq” qəzetinin tədqiqatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Amalya Qasımova “Şərq”ə açıqlamasında bəyan edib ki, “İşıq” qəzetinin ilk sayı 1911-ci il yanvarın 22-də çapdan çıxıb. Alim vurğulayıb ki, “İşıq”ın nəşri 1912-ci ilin sonunadək davam edib, bu müddətdə 68 nömrəsi buraxılıb: “Qəzetin aşağıdakı bölmələri var idi: Təlimi-nisvan (Qadınların təlimi); Vəzayefe-beytiyyə - (Məişət məsələləri); Hüquqi-müslümə (Müsəlman qadının hüququ) və ya Bacılarıma bir neçə söz - Təbabətə dair, ədəbiyyat, evdarlıq, xəbərlər, elanlar. “İşıq”ın redaktoru Xədicə Ələddin qızı Əlibəyova Azərbaycanın ziyalı qadınlarından biri idi. O, 1884-cü ildə Tiflisdə ruhani ailəsində anadan olub. İlk təhsilini rus-qız gimnaziyasında alıb, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunda oxuyub. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurub. Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edib. “İşıq” qəzeti fəaliyyətini dayandırdıqdan sonra Şəkiyə köçərək həkim-qinekoloq işləyib. Ömrünün sonuna yaxın Bakıya qayıdıb və 1961-ci ildə burada vəfat edib. “İşıq”ın naşiri Mustafa bəy Mirzə Cabbar bəy oğlu Əlibəyov 1872-ci ildə Şəkidə anadan olub. İlk təhsilini Şəkidə alıb, burada ərəb və rus dillərini öyrənib, Tiflis gimnaziyasında oxuyub. Hüquqşünas, vəkil, jurnalist kimi tanınıb. Xədicə Əlibəyova Bakıda böyük nüfuza malik idi. O, 1937-ci ildə həbs edilərək repressiya olunub və 1943-cü ildə Sibirdə dünyasını dəyişib. 1991-ci ildə isə bəraət alıb.
Pedaqoq Nabat Nərimanova, həkim Əminə xanım Batrişina, Çayqıraqlı Həyat xanım, Həlimə xanım Axundova, Xuraman Rəhimbəyzadə, onun anası Asya Axundova, Maral xanım Nəbizadə və başqaları qəzetə tez-tez məqalələr, şeirlər göndərir, qadınların acınacaqlı həyatından söz açırdılar. “İşıq” qəzetində axund, molla və qazılar da çıxış ediblər. Mustafabəy Əlibəyov qəzetə həm rus, həm də Azərbaycan dillərində məqalələr yazıb. “İşıq” qəzetinin səhifələrində həm qadın hüququnu məhdudlaşdıran, onu ağıl və zəkaca zəif adlandıran yazılar, həm də elm, təhsil ardınca gedib dörd divar arasından çıxmağa səsləyən məqalələr dərc edilirdi. İsmayıl bəy Əliyarov qadınları başa salırdı ki, onlar da kişilərlə eyni mövqe tuta bilərlər. O, kişilərə üz tutub deyirdi: “Bu vaxta qədər o biçarələri öz zülmünüz ilə söyüb onlarda olan bütün hissi-insaniyyəti öldürdüz. Dəxi bəsdir onları dili bağlı heyvan dərəcəsinə gətirdiniz. Dəxi bəsdir o zəifləri cinlər, pərilər, tilsimlər, cadugərlər fərmanına verib onları hər bir hoqqabaz falçıların, şəbədəbaz düyünçülərin əlində oyun-oyuncaq etdiniz. Nə qədər ki, arvadlar axund, hacı, molla babanın və onun kimi həzrətlərin şəritədən xaric hökmləri ilə dolanarlarsa, hərgiz demək olmaz ki, müsəlman milləti tərəqqi edib qeyri-millətlər kimi səadətə yetəcəkdir”.
