Tamaşaçılar sevinmişdi, alınmadı: Bədii şuralar da vəziyyəti dəyişmək gücündə deyil




Hələ də televiziyalarda efir mədəniyyəti pozulur, aparıcılar, verilişə dəvət olunmuş qonaqlar etik çərçivələri aşır



“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şuranın növbəti iclasında qərara gəlinib ki, bədii şura üzvləri ictimaiyyətlə ardıcıl olaraq ayda iki dəfə görüşsün və bu görüşlər veriliş formatında həftə sonu efirdə yayımlansın. Təklif Şura üzvlərindən gəlib. Nə məqsədlə, bunu aydınlaşdıraq. Öncə onu qeyd edək ki, ötən il tv-lərdə Bədii Şura “bumu” yaşandı. Başda dövlət televiziyası olmaqla, İctimai Televiziya və özəl telekanallarda bədii şuralar yarandı. Hamısının da tərkibi sanballı, nüfuzlu hesab edilən mədəniyyət, incəsənət xadimləri ilə dolub daşdı. Nə dərəcədə faydası oldu, ona da qayıdacağıq. İndilik AzTV-dəki Bədii Şuranın ictimaiyyətlə keçirəcəyi görüşlərin veriliş formatında yayımlanması təklifinin hansı zərurətdən doğduğuna baxaq. 
    
Sözügedən toplantıda öncə QSC sədri Rövşən Məmmədov bu günlərdə qeyd olunan AzTV-nin 64, “Mədəniyyət” kanalının isə 9 yaşı münasibətilə şura üzvlərini təbrik edib. Sədr, eyni zamanda BŞ üzvlərinin ictimaiyyətlə Xəzər rayonunda baş tutan görüşünün nəticələri ilə maraqlanıb. Şura üzvləri - Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Xalq artistləri Faiq Sücəddinov, Mübariz Tağıyev, Ramiz Quliyev, Mənsum İbrahimov, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, professor Ceyran Mahmudova və digərləri çıxış edərək ictimaiyyətin Xəzər rayonunda da Azərbaycan Televiziyasını isti münasibətlə qarşıladıqlarını bildiriblər. Şura üzvləri daha sonra rayon sakinləri ilə görüşdə Azərbaycan Televiziyası ilə bağlı qaldırılan fikir və təkliflərini səsləndiriblər. Rövşən Məmmədov qeyd edib ki, ictimaiyyətin rəy və təklifləri televiziyanın efir siyasətinin yürüdülməsi üçün vacib amildir.

Daha sonra iclasda cari məsələlər müzakirə olunub. Təkliflər səslənib, hansı ki, onlardan biri də Bədii Şura üzvlərinin ictimaiyyətlə keçirəcəyi görüşlərin veriliş formatında efirdə yayımlanmasıdır. Şura üzvləri bu qənaətdədir ki, görüşlər  zamanı bildirilən iradlar və irəli sürülən təkliflər efirdə yayımlanması işin xeyrinə olacaq. Bu irad və təkliflər televiziyanın efir siyasətindəki çatışmazlıqları üzə çıxara biləcək. Kənar seyrçi, yəni tamaşaçı daha yaxından baxır televiziyaya. Və ola bilsin ki, şura üzvlərinin, hətta ən peşəkar tv-əməkdaşlarının gözündən yayınan məqamlara məhz tamaşaçı diqqət yetirmiş olsun. Tamaşaçının rəylərinin nəzərə alınması tv-dəki çatışmazlıqların aradan qaldırılmasına yardımçı ola bilər. 
Bədii Şuranın növbəti görüşünün Bakı Dövlət Universitetində tələbələrin iştirakı ilə keçirilməsi də qərara alınıb.

Bədii şuralar gəldi, nə iş gördü? 


