Qlobal Jurnalist Şurası (Global Journalism Counsil) beynəlxalq jurnalist təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb. Təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlının adından yayılan açıqlamada dünyada insanlığa qarşı törədilən hər bir akt pislənilir, insanlar dinc, yanaşı yaşamağa çağırılır.
Bəyanatda daha sonra deyilir:
“Bu gün dünyada insanlığa qarşı törədilən faciə kimi qəbul edilən, adı Holokost, Srebrenitsa soyqırımları ilə birgə çəkilən Xocalı soyqırımının 28 ili tamam olur.
Bu soyqırımını törədənlər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.
Odur ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsini, Beynəlxalq Cinayət Məhkəməsini Xocalı soyqırımına qiymət verməyə çağırırıq.
Bu məsələdə jurnalistlərin üzərinə böyük yük düşür. Hər bir jurnalist doğrunun yanında, insanlığın yanında olmalıdır.
Jurnalistlər hər zaman insanlığı müdafiə etməli, şər qüvvələrə qarşı mübarizə aparmalıdır.
Qlobal Jurnalist Şurası bir daha bütün dünyada insanlığa qarşı olan hərəkətləri pisləyir. Belə halların bir daha baş verməməsi üçün cinayətkarların cəzalandırılmasını tələb edir, insanları sülh, barış içində yaşamağa çağırır”.