Tədqiqatçı vurğulayıb ki, “İşıq”da “Hüquqi müslimə” və “Övrət, millət anasıdır” - başlıqları altında müntəzəm olaraq Həlimə xanım Axundova çıxış edirdi: “H.Axundova öz məqalələrində qadının kölə vəziyyətinin köklərini axtarıb tapmağa çalışırdı. O, ailədə qızların sevilməməsini və azyaşlı qızların ərə verilməsini tənqid edirdi: “Onlar anadan olandan ta gəzənə kimi qanad altında olurlar. Elə ki, 6-7 yaşına çatdı, onun üçün əlvan parçalardan bir uşaq misalı qayırıb verirlər o biçarənin qucağına ki, indidən uşağı nə cür qucaqda tutmağı və bu kimi əməlləri düşünsün. 12-13 yaşına çatanda biçarəni başlarlar ərə verməyə”. H.Axundova göstərirdi ki, qadın ər evində xoşbəxtlik, səadət tapmır. Əksinə, elə ki, uşağı oldu, biçarənin günü qara olur. Həm ev işi, həm də uşaq saxlamaq, habelə ər zülmü ona göz açmağa imkan vermir. Belə güzəran keçirən savadsız bir qadın isə övladına təlim-tərbiyə verə bilməz. O, qadınları öz hüquqlarını başa düşməyə səsləyirdi: “Bəs bunlar hamısı elmsizlikdəndir. Əgər biz övrət tayfasında elm ola öz hüququmuzu başa düşüb, öz vəzifəmizi anlayıb bu cür bəlalara mübtəla olmarıq”. Həlimə xanım qadınları öz hüququnu başa düşməyə çağırırdı: “Bacılarım, qeyrət vaxtıdır... Dəxi durmaq zamanı keçdi. Bizlərə elm lazımdır. Bundan ötrü oxuyub, oxudub, tərbiyə alıb tərbiyə vermək lazımdır. Bizlərə elm lazımdır. Elm...Elm...Elm...”. O, zülmə, haqsızlığa qarşı çıxaraq ”İnsan olduğumuz halda bizimlə insan kimi rəftar edilməlidir” deyirdi. “Bacılarıma bir neçə söz” başlığında Çayqıraqlı Həyat xanım alovlu məqalələrlə çıxış edirdi. O: “qız xeylağının oxumaq nəyinə lazımdır, bir namaz surəsini bildi bəsdir” - deyənlərə qarşı çıxaraq bacılarını “istibdad altından azad olmağa, hərəkətə gəlməyə” çağırırdı. Qadınlar redaksiyaya göndərdikləri məktublarında öz hüquqsuz vəziyyətlərindən şikayətlənir, məktəblər açılmasını tələb edirdilər. “Dörd divar arasında elmdən, mərifətdən, insaniyyətdən bibəhrə qalıb bu dünyadan getmək bizim üçün eyib deyilmi?” deyən Çayqıraqlı Həyat xanım qadınları fəaliyyətə səsləyirdi. Gəncəli Xuraman xanım Bəyzadə elmə yüksək qiymət verir və bu nadir incini əldə etməyə səsləyirdi: “Yazıq deyilsinizmi? Gedib birinə cariyə olacaqsınız. Bacılarım, bunu da bilməlisiniz ki, hər şey çoxaldıqca ucuzlaşar, fəqət, elm çoxaldıqda bahalanar”. Zərif Əfəndiquliyev rus və Avropa qadınlarının öz hüquqlarını müdafiə üçün cəmiyyətlər yaratdıqlarını, oraya toplaşıb problemlərini müzakirə etdiklərini, müsəlman xanımları üçün də bu cür cəmiyyətlər yaratmağın vaxtı çatdığını qeyd edirdi: “İndiki zamanda maarif və hüquq barəsində fəxr edən Avropa xanımı bizim şəriətimizin arvadlara verdiyi hüquqi-şəriləri cəhətindən bu hüquqlara nail ola bilərdilərmi?” deyə soruşur və öz hökmünü də bildirirdi: “Bəsdir müsəlmanlar! Vaxtdır, qardaşlar, millət analarını böylə zülm içində saxlamaq!”.
