İstanbul danışıqları: Media sahəsində yeni ortaq layihələr hazırlanır

İstanbulda Türkiyə ilə Azərbaycan arasında media və kommunikasiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi müzakirə edilib.

Sherg.az xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X"dəki hesabında yazıb.

"Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – "Stratcom Summit 26" çərçivəsində Azərbaycanın Media İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılovla bir araya gəlməkdən məmnun oldum.

Görüşümüz zamanı Türkiyə ilə qardaş ölkə Can Azərbaycan arasında media və kommunikasiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin hazırlanması və strateji kommunikasiya sahəsində koordinasiyanın artırılması məsələlərini müzakirə etdik.

Prezidentimizin rəhbərliyi altında davam edən güclü Türkiyə-Azərbaycan münasibətlərinin kommunikasiya sahəsində də institusional və davamlı təmələ çevrilməsinə böyük əhəmiyyət veririk.

"Bir millət, iki dövlət" prinsipi ilə əməkdaşlığımızı daha da gücləndirərək birgə səylərimizi qətiyyətlə davam etdirəcəyik", - B.Duran qeyd edib.