"Jurnalistlərin qabiliyyət imtahanı üçün mövzuları Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir. İmtahan günü - səhər saat 09:30-da həmin mövzuların arasından püşkatma yolu ilə 3-ü seçilir və eyni vaxtda onlayn rejimdə imtahanların keçirildiyi məkanlara ötürülür".
Bunu "Sherg.az"a “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının mövzularının müzakirəyə səbəb olmasından danışarkən deyib. Onun sözlərinə görə, mövzuları bəyənməmək, yaxud müzakirə predmetinə çevirmək olar. Amma unutmaq lazım deyil ki, qabiliyyət imtahanlarına qatılan şəxslər peşəkar jurnalistlər deyil və onlardan verilən mövzular əsasında jurnalistikanın müxtəlif janrlarında materiallar hazırlamaq tələb edilmir:
"Qabiliyyət imtahanına qatılan abituriyentlər verilən mövzulardan birini seçib esse yazırlar və burada onlara təqdim olunan mövzulardan daha çox gələcək həmkarlarımızın özlərini yazılı mətnlə ifadə edə bilmək bacarıqları önəm daşıyır. Digər tərəfdən, gələcəyin jurnalisti istənilən mövzuda yazmağı bacarmalıdır. Yaxşı və ya pis mövzu yoxdur. Yaxşı və pis, istedadlı və istedadsız jurnalist var. Məgər biz yalnız bəyəndiyimiz, yaxud oxucuların bəh-bəhlə qarşıladıqları mövzularda yazırıq?! Əlbəttə, yox. Xatırladım ki, artıq 10 ildir, jurnalist olmaq istəyənlər üçün qabiliyyət imtahanları keçirilir. İlk baxışda indikindən dəfələrlə zəif təsir bağışlayan mövzular da qarşımıza çıxıb. Lakin abituriyentlərin yazdıqları esselərlə tanış olanda onların arasında bu gün “baş redaktor” adlandırdığımız həmkarlarımızın bəzilərindən daha istedadlı, bacarıqlı və güclü təxəyyülə malik müəlliflərin olduğunu görmüşük".
Qeyd edək ki, Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün bu gün keçirilən qabiliyyət imtahanının mövzuları Mətbuat Şurası İdarə Heyəti üzvlərinin və media nümayəndələrinin iştirakı ilə müəyyənləşib.
DİM-in mərkəzi ofisində təşkil olunan mərasimdə 200-dən çox mövzu içərisindən püşkatma nəticəsində məlum olan mövzular: "Uğurlu insan olmaq nə deməkdir?", "Mətbuat azadlığını necə başa düşürəm?", "Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?".
Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Yadigar Məmmədli, Müşviq Ələsgərli və Ceyhun Musaoğlu həm də imtahan prosesini izləyib.