Alimin sözlərinə görə, “İşıq” qəzetinin “Təlimi-nisvan” bölməsində verilən materiallar maarifçilik baxımından diqqətəlayiqdir: “Bu yazılarda doğru olaraq göstərilirdi ki, övladın tərbiyəsi valideynin tərbiyəsi ilə bağlıdır. Müsəlman qız məktəbinin türk dili müəllimi N.Nərimanova ananın öhdəsinə düşən vəzifələrin validəlik, mürəbbiyəlik, rəfiqəlik və vərəsəlikdən ibarət olduğunu qeyd edirdi. Müəlliflər sübut etməyə çalışırdılar ki, oxumaq, elm, təhsil almaq nəinki kişilərə, bəlkə onlardan daha çox qadınlara lazımdır. Çünki onlar uşağın tərbiyəsinə baxırlar. Əgər ananın elmi və tərbiyəsi olmasa, onda öz uşağına da tərbiyə verə bilməz. Şamaxı qız məktəbinin müəllimi Gövhər Şövqiyyə yazırdı ki, biz hələ bu XX əsrdə belə hüquqdan məhrumuq və cəhalət məhbəsində əsirik. Millətlərin tərəqqisi kişilərin tərəqqisi ilə deyil, qadınların tərəqqisi ilə ölçülür. Ona görə də təlim-tərbiyə ocaqlarının sayını artırıb, qızları məktəbə cəlb etməliyik.
“İşıq”ın redaktoru X.Əlibəyova qəzetdə “Vəzayefe-beytiyə” başlığı altında məqalələr verirdi. Ailə-məişət mövzusunda yazılmış bu materiallar qəzetin əksər nömrələrində dərc olunub. “Təbabətə dair” şöbəsindəki materialları çox zaman Xədicə xanım özü və həkim Əminə xanım Batrişina yazırdı. Əsrin əvvəlindən başlayaraq mətbuatın əsas mövzusuna çevrilmiş qadın azadlığı probleminə “İşıq” necə yanaşırdı? Qəzet bir tərəfdən mədəni tərəqqi və elm öyrənməyin əhəmiyyətindən bəhs edir, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandırır, din, şəriət çərçivəsini üstün tutur. Bu da təsadüfi deyildi. Axund, molla və qazılar “İşıq” qəzetinə məktublar göndərərək onun işinə istiqamət verir, qadın azadlığı problemi ətrafında müzakirə açılmasının, hicab məsələsinin qadınların xeyrinə həll olunmasının qarşısını almağa çalışırdılar. Qadın ağlına, zəkasına şübhə ilə yanaşan bir çox ziyalı “övrətləri kişilərə nisbətən əql və fərasətləri zəif, qəlbləri lətif və nazik” - kimi xarakterizə edərək bunun əvəzində səliqə, duyğu səbr və qərar kimi gözəl sifətlərin onlarda qərar tapdığı fikrini yayırdılar: “Arvadların ruh və cisminin tab və qüvvəti kişilərinkindən kəmdir. Onlar ancaq yüngül işləri ifa etmək üçün yaranıblar”. Onlar qadının səhərdən axşamacan mətbəxdə çalışmasına haqq qazandırırdılar”.
A.Qasımova qeyd edir ki, Xədicə Əlibəyova qadına təlim və tərbiyənin vacib olduğunu təsdiq edir. Lakin onun fikrincə, bu tərbiyə ana dili və şəriətin, evdarlıq işlərini öyrənib bilməkdən ibarət olmalıdır: “Nəşrə başladığı zaman qəzetin tirajı kifayət qədər idi. Lakin ilin ortasına yaxın müəlliflərin çoxu onunla əməkdaşlığı kəsib, şeir və məqalələr göndərmədilər. “İşıq” “Təəssüflər olsun” adlı yazıda nəşrə başlayarkən onu alqışlayan, təbriklər yazan, öz hüquqlarını müdafiəyə qalxan qadınlara üz tutaraq deyirdi: “Vətənə xidmət beləmi olur? Bağbanı köçmüş, bağçası viran olub, gülləri solmuş bülbüllər kimi haraya qaçıb dağılışdınız”. Qəzet vəziyyətdən çıxış yolu axtarırdı. Nəşri necə olur-olsun qoruyub saxlamağa çalışan Xədicə xanım nüfuzlu ruhanilərə məktublar yazır, onlardan məsləhət istəyirdi: “Ümidvaram ki, göstərdiyiniz xətt ilə hərəkət edib kənara çıxmayım”. Göstərdiyi cəhdlər nəticəsiz qalan X.Əlibəyova ümidsiz vəziyyətə düşərək yazırdı: “Ruhani atalarımızın bir neçəsi bihiss bir heykəl kimi etiraz edib qəzetimizi geri göndərdilər. Onlardan birisi də Bakıda minbərdən camaata: “Hər kim “İşıq” qəzetini oxusa kafirdir”, “Hər kimin evində “İşıq” qəzeti olsa, o ev murdardır” buyurmuşdu. “Çünki övrət qəzetəsinin olması qiyamət nişanəsidir” deyə isbata çalışmışdı”. Qardaşlarım, bacılarım. Bundan sonra heç kəsə ümid bağlamayıb ciddi-cəhd ilə özünüzü, qardaş və bacılarınızı qaranlıqdan işığa çıxartmağa çalışmalısınız”.
