“Bu sahə qəbul olunan qanun əsasında idarə olunmalıdırsa, tələb olunan ardıcıllıqla sənədlər təqdim edilsin və media reyestrində qeydiyyata düşsünlər”
“Proseslərdə başqa bir məqsəd, niyyət axtarmaq doğru deyil”
"Dünyanın ən tanınmış adamı belə polis əməkdaşı tərəfindən saxlanılanda "Məni tanımırsan? Mən aktyor, məşhur yazıçı filankəsəm" demir. Çünki prosedura hər bir şəxs riayət etməlidir".
Bu barədə "Sherg.az"a "Globalinfo.az" saytının baş redaktoru, əməkdar jurnalist Azər Ayxan Media reyestri ilə bağlı yaranan narazılıqlardan danışarkən deyib. Onun sözlərinə görə, jurnalistin stajı və məşhurluğu qanunların fövqündə ola bilməz:
"Qanun hər şey və hər kəsdən üstün olmalıdır. "Media haqqında" qanun qəbul olunub. Dövlət məlum sahədəki təsərrüfatsızlıq və sistemsizliyi aradan qaldırmaq istəyir. Bu, əslində jurnalist və KİV rəhbəri kimi, mənim də marağımdadır. Biz də "Globalinfo.az" saytı olaraq, reyestrdən keçdik.
Heç bir süründürməçilik olmadı. Noyabrın 15-də saytımızı ictimaiyyətə elan etdik. Noyabrın 25-də isə tələb olunan sənədləri təqdim edərək, media reyestrindən keçdik. Kimlər normal şəkildə, ardıcıllıqla və lazımi sənədləri təqdim edibsə, qeydiyyata alınıblar.
İnad göstərmək, sanki dövləti mediada başqa qara niyyətlər həyata keçirirmiş kimi qələmə vermək, onu haqsız çıxartmağa çalışmaq peşəkar yanaşma deyil.
Hər birimizin illərdir, istədiyimiz bir məsələ var idi: peşəkar və "reket" mətbuat biri-birindən ayrılsın. Bu, hər birimizin illərdir, istədiyi məsələ idi. Məlum istiqamətdə atılan addımlara dəstək verməliyik. Mətbuat gec-tez qaydaya salınmalı, müəyyən bir qanunlarla idarə olunmalıdır.
Doğrusu, buna qarşı çıxanları anlamıram. Xətrini istədiyim, imzasına hörmət etdiyim, vaxtilə bir kollektivdə işlədiyim şəxslər də mövcud tənqidlərdə iştirak edirlər.
Onların vətənpərvərliyi və peşəkarlıqlarına qətiyyən şübhəm yoxdur. Amma israr eləmələrini, "dirəşməklərini" də sağlam yanaşma hesab etmirəm. Bu sahə qəbul olunan qanun əsasında idarə olunmalıdırsa, tələb olunan ardıcıllıqla sənədlər təqdim edilsin və media reyestrində qeydiyyata düşsünlər. Proseslərdə başqa bir məqsəd, niyyət axtarmaq doğru deyil. İstənilən ən yaxşı qanun belə peşəkarlıq səviyyəsində dartışıla, müzakirə, tənqid oluna, hətta qəbul edilməsinə qarşı da çıxıla bilər.
Bu, çox normal haldır. Amma bir sayt rəhbərindən qanuna uyğun şəkildə sənəd tələb olunursa və bu, başqa səmtə yozulursa, deməli, ortada həqiqət olmayan proses var. Reyestrdən keçmək üçün tələb olunan bütün sənədlər aidiyyəti üzrə təhvil verilməlidir".