Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Şuşada keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş Forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”.
Bununla bağlı "Sherg.az"a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib ki, Ermənistanın həm siyasi çevrələri, həm media dairələri, həm də qeyri-hökumət təşkilatları, bütövlükdə Ermənistan cəmiyyətinin Şuşa Qlobal Media Forumuna qarşı aqressiv münasibət göstərməsi hələ tədbirin keçirildiyi günlərdən bəlli idi:
"Forumda iştirak edən ayrı-ayrı xarici ölkə jurnalistlərinin e-mail ünvanlarına, WhatsApp nömrələrinə Ermənistandan mesajlar göndərildi, təhdidlər yağdırıldı. Eyni zamanda onların rəyini çaşdırmağa çalışdılar. Ermənistan tərəf foruma qatılmış xarici media nümayəndələrinə tədbiri tərk etmələrini, yaxud da orada Azərbaycan barədə neqativ fikirlər səsləndirmələrini təklif edirdilər. Bu niyyətləri baş tutmadığına görə iştirakçı jurnalistlərə qarşı qarayaxma kampaniyası həyata keçirməyə başladılar. Şuşada baş tutan tədirin üzərindən günlər keçməsinə baxmayaraq, kampaniya hələ də davam edir və getdikcə də şiddətlənir. Bu, əslində həm Ermənistan mediasının müstəqil olmaması və düşmən ölkənin siyasi çevrələrinin təsiri altında fəaliyyət göstərməsinin sübutudur. Çünki media iki cəmiyyət arasında münasibətlərin inkişafı və durulmasına yox, təhdid yolları ilə gündəmə gətirilməsinə çalışır. Təbii ki, erməni mediasının hərəkətləri yolverilməzdir. Onlar ölkələrinin aqressiv, radikal, siyasi qruplarını yamsılayaraq, sülhün əldə edilməsinə əngəl törədirlər. Hətta sülhə töhvə verən jurnalistləri də özlərinin hədəfinə çevirirlər. Qarşı tərəfin yolverilməz addımı başa düşülən haldır. Çünki Azərbaycan 2020-ci ildə Ermənistan üzərində qələbə qazanaraq, öz torpaqlarını azad edib. Qalibiyyətimiz erməni cəmiyyətində və hərbi-siyasi elitasında qıcıq yaradır. İndi isə iki ölkə arasında aparılan sülh danışıqlarında Ermənistan tərəfi heç bir nailiyyət əldə edə bilmir. Çünki bildiyimiz kimi, müəyən güzəştlərin edilməsi ilə bağlı onların şərtləri var idi. Lakin Azərbaycan tərəfi möhkəm dayandı, dövlətimizin suverenliyi, ərazi bütövlüyü prinsipindən çıxış etdi və ermənilərə heç bir güzəşt olmadı. Beləliklə, iki ölkə arasında danışıqlar prosesinin son mərhələyə daxil olması və burada Ermənistanın "qondarma" arzularının yer tutmaması qarşı tərəfdə qıcıq yaradır. Onlar müxtəlif vasitələrlə Azərbaycana zərər vurmağa çalışırlar. Çoxlu yalan informasiya dərc edirlər, Azərbaycanın xeyrinə, haqlı mövqeyini dəstəkləyən, yazılar yazan xarici jurnalistləri də hədəfə çevirirlər. Onlar haqqında qarayaxma kampaniyası aparırlar. Bu baxımdan, Azərbaycan cəmiyyəti möhkəm dayanmalı, 2020-ci ildə başlanılan İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə də vahid bir cəbhədə birləşməlidir. Həm də erməniləri informasiya təxribatında iflasa uğratmağı bacarmalıdır".