Tatarıstan Respublikasının gənc fəalı, tatar milli hərəkatının tanınmış mənsublarından sayılan Nail Nabiulla (Nail Nabiullin) Azərbaycana səfəri çərçivəsində "Şərq" qəzetinin qonağı olub. Dəyərli qonağı redaksiyada məmnunluqla qarşılayan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı tatar fəalın əsl türk mücahidi olduğunu deyib.
Baş redaktor tanınmış jurnalistin Azərbaycanda ilk dəfə 2013-cü ildə olduğunu söyləyib. Əlavə edib ki, Nail Nabiulla 2010-cu ildən tatar millətinin milli haqları uğrunda mübarizə aparan "Azadlıq" təşkilatının rəhbəridir. O, aktivistliklə yanaşı, yazar-jurnalist kimi də fəaliyyət göstərir. Həmçinin, "Tatar Dili, Bayrağı və Dövlətini Xatırlama Günü"nün də təşkilatçısıdır.
Nail Nabiullin rəhbərlik etdiyi "Azadlıq" təşkilatının 1990-cı illərdə Tatarıstanın müstəqillik illərində qurulduğunu bildirib: "Türk dünyasının birliyi, türk xalqlarının qardaşlığı üçün 2015-ci ildə "Türk baxışı" adlı qəzeti təsis etdik. 2020-ci ildə “Türk baxışı” qəzetinin ilk səhifəsi Azərbaycanın qələbəsinə həsr olundu. Azərbaycan bayrağı əks olunmuş baş səhifədə həm rus, həm də tatar dillərində “Azərbaycan! Bizim ürəyimiz səninlədir” yazılmışdı. Bu manşetə görə Moskvadan çox təzyiq gördük. Rus mediası məni "Azərbaycan və Türkiyə agenti" kimi təqdim etdilər. Türkiyə və Azərbaycandan maddi dəstək aldığımı iddia etdilər. Təzyiqlər o qədər artdı ki, son nəticədə vətənimizi, Tatarıstanı tərk etməyə məcbur olduq. Hazırda mühacirət həyatı yaşayırıq. Türkiyədə yaşayırdıq, indi də Azərbaycana gəlmişik. Azərbaycanı çox sevirik".
Qonaq gələcək layihələrindən də söz açıb: "Layihələrim var. Tatarıstan-Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə "Bakı-Xocalı-Şuşa" marşrutu üzrə yürüş həyata keçirmək istəyirəm. Gələn ilin sentyabrın 15 tarixində bunu reallaşdırmaq niyyətim var. Sizinlə də birgə layihələr hazırlaya bilərik".
Nail Nabiulla 3-4 gün Bakıda qalacağını və bir sıra şəxslərlə görüşəcəyini söyləyib.