Bədii şuraların yaranması səbəbsiz deyildi. Yerli telekanallardan, xüsusilə də özəllərdən artan narazılıq, nəhayət, bədii şuraların yaranması zərurətini gündəmə gətirdi. Və bədii şuralar formalaşdı. Niyə məhz özəl televiziyalardan daha çox narazılıq olduğunu vurğuladıq, çünki müəyyən kəsim tərəfindən tənqidlərə məruz qalsa da, Azərbaycan Dövlət Televiziyasının özünün bir əsrlik təcrübəsinə əsaslanaraq istər proqram siyasətində, istərsə də, əyləncəli verilişlərin hazırlanmasında milli adət-ənənələrə, dəyərlərə ən çox sadiq qalan televiziyadır. Peşəkarlıq da burada öz sözünü deyir. Diktorların nitq mədəniyyəti, aparıcıların professionallığı, siyasi, ictimai biliklərə malik olmaları və əlbəttə ki, mövcud ənənələr Azərbaycan Dövlət Televiziyasını son illər ən baxımlı kanal edib. Halbuki, “özəl televiziyalar daha müstəqildir, daha sərbəstdir”, qənaəti (özünü doğrultmayan qənaət – red.) onların tamaşaçı auditoriyasını artırmalı idi. Auditoriya isə bir-iki dəfə aldana bilər, istədiyini görə bilməyən və ya, gec-tez bayağılıqdan bezən tamaşaçı yenə pultun düymələrində «1»i - «doğma televiziya»nı - Az.TV-ni seçir. Bununla, özəl telekanalların fəaliyyətini sıfırlamaq niyyətində deyilik. Özəl televiziyalarda da baxımlı, düşündürücü, insanı ekran qarşısına kilidləyən proqramlar, tok-şou və əyləncə proqramları var. Lakin bəzi hallarda efir mədəniyyətinin pozulması, aparıcılar, verilişə dəvət olunmuş qonaqlar tərəfindən etik çərçivələrin aşılması, kobud səhvlərə yol verilməsi halları da yaşanır.      
Bu baxımdan telekanallarda bədii şuraların yaradılması xəbərindən ilk sevinən məhz tamaşaçılar olması da həqiqətdir. Tamaşaçı düşünür ki, televiziyalarda efirə gedəcək proqramlar artıq mütəxəssislər tərəfindən bəyəniləcək, əyər-əskiklər düzələcək və ortaya keyfiyyətli məhsul qoyulacaq. 
Amma yox, hələ də bədii şuraların “hansı məzhəbə qulluq etdiyi” bilinmir. Görünmür. Bu qədər şura üzvü toplantılara gəlib - əgər həqiqətən də iclaslara gəlir və fikir mübadiləsində iştirak edirlərsə, o zaman özəl tv-lərin mənzərəsi niyə müsbətə doğru dəyişmir? Nə edir bu şura üzvləri? Biri-birini, yekun olaraq da tv rəhbərliyini tərifləyib dağılışıb gedirlər, yoxsa?!    

Hələki aktiv olan yalnız Azərbaycan Dövlət Televiziyasında yaradılmış Bədii Şuradır. Bədii Şura üzvləri ötənlərdə regionlara səfərə də çıxmışdı. Məqsəd, yenə də tamaşaçıların rəyini yerində öyrənmək, onların irad və təkliflərini dinləmək, gələcək fəaliyyətdə tamaşaçıların arzu və istəklərinin nəzərə alınması idi. Halbuki belə bir fəaliyyət özəl telekanallarda yaradılmış bədii şuralarda görünmür. 

Məsələn, «Xəzər» televiziyasının Bədii Şurası Xoşqədəm Hidayətqızı, kultroloq Fuad Məmmədov, millət vəkilləri Elman Nəsirov, Elmira Axundova, Qüdrət Həsənquliyev, Nizami Cəfərov, Novruz Aslan, yazıçı Həmid Herisçi, xalq artistləri Həmidə Ömərova, Nazpəri Dostəliyeva, kinoşünas Ayaz Salayevdən ibarət idi. İndi ola bilsin Şuranın tərkibində dəyişiklik edilib, çünki rəhbərlik dəyişib. 
Amma son günlər ən çox tənqidlərə məruz qalan da məhz “Xəzər” TV-dir. İndi “Xəzər” TV müğənni Rəqsanənin müğənni olmayan qızı Aysunun oxuduğu “məni dilim-dilim doğramısan… filan… və sairə” “gic-gici” mahnısı ilə identifikasiya olunur. Görəsən, bu mahnı telekanalın Bədii Şurasında təmsil olunan mədəniyyət və incəsənət xadimlərinin xoşuna gəlir? Başqa nəsə yazmaq istəmirik. Çünki digər özəl telekanallar da eyni qara günlüdü. Bir axşam “Xəzər” TV-yə qonaq olan müğənni, ertəsi gün axşam mütləq ATV-nin efirində boy göstərir. Elə bil, siyahıya alınıb, zalım uşağı!..    

