Qərar alqışlandı! - ƏDV-nin ləğvi çap mətbuatı və mətbəələrə dəstəkdir


Rəşad Məcid: “Çap mediasının iqtisadi vəziyyətinə qismən təsir göstərəcək”

Şahbaz Xuduoğlu: “Kitab mədəniyyətinə təkan , diqqətdir. Çox mütərəqqi təşəbbüsdür”

Aqil Camal: “Bu haqda qərar həm də MEDİA Agentliyinin apardığı uğurlu işin nəticələrindən biridir”


Kitab və kağızın "dərdi"nə çarə tapılıb. Söhbət Əlavə Dəyər Vergisindən  ( ƏDV ) gedir. Bir neçə ay əvvəl kitab və digər çap məhsullarının habelə dərsliklərin ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsinin aylar öncə qəbuluna rəğmən hələ qərar verilməmişdi. Nəhayət, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı ƏDV - dən azad edilib.

Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. Mayın 13-də Azərbaycan Respublikasının Baş naziri müvafiq qərar imzalayıb. 

Xatırladaq ki, C Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub.  Ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlərdə səsləndirilən fikirlər də yanaşmanı dəstəkləyir.

Addımı "Sherg.az"a dəyərləndirən “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid bunun müsbət hadisə olduğunu deyib:

"Keçən  il Milli Məclisdə komitələrin iclasında bir neçə dəfə müzakirə aparılmışdı. Fikrimizi səsləndirmişdik. İctimaiyyətdə də xeyli fikir mübadiləsi var idi. Prezident təşəbbüslərə dəstək  verərək ƏDV-nin ləğvinə dair qərar verdi.  Sonra Milli Məclisdə təsdiqləndi. Qərarın reallaşması gözlənilirdi. 

Düzdür, çap mediasının iqtisadi vəziyyətinə qismən təsir göstərəcək.  İndiki dövrdə ƏDV-nin ləğvi vacib idi. Təşəbbüsü dəstəkləyirik".

Tanınmış naşir, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qüvvəyə minən qərara görə, kitabçılara təbrik ünvanlayıb:

"Əslində yanvar ayında Prezidentin imzaladığı fərmana görə Vergi məcəlləsində dəyişiklik həyata keçirilmişdi. Dəyişikliyə əsasən, yanvar ayından etibarən kitablara ƏDV tətbiq olunmamalı idi. Kitab dövriyyəsi, qəzet kağızı NK qərarına görə yubanırdı. Deyirlər, 3 ay ərzində qərar hazırlanıb.
Siyahı müəyyənləşməliydi. Siyahıda ƏDV - dən  azad məmulatlar göstərilməli idi. Nəhayət bu gün NK belə qərar verdi. Buna görə çox sevinirik!
Uzun illərdir, bu günü gözləyirdik. Belə addım kitaba münasibətin göstəricisidir. Kitab mədəniyyətinə təkan , diqqətdir. Çox mütərəqqi təşəbbüsdür, hər kəsi təbrik edirəm".

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da diqqətə çatdırıb ki, son dövrlər mediaya aid bütün sahələrdə dəyişikliklər, yeniliklər baş verir:

"İstər çap mediasının maliyyələşdirilməsi, yeni dövrə uyğunlaşdırılması, təbliği, təşviqi, istərsə də, onun müdafiəsi baxımından prosesi kompleks şəkildə MEDİA Agentliyi həyata keçirir.

Çap məhsullarının ƏDV-dən azad edilməsi haqda qərar həm də MEDİA Agentliyinin apardığı uğurlu işin nəticələrindən biridir. 

Ölkəyə gətirilən kağızın ƏDV-dən azad edilməsi məsələsi zaman-zaman gündəmə gəlib. Sözügedən məsələ, az qala hər il dövlət büdcəsinin müzakirəsi zamanı ayrı-ayrı millət vəkilləri tərəfindən  səsləndirilib, hökumətə təkliflər verilib. Əslində, bu vergidən dövlətə heç əhəmiyyətli vəsait də daxil olmur. Amma çap mətbuatı, nəşriyyatlar üçün önəmlidir".

A.Camalın fikrincə, hazırda ölkədə çap mətbuatının, qəzetlərin sayı, eyni zamanda tirajları kəskin azalıb:

"Məsələn, qəzet kağızına tətbiq olunan ƏDV-nin ləğvi ilə dövlət elə bir şey itirməyəcək. Lakin çap mətbuatına və mətbəələrə xeyir gətirəcək.

Təkcə çap xərcinin aşağı düşməsindən yox, daha keyfiyyətli məhsulun çapından söhbət getməlidir. Hazırda keyfiyyətli qəzet nəşr edən mətbəələrdə qiymət baha olduğu üçün bir çox qəzetlər məcburən ucuz çap mətbəələrinə üz tutur. İstər-istəməz, keyfiyyətə mənfi təsir göstərir.

Dəyişiklikdən sonra keyfiyyətli qəzet dərc edən mətbəələr, o cümlədən “Azərbaycan” Nəşriyyatı qiymət məsələlərinə yenidən baxa bilər, qəzetlər üçün optimal qiymət müəyyənləşdirər. Nəticədə, keyfiyyət təmin olunar".