Peşəkar media şayiələrin qarşısını almalıdır: Yalan məlumatlar cəmiyyətə təhlükədir

Dünyanı dəhşətə salan koronavirusla bağlı sosial şəbəkədəki səs yazısı ildırım sürətilə yayıldı, əhali təşvişə düşdü. Səs yazısında Azərbaycanda da guya koronavirusa yoluxanların olması və bir neçə nəfərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi xəbər verilirdi.  Sözügedən səs yazısı əvvəlcə “WhatsApp” tətbiqində, daha sonra isə sosial şəbəkələrdə yayılmışdı. Onsuz da hər kəs etiraf edir ki, sosial şəbəkə, internet 21-ci əsrin bəlasıdır. Daha nələr yazılmır, nə cür videolar paylaşılmır?! Biri gizli çəkiliş aparıb, kimisə şantaj edir, biri narkotik maddə “reklam” edir. Biri nənəsini videoya çəkir, biri dədəsini. Bəlkə də hansısa məlumatı əyləncə, ucuz reklam hesab edib üzərindən ötəri keçmək olar. Amma söhbət dövlət maraqları, ictimai əhəmiyyət, vətəndaşların təhlükəsizliyindən gedirsə, bu tip informasiyaların yayılmasının qarşısının alınması, məlumatların dayandırılması vacib hal alır. Rəsmi strukturlar bu məsələdə son zamanlar çevik davranır. Bəs media, oxucu sayının süni artırılmasına xidmət edən belə halların qarşısını necə almalıdır?

Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı səs yazısı yayıldıqda Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yaydı. Məlumatda bildirilirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayrılmış dövlət tibb müəssisələrinə yerləşdirilirlər. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.
Məlumatın həqiqətə uyğun olmadığını xəstəxananın rəhbərliyi də təsdiqləmişdi.
Sonra isə sosial şəbəkələrdə Lənkəran şəhərində koronavirusa yoluxmuş şəxslərin olması ilə bağlı səsyazısı yayanlar saxlanıldı.

Saxlanılanlar - Lənkəran şəhər sakini Seymur Fətullayev və Şəhər Mərkəzi Xəstəxanasının həkimi Fərid Rüstəmov etiraf edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onlar öz aralarında zarafat edib və bu, ciddiyə alınaraq sosial şəbəkələrdə yayılmağa başlayıb. Şəhər sakinləri etdiyi əməldən peşman olduqlarını bildiriblər.

S.Fətullayev bildirib ki, dostlarına zarafat üçün atdığı səsyazısı bir müddət sonra yayılmağa başlayıb və qarşısını almaq mümkün olmayıb:

“Xəstəlik barədə ordan-burdan eşitdik. Fərid həkimə zəng vurdum, o da dedi ki, hə, belə bir şey var. Mən də zarafata qrupa səs atdım və sonradan həmin səs yayıldı”. “Koronavirus” xəbərinin ictimai təhlükəsi beləcə dayandırıldı. Amma təhlükələr bununla bitirmi?  

Sosial mediadan məkrli məqsədlər üçün istifadə edirlər


Məlumdur ki, internetin imkanlarından qanunsuzluq, cinayət xarakterli əməllərin təbliğatı üçün istifadə edənlər də var, təəssüf ki. Müsbət olansa budur ki, bu cür əməllər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır və buna cəhd edənlər müəyyənləşdirilərək zərərsizləşdirilir. Bir müddət əvvəl “İnstaqram” sosial şəbəkəsindəki narkotik vasitələrin qəbulunun təbliği ilə məşğul olan Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyev Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin “İnstaqram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki Elcan Şahverdiyevin profildə narkotik vasitələrin qəbulunun təbliği ilə məşğul olduğu barədə məlumat verilib və DİN də hərəkətə keçib. 
E.Şahverdiyev ifadəsində “İnstaqram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.



“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edir ki, son vaxtlar sosial şəbəkələr üzərindən şantaj halları çoxalıb:

- Qadınlara qarşı, hər hansı formada təqib olanda bizə edilən müraciət əsasında biz də hüquq-mühafizə orqanlarına müraciət edirik və lazımi tədbirlər görülür. Məsələn, bizə 3 nəfər xanım müraciət etmişdi. Onların müraciəti təxminən eyni mahiyyət daşıyırdı. Belə ki, sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olan qadın 6 il müddətinə təqiblə yanaşı, seksual zorakılığa da məruz qalıb.
Qadınlardan biri 30 yaşlarında ailəsindən ayrılmış biri olub. Facebook sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olub. Onlar görüşməyə başlayıb. Kişi qadınla evlənəcəyinə inandırır. Bir müddət görüşdükdən, münasibətdə olduqdan sonra onun dediklərinin yalan olduğunu görən qadın kişidən ayrılmaq istəyib.