“Ailələrimizin” telekanalları ailələrimizə nə verir?   


Bu günlərdə Orxan Bahadırsoy müəllif yazısı ilə çıxış edib. Sputnik.az-da yayılmış məqalə tv-lərin hazırkı durumuna işıq salır. 
Yazar hesab edir ki, televiziyada və radioda çox az, barmaqla sayılacaq qədər, kömür qaranlığında 3-5 atəşböcəyi kimi istedadlı, bilikli, bacarıqlı adamlarımız var, onlar da bir kənarda, inzivada səssizdirlər: 

- Qəribədir. Sən yerli telekanalları izləməkdən imtina edirsən, həm telekanallarda yayımlanan ürəkbulandırıcı verilişlər isə iradənin əksinə olaraq sosial şəbəkələrdən sənə boylanır. Elə bu yaxınlarda sosial şəbəkədə gördüm ki, yerli teleməkanda “ailənizin kanalı” təxəllüsü ilə meydan sulayan telekanalın ən bayağı verilişlərinin birində iki nəfər əcaib bir şey oxuyurdular. Sözlərini bura yazmağı da, hər hansı video keçid yerləşdirməyi də özümə ar bilirəm. Üzrlü sayın.

Bu arada, mən o sözləri bura yazmağı, o səsin və o əcaib oxumanın video keçidini yerləşdirməyi özümə bu qədər ar bildiyim halda, onu oxuyanlar və o oxuyanları öz pavilyonuna dəvət edənlər necə olur ki, utanmırlar, qızarmırlar, xəcalət çəkmirlər? Hələ bir gülümsəyir, çəpik də çalırlar. Hiddətin həddi-hüdudu yoxdur!
Bu məqamda istədim ki, yerli telekanalların – bir-iki telekanal, o cümlədən İctimai Televiziya istisna olmaqla - həqiqi mahiyyətini həm xalqımızın, həm də bu telekanal rəhbərlərinin və onların əməkdaşlarının nəzərinə çatdırım. Onlar kimdir?
Müasir Azərbaycan mədəniyyətinin son otuz ildə uçuruma yuvarlanmasına, xalqın informasiyadan, ciddi sənət nümunələrindən, elmi-mədəni, ictimai-siyasi maariflənmədən məhrum qalmasına səbəb olanlardır onlar.

Mavi ekranda cin çıxaranlara, xalqa şəhadət barmağı silkələyən falçılara, cadugərlərə, ekstrasenslərə, parapsixoloqlara səhnə verənlərdir onlar. Bu fırıldaqçılar yaxın keçmişdən başlayaraq televerilişlərdə ya daimi ekspert, ya da aparıcı işləməyə başladılar!
İnsan taleləri üzərində qurulmuş ağır dramatik şoulardan reytinq qazananlar, bütün növ maddi-mənəvi ləyaqətsizlikləri efirə verib, sonra elə həmin efirdəncə ləyaqətdən, əxlaqdan, vicdandan, mənəviyyatdan, hətta, sənətdən və mədəniyyətdən danışanlardır onlar!
Azərbaycan dilini bilməyən, Türkiyə türkcəsindən, ruscadan, ingiliscədən qarışdırılaraq ərsəyə gətirilmiş eybəcər, çirkin bir dillə 20 ildir telekanalların simasına çevrilmiş biliksiz, bacarıqsız, mədəniyyətsiz aparıcılara şöhrət, nüfuz və var-dövlət bəxş edənlərdir onlar!
Yaltaq, qorxaq, savadsız, mənfəətxor, tamahkarlıq edənlər, əsassız materiallarla, yalanlarla süjetlər hazırlayanlar, ən böyük uğuru hansısa müğənninin bir çılpaq nahiyəsini görüntüləmək olanlardır onlar!

