Mətbuat Şurası kütləvi aksiyalarda iştirak edən jurnalistlərə müraciət edib.
Müraciətdə deyilir:
“Jurnalistlərin mitinqlər, piketlər, nümayişlər, ümumən, kütləvi aksiyalar zamanı informasiya toplamaq və yaymaq hüququ var. Amma bu hüquq media təmsilçilərini tərəfə çevirməməli, elə təəssürat yaranmamalıdır ki, onlar hansısa qütbün maraq və mənafelərindən irəli gələn fəaliyyət göstərirlər. Jurnalistlər küçə aksiyalarında obyektiv davranmalı, soyuq yanaşmaları ilə seçilməli, durumun həssaslığını ciddi şəkildə düşünərək, yalnız cəmiyyətin informasiya almaq hüququnun təminatçısı rolunda çıxış etməlidirlər. Onların özləri deyil, hadisə yerindən hazırladıqları materialların ictimai yükü ön planda dayanmalıdır.
Ötən müddətdə Azərbaycan mediası qeyd etdiyimiz istiqamətdə təcrübə toplayıb, peşəkar vərdişlərə yiyələnib. Amma təəssüf ki, bəzən bu müsbət dinamikaya zidd meyillər qalmaqdadır. Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında keçirilmiş icazəsiz aksiyada bəzi jurnalistlərin, xüsusilə jurnalist Gülnaz Qəmbərlinin davranışları bunu söyləməyə əsas verir. Həmin aksiya zamanı belə qənaət formalaşdı ki, media təmsilçiləri prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmış, öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətirməyə və ümumilikdə vəziyyətin gərginləşməsinə çalışmışlar.
Jurnalistlərin kütləvi aksiyalar zamanı münasib yerlərdə peşə vəzifələrini yerinə yetirmələri məsələsi dünya təcrübəsində də əksini tapıb. Bu təcrübəyə əsasən deyə bilərik ki, media nümayəndələri hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları arasında hadisələrin gərginləşdiyi məqamlarda, tərəflərin heç biri ilə mübahisəyə girməməli, qıcıq doğuracaq fikir və ifadələr işlətməməlidirlər. Jurnalistlər prinsip etibarilə onu da mütləq nəzərə almalıdırlar ki, hansısa kütləvi aksiya vacibdirsə, onu cəmiyyətə təqdim etmək qərarına gəlirlərsə, bu zərurətin ödənməsinin qarşısını alacaq hərəkətlərdən uzaq durulmalıdır. Xidməti vəzilərini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə, onları gözdən salmaq cəhdi, yersiz ifadələrin işlədilməsi, aqressiv ton, istər-istəməz, ictimai maraq amilini riskə atır, ümumən, peşəkar jurnalistika dəyərləri ilə bir araya sığmayan durum formalaşdırır.
Azərbaycan Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistləri, ümumən, özünü cəmiyyətə informasiya verməyə məsul sayan ayrı-ayrı şəxsləri bütün bunları nəzərə almağa, nəticə çıxarmağa çağırır. Şura ünvanladığı bu tövsiyələrin onların gələcək fəaliyyətində ciddi şəkildə nəzərə alınacağına ümidvardır”, – müraciətdə deyilir.