Xəbər verdiyimiz kimi bir neçə gün öncə REAL TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb. Bu barədə açıqlama verən tanınmış jurnalist bildirib ki, növbədənkənar parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:
“Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı.Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orda işləməyi istəmirik”.
Modern.az-ın əməkdaşı Ləman Ələşrəfqızı ilə əlaqə saxlayaraq, yeni iş təklifləri alması barədə məlumat öyrənib.
Tanınmış jurnalist hazırda bir neçə yerdən iş təklifi aldğını bildirib:
“Əlbəttə iş təklifləri alıram. Hətta bir iş təklifini dövlət qurumundan aldım. Amma hələ ki nəticəni gözləyirəm. İnanırsınız, canımda həm fiziki, həm də mənəvi o qədər yorğunluq var ki, ona görə də işləməyə tələsmirəm. Dairədən narazılığımla bağlı sənədləri MSK-ya dünən təqdim etdim. Yəni hələ ki işimiz bitməyib. Çünki hər gün seçicilərim mənə yazır ki, noldu bu işin axırı. İş təkliflərinə gəldikdə isə, hələ ki dəyərləndirmirəm, bu məsələlər bitəndən sonra qərar verəcəm”.
Qeyd edək ki, Ləman Ələşrəfqızı 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd olub.