Parlament televiziyasının yaradılması faydalı ola bilər

Ancaq bu digər KİV əməkdaşlarının parlamentdən material hazırlamasına əngəl olmamalıdır


Deputat Azər Kərimli  Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, internet televiziyasının yaradılması Milli Məclisin daha geniş təmsil olunmasına şəriat yaradacaq. 
Deputat  bildirib ki, peşəkar insanlar tərəfindən hazırlanan materiallar həm də etibarlı istinad mənbəyi ola bilər. 

 Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də dünyanın əksər ölkələrində bu praktikadan istifadə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bir sıra ölkələrdə parlamentlərin gündəlik fəaliyyətini işıqlandıran xüsusi telekanallar olur:

"Əlbəttə, ayrı-ayrı KİV-lər də orada iştirak edib istədikləri mövzular üzrə əlahiddə araşdırma aparırlar. Burada heç bir maneə olmur. Sadəcə, ixtisaslaşmış TV kanal parlament fəaliyyətini fasiləsiz, bütün detalları ilə təqdim edir. Əgər ölkəmizdə də tətbiq edilərsə, məncə çox fayda vermiş olar. Çünki bizim ümumi yayımlı KİV-lər siyasi xəbərlərdən, qanunları, qaydaları əks etdirən xəbərlərdən daha çox fərqli verilişlərə, məxsusən şou-proqramlara çox yer ayırırlar. 

Təbii ki, onların auditoriyaları, müəyyən maraqları bunu tələb edir.

Bu isə ciddi xəbər izləyicisi olan auditoriya üçün əlverişli deyil. Bu baxımdan, ixtisaslaşma getməlidir, hər kəs öz auditoriyasına uyğun xəbərləri zənginləşdirməlidir. Amma burada nəzərə alınmalı bir məqam var: əgər təklif müəllifi olan deputatlar fikirləşirlərsə ki, parlament fəaliyyətini işıqlandıran xüsusi tv kanal yaradılsın və bundan sonra ayrı-ayrı KİV-lərin əməkdaşlarının parlamentə gəlmələri məhdudlaşdırılsın, bu, yanlış istiqamət olardı. Xüsusi tv kanalın mövcudluğu ümumi KİV-lərin əməkdaşlarının parlamentə girişinə məhdudiyyət tətbiq edilməsi üçün əsas olmamalıdır”.