Amma kişi hər dəfə çəkilmiş şəkillər, videolarla onu şantaj edərək təqib və qorxu altında saxlayıb. Həmin “materiallar”ı sosial şəbəkələrdə yayacağını bildirib. Qadın çıxış yolu tapa bilməyəndə bizim sığınacağa gəldi. Biz ərazi üzrə polis idarəsinə müraciət etdik və məsələ həll olundu. Xanım rayondan gəlmişdi. Ailə üzvlərinin qorxusundan məsələni ictimailəşdirə də bilmirdi. Biz hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra həmin kişi cinayət məsuliyyətinə cəlb olundu.
İllərin problemidir bu. Ya pul qazanmaq, ya qisas almaq, ya da sadəcə xuliqanlıq etmək, öz aləmində bundan keyf almaq məqsədilə edilir.
XX əsrin sonu - XXI əsrin texnologiya əsri kimi tarixə düşməsi əbəs deyil, elm və texnikanın inkişafı o mərhələyə çatıb ki, artıq bütün həyat elektronlaşır, məxfilik imkanları azalır, təhlükələr və risklər atrır. Xüsusilə də internet, mobil telefonlar və onların çoxsaylı funksiyaları icad olunandan bəri ağla gələn və gəlməyən hadisələrlə qarşılaşırıq. Şayiə xarakterli məlumatların yayılması, şantaj, təxribat kimi hərəkətlər mobil telefonların və internetin vasitəsilə çox asanlıqla həyata keçirilir. Heç kəs şantajdan, hər hansı təxribatlardan sığortalanmayıb. Bu qara bəla hər bir kəsin ən gözlənilməz bir vaxtda yaxasından yapışa bilər. Odur ki, heç kəs "bu, mənlik deyil", "şantajçının mənimlə nə işi var?" kimi fikirlərlə problemi özündən uzaqlaşdırıb, özünü tam təhlükəsiz və ya sığortalı hesab etməsin. Həyat risklərinin artdığı, insan beyninin heç nə qarşısında aciz qalmadığı, sürprizlərlə dolu XXI əsrdə hər kəs özünü qorumağı bacarmalıdır. 



Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, internet əsrində şayiələrin, əsası olmayan, kütləvi maraq doğurmaq, “tanınmaq” üçün yayılan xəbərlərlə istəməsək də, qarşılaşırıq. Bu, reallıqdır. 

Xəbər yayımının qarşısını almaq mümkün deyil. Bunun sadə yolu şayiə xarakterli məlumatın qarşısına rəsmi təsdiqlənmiş, sübutlara söykənən məlumatlarla çıxmaqdır. Necə ki, tarixi həqiqətləri saxtalaşdırmağa cəhd edənlərin qarşısına tutarlı faktlar qoyub, həqiqəti üzə çıxarırlar, eləcə də peşəkar media saxta məlumatları doğru, dəqiq, təsdiqlənmiş obyektiv məlumatlarla informasiya müstəvisindən çıxarmalıdır: 

- Əvvəla onu deyim ki, şayiə xarakterli məlumatlar yayan insanlar şərti olaraq iki qrupa bölünür. Onlardan bəziləri yaranmış əlverişli mühitdən istifadə edərək müəyyən məhsulların satılmasında maraqlıdırlar. Yadınızdadırmı, “donuz qripi”, “quş qripi” yayılan zaman nə qədər qoruyucu tibbi “maska”lar, “qiyamət gününün yaxınlaşması” ilə bağlı xəbərlər yayılarkən nə qədər şam satılmışdı?! Hətta iş o yerə çatmışdı ki, mağazalarda şam tapmaq mümkün deyildi. Nəticədə işbaz insanlar digərlərinin narahatlığı və həyəcanı hesabına öz məqsədlərinə çatdılar. Digər qrup şəxslər isə sadəcə diqqət mərkəzində olmaq, özlərini “lazımlı adam” kimi göstərmək istəyirlər. Çünki hamı yayılan məlumatın mənbəyinin kimliyi ilə maraqlanır, ona diqqət göstərir. Həmin şəxsləri başqalarının keçirdiyi hisslər yox, ancaq öz “imici” düşündürür. İnsanlara məsləhət görərdim ki, yayılan məlumatları mütləq həqiqət kimi qəbul etməsinlər, sadəcə ehtiyatlı olsunlar”.
Qeyd etdiyimiz kimi, bu cür şayiələri yayanlar cəmiyyət arasında narahatlıq yaradır, səbəbsiz stresə, həyəcana səbəb olurlar. Onlar haqqında mütləq inzibati tədbir görülməlidir. Çünki burada söhbət ictimai təhlükəlilik, əhalinin əsassız halda narahatlığına səbəb olmaqdan gedir. Kimsə səs yazısı yayır və sonra məsələdən məlumatlı olmayan, əzizlərini düşünən şəxslər həmin məlumatı başqalarına göndərirlər. Texnologiyanın imkanları istənilən məlumatın sürətlə yayılmasına şərait yaradır. Nəticədə ilkin mənbənin tapılması çətinləşir, bəzən də mümkün olmur. Əgər ilkin mənbəni tapmaq mümkündürsə, o şəxs mütləq cəzalanmalıdır. 
Fikir verdinizsə, koronavirusla bağlı yayılan şayiə xarakterli səs yazısına Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəsmi açıqlama verdilər, bununla da təşviş aradan qalxdı. Amma təəssüf ki, biz ictimaiyyət olaraq bu cür operativ fəaliyyətlərin heç də hər zaman şahidi olmuruq. Bəli, texnologiyanın sürəti inanılmazdı. Amma eyni zamanda elə bu texnologiyanın imkanları saxtakarların, ictimaiyyət üçün təhlükə törətməyə çalışanların, milli adət-ənənələrimizi təhdid edən videoları yayanları aşkarlamağa da kömək edir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, ümumilikdə hüquq-mühafizə orqanları yaramaz işlərlə məşğul olanları aşkarlayıb məsuliyyətə cəlb etməlidir. Sosial şəbəkə qarşısı alınmayan dalğadır. Təhlükə dərəcəsini azaltmaq, vətəndaşlara doğru, obyektiv, dəqiq informasiya ilə təmin etmək əlbəttə, peşəkar medianın üzərinə düşən vəzifədir. Bunun üçün də media dövlət orqanları ilə əməkdaşlıq etməlidir. Rəsmi qurumlar, onların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri də mediaya açıq olmalı, informasiya sürətini nəzərə alıb onlar da çevik davranmalıdırlar.