Parlament televiziyasının yaradılması vətəndaşlar, seçicilər üçün faydalı olar
Millət vəkili Azər Kərimli Milli Məclisdə parlament televiziyasının yaradılması təklifi ilə çıxış edib. Deputatın sözlərinə görə, internet televiziyasının yaradılması Milli Məclisin daha geniş təmsil olunmasına şərait yaradacaq. O həmçinin bildirib ki, peşəkar insanlar tərəfindən hazırlanan materiallar həm də etibarlı istinad mənbəyi ola bilər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də Milli Məclisin öz televiziyası olmasını vacib hesab edir.
Milli Məclisin iclaslarının televiziyalarda yayımlanmasının önəmini diqqətə çatdıran Q.Həsənquliyevin sözlərinə görə, bu halda seçicilər canlı şəkildə parlamentdə səsləndirilən fikirlərlə tanış ola biləcəklər: “Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışır və həmin problemlər onlarla bərabər seçdikləri millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemlərdən söhbət açıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Bu baxımdan, Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər də burada hansı məsələlərin müzakirə olunduğunu bilsinlər, seçdikləri insanların fəaliyyətini yaxından izləsinlər. Ötən plenar iclasda deyirdik ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır və haqlı olaraq qeyd edildi ki, yox, aparılır. Amma çox təəssüf ki, o televiziyalara çox az sayda insanlar baxır. İnsanlar televiziyaları açanda orada nəyi görürlər? Görürlər ki, bir tok-şou, yaxud siyasi əhəmiyyətli müzakirə gedir və öncədən bilirlər ki, burada yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də belə verilişləri izləmək çox da maraqlı olmur. Bu səbəbdən ya şou proqramlara baxırlar, ya da kanalı dərhal dəyişirlər. Buna görə də mən hesab edirəm ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi öz televiziyası olmalıdır. Qapalı iclaslar istisna olmaqla, bütün toplantılar canlı yayımlanmalı və təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi...”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də dünyanın əksər ölkələrində bu praktikadan istifadə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bir sıra ölkələrdə parlamentlərin gündəlik fəaliyyətini işıqlandıran xüsusi telekanallar olur: "Əlbəttə, ayrı-ayrı KİV-lər də orada iştirak edib istədikləri mövzular üzrə əlahiddə araşdırma aparırlar. Burada heç bir maneə olmur. Sadəcə, ixtisaslaşmış TV kanal parlament fəaliyyətini fasiləsiz, bütün detalları ilə təqdim edir. Əgər ölkəmizdə də tətbiq edilərsə, məncə, çox fayda vermiş olar. Çünki bizim ümumi yayımlı KİV-lər siyasi xəbərlərdən, qanunları, qaydaları əks etdirən xəbərlərdən daha çox fərqli verilişlərə, məxsusən şou-proqramlara çox yer ayırırlar.
Təbii ki, onların auditoriyaları, müəyyən maraqları bunu tələb edir.
Bu isə ciddi xəbər izləyicisi olan auditoriya üçün əlverişli deyil. Bu baxımdan, ixtisaslaşma getməlidir, hər kəs öz auditoriyasına uyğun xəbərləri zənginləşdirməlidir. Amma burada nəzərə alınmalı bir məqam var: əgər təklif müəllifi olan deputatlar fikirləşirlərsə ki, parlament fəaliyyətini işıqlandıran xüsusi tv kanal yaradılsın və bundan sonra ayrı-ayrı KİV-lərin əməkdaşlarının parlamentə gəlmələri məhdudlaşdırılsın, bu, yanlış istiqamət olardı. Xüsusi tv kanalın mövcudluğu ümumi KİV-lərin əməkdaşlarının parlamentə girişinə məhdudiyyət tətbiq edilməsi üçün əsas olmamalıdır”.
