Ötən gün Etmənistanın Azərbaycana qarşı törətdiyi təxribatla bağlı Medianın İnkişafı Agentliyi mətbuat nümayəndələrinə müraciət edib. Müraciətdə yazılıb:
“Hörmətli media subyektləri və jurnalistlər, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı yalnız Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına istinad etməyiniz, qeyri-rəsmi mənbələrə müraciət etməməyiniz xahiş olunur”.
Belə bir məqamda dezinformasiyaların yayılmasının şahidi oluruq. Rəsmi olmayan məlumatların əldə olunub, hazırlanıb, ötürülməsi vətəndaşlar arasında təşviş yaradır. İndiki vəziyyətdə arxa cəbhədə media mənsublarının üzərinə daha çox məsuliyyət düşür. Çünki hər kəs şəhid, yaralı xəbərlərinin gələcəyini eşitmək istəmədikləri zamanda yanlış informasiyalarla qarşılaşa bilirlər. Bu da onların psixologiyasına təsirsiz ötüşmür.
Medianın belə həssas məqamlardakı rolundan danışan hərbi jurnalist Səxavət Məmmədov “Sherg.az”a bildirib ki, Media İnkişaf Agentliyinin müraciəti yaxşı addımdır:
“Belə həssas dönəmlərdə çoxlu sayda şaiyələr, dezinformasiyalar dolaşır. “Fake news”un ayaq açıb yeriməsinə imkan vermək olmaz. Amma peşəkar mətbuat orqanları və jurnalistləri “ofsayta” salmaq olmaz. Həmin hadisələr baş verən zaman erməni mediasını, sosial şəbəkələrdə paylaşımlarını izləyirdim. Maraqlısı buradadır ki, Ermənistanın rəsmi qurumları bəzi erməni jurnalistlərə istinad edib. Bununla da müəyyən informasiyaları yayıb, yazıblar. Bizdə isə belə hadisələr baş verəndə qeyri-rəsmilərin daxilinə media nümayəndələrini də qatırlar”.
Həmkarımıız bunu da əlavə edib ki, Azərbaycan mediasında hər hansı şaiyəni yayan jurnalist tanımıram:
“Burada əsas problem olan mətbuatın kənarda qalmasına narazıyam. Çünki jurnalistika faktiki olaraq bu işlərlə məşğul olmalıdır. Belə bir sual meydana çıxır: Azərbaycan Müdafiə Nazirliyi (MN) gün ərzində neçə informasiya yaya bilib? Dünən baxdıq ki, iki-üç informasiya paylaşılıb. Səbəbi, hadisələrin gedişatı ilə bağlı informasiya verib, bu gün şəhid və yaralılarımızın olduğunu bildirib”.
S.Məmmədov diqqətə çatdırıb ki, jurnalistikada səbəb, gedişat, nəticə qeyd olunmalıdır:
“Məsələn, ermənilər deyir ki, iki post itirmişik. Belə olduğu halda deməli, onlarda ərazi itkisi də var. Azərbaycan MN-dən bununla bağlı heç bir informasiya yoxdur. O zaman bunu səmimi qəbul edərəm ki, nazirlik intensiv şəkildə informasiyalarla insanları təmin etsin. Onlar informasiyanı çox gec-gec yayır. Məsələn, genişmiqyaslı hücum əməliyyatlarının başlaması barədə məlumat varsa, ən azından 1 il həqiqi hərbi xidmətdə olmuş adam bilir ki, nə baş verir, artilleriyadan, tanklardan istifadə nə deməkdir. Müdafiə Nazirliyi onların texnikalarının qurulmasını göstərir. İnsanlar artıq genişmiqyaslı hücum əməliyyatından məlumatlı olur. Müharibənin atributlarının hamısı demək olar ki, orada var idi. Yalnız Azərbaycan Hərbi Aviasiya Qüvvələri işləməyib. Belə olan halda insanlar informasiya aclığı yaşayır. İnformasiya bolluğu ilə əhalini doyuzdurmaq lazımdır. Vətəndaşlar da rəsmi qurumların informasiya yaymadığını, mətbuatın qıraqda qaldığını gördükdə, erməni mənbələrinə müraciət edirlər. Nəticədə bugünkü proses baş verir. Sosial şəbəkəyə giririk və hər kəsin eyni istiqamətdə narazılıqlarını müşahidə edirik. Müharibəni istəyən də, istəməyən də narazı halda “niyə şəhid var?”, “niyə müharibə oldu?”, “nəyə lazımdır?” kimi ifadələrdən istifadə edir. Bu prosesin qarşısını almaq üçün ya Müdafiə Nazirliyi operativ şəkildə məlumat yaymalı, ya da hər hansı aidiyyəti qurumlarla mətbuat nümayəndələri ilə əlaqədə olmalıdır. Azərbaycan mətbuatı Müdafiə Nazirliyindən məlumat verilsin deyə saatlarla gözləməli deyil”.
Müsahibimiz diqqətə çatdırıb ki, bütün bunlar çox ciddi problemdir:
“Bu tip hadisələrdə mətbuata daha çox iş görmək üçün şərait yaradılmalıdır. Əks halda bu kimi proseslərdə insanlar narahatlıq içində düşünəcəklər ki, nələrsə baş verir. Ardınca nəticəni göstərmədən deyirlər ki, şəhidimiz və yaralımız var. Ona görə də pessimizm baş alıb gedir. Sosial şəbəkəyə girəndə insan pis olur ki, nəyə görə ön cəbhədə baş verənlər barədə rəsmi olaraq məlumat verilmir?! Düşünürəm ki, rəsmi qurumlar da məsələ ilə bağlı düşünməlidir. Medianın işini asanlaşdırmaq üçün ciddi addımlar atılmalıdır”.