"Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan mətbuat tarixində böyük bir hadisədir".
Bunu "Sherg.az"a "Yeni Müsavat" media qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlu Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyasından danışarkən deyib. O diqqətə çatdırıb ki, 49 ölkədən 150 KİV-i təmsil edən 250 qonaq sözügedən forumda iştirak edib:
"Bu, Şuşa və region tarixində də bir ilkdir. Həm mətbuat, həm Azərbaycan, həm də region üçün yol xəritəsi xarakterində çıxışlar və panellər oldu. Ermənistan, erməni lobbisi, erməni təbliğatı adıçəkilən tədbirə qarşı çox aqressiv davranış sərgilədi. Tədbirdə iştirak edən tanınmış xarici media quruluşunun təmsilçiləri, rəhbərlərinə qarşı qarayaxma kampaniyası həyata keçirdilər. Əslində səbəbi də bəllidir. Ermənistan Şuşanı və azad olunmuş torpaqları dünya çapında ən azından mübahisəli ərazi kimi göstərməyə çalışır. Artıq 3 ilə yaxındır, heç olmasa, bu fəaliyyəti ilə fərqlənmək istəyir. Azərbaycan isə tam əksinə, hər gün azad olunmuş ərazilərdə məskunlaşma həyata keçirir. Həmçinin erməni vandalizmindən zərər çəkmiş bölgələrimizi çiçəkləndirib, ayağa qaldırmaqla yanaşı, beynəlxalq forum, tədbir və görüşləri də bu bölgədə xüsusilə də, Şuşada keçirir. Şuşanı Ermənistan və ermənilər dünyaya mübahisəli bir şəhər kimi təqdim etmək təşəbbüsü göstərirlər. Global Media Forumunun orada təşkil edilməsi Ermənistan və ermənilərin Şuşanı dünyaya mübahisəli bir şəhər kimi təqdim etmək təşəbbüsünə cavab idi. Ona görə də təbii ki, qəzəbləniblər. Qəzəbdən "qudurublar". Biz təmkinliyik, onların bu cür davranışına cavab veririk. Ermənilər bu cür addımlarla özlərini daha çox ifşa edir və daha çox heyrət yaradırlar. Onların iç üzünü bilirik, dünya jurnalistləri də görsünlər".
Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.