Jurnalist Rufik İsmayılov da hesab edir ki, Azərbaycanda parlament televiziyasının yaradılması vacibdir:
- Krım yarımadasında, eləcə də Ukraynanın digər ərazilərində yaşayan vətəndaşlar parlamentin iclaslarını xüsusi telekanal vasitəsilə canlı yayımda izləyə bilirdilər. Vətəndaş da qanunverici orqanda nə danışıldığını, nələrin müzakirə olunduğunu, hansı qanunlara nə üçün hansı əlavə və dəyişikliklərin edildiyini bilirdi. Amma Azərbaycanda vətəndaşlar parlamentdə aparılan müzakirələrin çox cüzi bir hissəsindən xəbər tuturlar. Xəbər saytları millət vəkillərinin qısa çıxışlarını verir, qəzetlər parlamentin bir iclasını ümumiləşmiş şəkildə 3-5 min işarəlik yazıda, televiziyalar 1-2 dəqiqəlik süjetdə əks etdirirlər. Media qurumlarının müstəqil olmasını, onların parlament qarşısında hər hansı öhdəliyinin olmamasını nəzərə alsaq, onlardan bundan artıq nə isə istəmək də düzgün olmaz. Ancaq parlament televiziyasında Milli Məclisin komitə və plenar iclasları, oradakı müzakirələr canlı şəkildə yayımlanarsa, əlavə olaraq millət vəkilləri, hüquqşünaslar, iqtisadçılar qanunlara edilən dəyişiklikləri şərh edərlərsə bu, ölkədə əhalinin daha geniş maariflənməsinə xidmət edər. Təbii ki, əgər məqsəd və hədəf məlumatlı, bilgili, qanunlardan xəbərdar olan, öz hüququnu bilən və bunu tələb edən vətəndaş görməkdirsə. Hüququnu bilən və bunu qanuni yollarla tələb edən vətəndaş isə son nəticədə dövlətin, dövlətçiliyin daha da güclənməsinə xidmət edir, neqativ halların qarşısını alır. Adi bir misal, parlamentdə Şəhərsalma və Tikinti Məcəlləsinə dəfələrlə əlavə və dəyişikliklər olunub, vətəndaşın fərdi ev tikməsi üçün şərtlər olduqca sadələşdirilib. Gəlin gedək sorğu keçirək görək, bu dəyişikliklərdən vətəndaşların neçə faizinin xəbəri var? Vaxtilə bacımgilin Masazırda tikmək istədikləri evin sənədlərini hazırlayanda Abşeron rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə dəfələrlə gedib-gəldim. Orada toplaşan vətəndaşlarla söhbət zamanı görürdüm ki, heç biri öz hüququnu bilmir. Nəinki sadə vətəndaş, Əməkdar memar adı daşıyan baş memar Akif Əliyev də dəyişikliklərdən xəbərsiz idi. Bunu onunla dirəşib hüququmu tələb edəndə gətirdiyi "arqumentlərdən" hiss edirdim. Belə bir fonda vətəndaşın məlumatsızlığından sui-istifadə edən məmurlar onlarla istədikləri kimi rəftar edir, soyurlar. Sözüm budur ki, Azərbaycanda parlament televiziyasının yaradılması olduqca əhəmiyyətlidir. Təşəbbüsü dəstəkləyirəm!
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də o fikirdədir ki, televiziya kanalları nə qədər çox olarsa, bir o qədər faydası var. Parlament qanunverici orqandır, orada qəbul edilən qanunlardan, qanunvericilik bazasına edilən dəyişikliklərdən və onların mahiyyətindən geniş kütlənin, sadə vətəndaşların məlumatı olmalıdır:
"Vətəndaşların hüquqi maarifləndirilməsi baxımından bunu doğru sayıram. Bir çox ölkələrin təcrübəsində bu var. Əgər qanunlarla bağlı savadlı hüquqşünaslar, ekspertlər o televiziya vasitəsi ilə əhalini hüquqi maarifləndirəcəksə, bunu ancaq alqışlamaq lazımdır. Habelə, bir telekanalın açılması orada xeyli jurnalistin işlə təmin olunması deməkdir. Bu cəhətdən də parlament televiziyasının yaranması ayrıca olaraq media cameəsinə də faydalıdır”.
Oxu.Az-ın parlament müxbiri Aqşin Kərimov isə hesab edir ki, parlament televiziyasının yaradılması o zaman effektiv və səmərəli olar ki, Milli Məclisin komitə və plenar iclasları əhatəli şəkildə təqdim olunsun:
"Yaxud gündəlikdə olan qanun layihələri və hesabatlar barədə operativ informasiyalar verilsin – bunlar parlament televiziyasının prioriteti olmalıdır”. Onun fikrincə, parlament televiziyası quru, şablon, press-reliz əsasında materiallar verəcəksə, iclaslarda səslənən tənqidləri işıqlandırmayacaqsa, bu zaman qanunverici orqanın informasiya siyasətinin mükəmməlliyindən danışmaq olmaz. “Əgər parlament televiziyası yaradılsa və sırf Milli Məclisin mətbuat xidməti funksiyasını yerinə yetirsə, bu zaman onun yaranmaması daha yaxşıdır”, -deyə A.Kərimov əlavə edib.
Azvision.az-ın parlament müxbiri Anar Kəlbiyev parlament televiziyasının yaradılması ilə bağlı təklifin bir neçə dəfə deputatlar tərəfindən səsləndirildiyini xatırladıb:
"Düşünürəm ki, parlamentin fəaliyyəti media tərəfindən yetərincə işıqlandırılır. Digər məsələ isə qəbul olunan qanunlar barədə cəmiyyətə dolğun məlumat verməkdir. Parlamentin televiziyası yaradılarsa, orada qanunların əhatəli şərh olunmasında yer ayrıla bilər. Həmçinin, parlamentin iclaslarını həmin televiziya vasitəsilə canlı yayımlamaq olar. Onu da qeyd edim ki, bu günlərdə keçirilən plenar iclasda Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, parlamentin payız sessiyasından etibarən kanalların birində Milli Məclisin fəaliyyəti ilə bağlı bir saatlıq proqram yayımlanacaq".