Mədəniyyətimizin tənəzzülündə, təfəkkürümüzün süqutunda ən böyük payı olan, oyanışımızın, dirçəlişimizin, yüksəlişimizin qarşısında tikanlı məftil kimi dayanan, bütün böyük amalları, müqəddəs məqsədləri öz kiçik məişətinə xaincə qurban verənlərdir onlar!
Mən onların hamısını təbrik edirəm! Onlar elmlə cəhalətin, sənətlə bayağılığın, doğru ilə yalanın, Xeyir ilə Şərin savaşında qalib olan cahillər, bayağılar, yalanlar və şərlərdir! Qələbə isə həmişə alqışlanmalıdır! Təbrikə layiqdirlər, çünki zəfər bayrağı hələ ki, onlardadır.
Çox az, barmaqla sayılacaq qədər, kömür qaranlığında 3-5 atəşböcəyi kimi istedadlı, bilikli, bacarıqlı adamlarımız var televiziyada və radioda. Onlar da bir kənarda səssizdirlər. Çünki onlar əlində qələbə bayrağı tutmuş və meydanda dik-dik boy göstərən bu şəxs və ya qruplara acizcə təslim olub, ağ bayraq qaldırıblar! Məğlublar isə təbrik edilmir!

TV-lər qalan az-çox incə zövqləri də kobudlaşdırdı


Hal bu ikən TV-lərdəki Bədii Şuralardan nə gözləyək? Nə qədər ki, bədii şuralarda bütün parametrləri ilə bir-birinə ziddiyyət təşkil edən insanlar toplaşıb şura vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyəcək. O adamlar ortaya nəsə qoya bilərlər ki, eyni düşüncəyə sahibdirlər, bir-birinin ictimai nüfuzunu qəbul edirlər. Uzun illər televiziya tribunasından ən əxlaqlı davranışı, ən əxlaqlı geyim tərzini, sənət peşəkarlığını cəmiyyətə mədəniyyət adamları sərgiləyib. Televiziya müstəvisi bu gün də onların əlindədir. Amma indi nə sənət nümayiş olunur, nə yüksək mənəvi dəyərlər. Xeyli vaxtdır ki, ölkənin xeyli sayda yeni nəsil mədəniyyət nümayəndələri, hətta köhnə nəslə mənsub bir qrup sənətkarlar sanki mənəvi terrorla məşğul olmaq öhdəliyi götürüblər. Hamı palaza bürünüb, elnən sürünür. Başlıca günahkarsa, öz işini ucuz metodlar, reytinq prinsipləri üzərində quran özəl radio və televiziyalardır. Özəl telekanalların saxta reytinq və bundan irəli gələcək gəlir ardınca qaçmaları, indiyədək özünü qoruya bilib salamat qalan az-çox zövqləri da korladı. Adam şübhə  edir ki, Bədii Şuranın tərkibi eyni yox, məhz müxtəlif keyfiyyətə sahib insanlardan ona görə formalaşıb ki, heç nə dəyişməsin, hər şey əvvəlki şəkildə saxlansın, çünki burada televiziyaların biznes maraqları iflasa uğraya bilər. Axı reklam şirkətləri reklamlarını böyük tamaşaçı auditoriyası olan televiziyalara verirlər. Soyunmaq, tam vulqar geyimlər seçmək, savaşmaq, bir-birinə əl qaldırmaq tamaşaçı toplamaq üçün yol deyil, amma reallıq belədir. Gəlin görək, Bədii Şuraların tərkibindəki isimlər öz həmkarlarına yeni efir mədəniyyəti qadağasını qoya biləcəklərmi? Bəlkə sözdə belə olacaq, amma praktik olaraq bunun baş verəcəyinə inam azdır.