Bakıda fəaliyyət göstərən “Caspian International Hospital” və “Badam Medical Center”də Media Reyestrinə daxil edilmiş jurnalistlər və onların ailə üzvlərinə güzəştli xidmət göstəriləcək. Güzəştlər bu tibb müəssisələri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında bu günlərdə imzalanmış anlaşma memorandumlarına əsasən tətbiq olunacaq.
Anlaşma barədə "Sherg.az"a danışan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, əslində bu faktın özü yeni ilə köhnə media düzəni arasındakı fərqi ortaya qoymaqdadır:
"Daha əvvəl, köhnə KİVDF dönəmində imtiyazlar, dövlət və özəl sektorun jurnalistlərə etdiyi güzəştlər sadəcə bəlli bir zümrə üçün nəzərdə tutulmuşdu. Xarici səfərlərdən tutmuş bütün güzəştlər, imtiyazlar ancaq onlara məxsus idi. "Media haqqında" qanunun qəbulundan və xüsusilə, Medianın İnkişafı Agentliyinin (MEDİA) aktiv şəkildə bu proseslərdə rol almasından sonra gedişat tamamilə dəyişdi. Bu dəfə təkcə həmin baş redaktorlar, media rəhbərləri deyil, jurnalistlər də sosial rifahın yaxşılaşdırılması üçün göstəriləcək güzəştli xidmətlərdən yararlana biləcəklər. Çünki artıq hansısa bir turlar təşkil olunursa, mütləq şəkildə müxbirlər, reportyorların da iştirakı nəzərdə tutulur. Bunun özü də ciddi inkişafdır. Zəhmətkeş təbəqənin imtiyazlardan istifadəsində MEDİA-nın rolu xüsusi qeyd edilməlidir. Eyni zamanda vurğulamalıyıq ki, minimum 600 manat əməkhaqqı ilə jurnalistlərin mütləq şəkildə işə götürülmə, eyni zamanda jurnalistlərin reyestri üçün müxtəlif əmək qanunvericiliyinə uyğun tələblərin qoyulması da bir növ jurnalistlərin sosial rifahının təmin olunması yolunda atılan addımlardır. Həmçinin bu anlaşma özəl klinikaların imkanından istifadə etməyə imkanı çatmayan jurnalistlərin tibbi xidmətlərdən yararlanması üçün nəzərdə tutulub. Bu baxımdan qərarı alqışlayırıq".