Meşə yanğını riski Azərbaycanda da var

Ekologiya və ətraf mühitin mühafizəsi 

"Yanğınlarla mübarizədə tez-tez müəyyən məşqlərin, təlimlərin keçirilməsinə ehtiyac var"


Təbii fəlakətlərin tüğyan etdiyi müasir dövrümüzdə heç kim unutmamalıdır ki, hər bir insan bilavasitə və ya dolayısı yolla meşələrlə əlaqədə olur, onun sərvətlərindən bəhrələnir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Gözəgörünməz mikroorqanizmləri, vəhşi heyvanları, ağacları, otları, yüzlərlə dərman bitkisini qoynunda bəsləyən meşələr təbiətin ayrılmaz hissəsi kimi insanların həyat və fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.

Narahatlıq doğuran haldır ki, yüz il əvvəl Yer kürəsinin quru hissəsinin 60 faizi meşə ilə örtüldüyü halda, indi bu rəqəm 30 faizə enib. Planetdə hər dəqiqədə 44 hektar torpaq deqradasiyaya uğrayır, o cümlədən şum altında olan torpaqlar 10-19 hektar azalır. Meşə yanğınları hər il təbiətin neçə hektarlarla misilsiz sərvətini məhv edir. Bu da su qıtlığı, havanın keyfiyyətinin pisləşməsi, onun tərkibində oksigendən fərqli olaraq karbon qazının, digər müxtəlif qazların artması ilə nəticələnir. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən ayrı-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydliyi meşə ərazisində kortəbii, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün təbii surətdə yanması ilə nəticələnən meşə yanğınlarını törədərək təbiətin bu əvəzsiz nemətinin məhv olmasına gətirib çıxarır. Meşələrin məhv olmasının əsas səbəblərindən biri onun xüsusən yay aylarında yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Meşə yanğınları ilə əlaqədar əhali bilməlidir ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Ötən gün Türkiyənin bir çox əyalətlərində ard-arda baş verən meşə yanğınları bütün dövlətlər üçün gözlənilməz oldu. Təbii ki, baş vermiş genişmiqyaslı meşə yanğınları Türkiyənin təbiətinə, ekologiyasına ciddi ziyan vurdu. Xüsusilə, Türkiyənin flora və faunasını əhəmiyyətli məhv etdi.  Bu da bir çox ölkələri bir daha öz təbiəti və onun təhlükəsizliyi barədə düşünməyə sövq etdi. 

Mövzu ilə bağlı “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq"ə açıqlamasında vurğulayıb ki, meşə yanğınları həm ekoloji, həm iqtisadi faciəyə səbəb olur:

"Bu cür hadisələrə qarşı həm vətəndaşlarımız, həm də Ekologiya Nazirliyinin əməkdaşları çox diqqətli olmalıdırlar. Bizdə onsuz da meşə sahəsi əraziyə nisbətdə həddən artıq azdır - 10 faiz civarındadır. Türkiyədə və son bir ildə dünyada baş verən iri yanğınların hamısının süni şəkildə qəsdən törədildiyinə əminəm. Hansısa qlobal bir qüvvənin planetimizə və bəşəriyyətə qarşı genişmiqyaslı terror aktı başlatdığı dəqiqdir. Bununla həm də kənar maraqlara tabe olmayan ölkələri çökdürməyə çalışırlar. Türkiyənin də son vaxtlarda müstəqil siyasət yürütməsi, öz “müttəfiqlərinin” nəzarətindən çıxması onların xoşuna gəlmədi və belə bir nəhəng terror törətdilər. Təbii səbəblərdən də yanğınlar olur, amma kiçik miqyaslarda. Yəni eyni vaxtda bir çox yerdə yanğın baş verməsi mümkün deyil.  Amazon, Sibir, Avstraliya, Kaliforniya kimi dünyamızın ağciyərlərini qəsdən yandırdılar. Bu “ağciyər terroru” həm təbiətə (yanğınla), həm bəşəriyyətə qarşı (virusla) həyata keçirilir. Təbii ki, bizim meşələr də riskli vəziyyətdədir, insanlarımız kabab çəkib yedikdən sonra ocağı tam söndürməmiş gedirlər. Bundan başqa düşmən qüvvələr tərəfindən qəsdən yandırılma ehtimalı da yüksəkdir. Ona görə də bizim meşə nəzarətçilərimiz ərazilərimizə ciddi nəzarət etməlidir".

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında qeyd edib ki, zaman-zaman meşə yanğınları Azərbaycanda da olub. Lakin Türkiyədə, Yunanıstanda, İtaliyadakı kimi böyük masştabda olmayıb:

"Ölkəmizdə meşə yanğınları ilə mübarizənin aparılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin kifayət qədər texniki vəsaitləri var. Sadəcə, son hadisələr göstərdi ki, tək invertarla bu işlər olmur. Ona görə də yanğınlarla mübarizədə tez-tez müəyyən məşqlərin, təlimlərin keçirilməsinə ehtiyac var. Həmçinin, FHN-in işçilərinin bununla bağlı kifayət qədər təhsil və bacarıqlarının olması vacib məsələlərdən biridir. Hesab edirəm ki, texniki vəsaitlərin artırılmasına ehtiyac yarana bilər. Xüsusən, havadan yanğının söndürülməsi üçün su səpən helikopterlərin və amfibiya təyyarələrinin sayının artırılması daha məqsədəuyğundur. Qeyd edim ki, ekologiyaya dəyən ziyan iqtisadiyyata da öz mənfi təsirini göstərir. Ona görə də ekologiyanın qorunması çox vacibdir".