Qəzet bu cür çətinliklərlə bir il daha nəşr olunduqdan sonra fəaliyyətini dayandırdı.
“İşıq” qəzeti bütün islam ölkələrində olduğu kimi, Azərbaycanda da qadına köhnə münasibət, patriarxal baxışların hələ də qüvvətli olduğu bir zamanda nəşrə başlamışdı. İlk qadın mətbuat orqanı kimi adı Azərbaycan mətbuat tarixinə yazılan qəzet öz savadsız həmvətənlərinin - qadınların taleyini düşünməyə, maarifə, zülmətdən işığa səsləməkdə ziyalı qadınlarımızı səfərbər etdi. Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova,
Nabat Nərimanova kimi qadın müxbirlər yetişdirdi. Qadınlarımızın oradakı çıxışları aydın göstərdi ki, artıq Azərbaycan qadını oyanmışdı. Öz hüquqsuz vəziyyətini dərk edir, çıxış yolu axtarır. Bu da öz müsbət təsirini göstərməyə bilməzdi”.
Tədqiqatçı vurğulayıb ki, uzun illər “İşıq” qəzeti burjua mətbuat orqanı kimi qiymətləndirilib, onun xidmətlərinə sovet dövrü prizmasından baxılıb: “Lakin dövrün çətinlikləri, dünya baxışlarındakı ziddiyyətlər, qadını lənətləyən zəmanənin çətinlikləri də diqqətdən qaçmamalıdır. Bu qəzetin nəinki təkcə Azərbaycanda, digər ölkələrdə də tanınmasını təmin etmək üçün bir çox işlər görmək lazımdır. Məsələn, qəzetin bütün saylarını latın qrafikasına çevirib kitab şəklində nəşr etmək olar. Digər dillərə çevirib canlı ensiklopediya kimi Azərbaycan qadınının azadlıq mübarizəsinin tarixini yaymaq olar. Qəzetin pedaqoji və tibbi görüşləri mütəxəssislər tərəfindən öyrənilə bilər. “İşıq”ın marketinq fəaliyyətinə tədqiqatçıların nəzər yetirməsi də faydalı olardı. Bundan əlavə qəzet Azərbaycanda gender problemlərini öyrənənlər üçün də maraq dairəsinə çevrilə bilər”.
A.Qasımova bir çox mənbələrdə “İşıq”ın qəzet yox, jurnal adlandırılmasına da münasibət bildirib: “Onun birinci səhifəsində başlığın altında: “İndilikdə həftədə bir dəfə, şənbə günləri nəşr olunacaq tərbiyeyi-ətfala, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir”, onun altında isə rusca: “Ejenedelnaya qazeta” sözləri yazılıb. Xədicə xanımın müasirləri də “İşıq”a qəzet kimi yanaşmışdılar. Azərbaycanın müxtəlif bölgələrindən qəzetə göndərilən oxucu məktublarında “Qəzetinizi aldım”, “İşıq” qəzetini oxudum” kimi sözlər var. “İşıq”ı Azərbaycan mətbuatı tarixində ilk qadın mətbuat orqanı və həftəlik qəzet adlandırmaq lazımdır.