“Dost itirmək çox ağırdır. Rəhman Orxan dost sıralarımızı seyrəltdi”
Aidə Eyvazlı: “Gəncliyimin yol yoldaşı... Sumqayıt-Bakı yolunu 20 il bir gedib gəlmişik”
Əməkdar jurnalist, tanınmış ziyalı Rəhman Orxan dünyasını dəyişib.
Jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib. Jurnalist Şəki rayonu Sarıca kəndində dəfn olunub.
Qeyd edək ki, R.Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində anadan olmuşdu. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982-83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib.
Rəhman Orxan uzun illər “Vışka” qəzetinin xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub.
Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur. Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Jurnalist Aidə Eyvazlı vəziyyətinin ağırlaşdığını bilsə də, Rəhman Orxanın sağalacağına ümid etdiyini deyib: “Etibarlı, mehriban, narahat, əziz dost Rəhman Orxan... Son vəziyyətini biləndən sonra səni hər gün Ramil Yaqub Zeynallıdən soruşurdum. Sonuncu dəfə dedi ki, yaxşılığa doğru gedir. Evinə aparıblar. Sevindim. Dedim ki, bu dəfə mütləq gedib görüşəcəm. Nədənsə çox inanırdım ki, geri dönüşü var. Eh... səni də gücdən saldı bu həyat, Rəhman.
Gəncliyimin yol yoldaşı... Sumqayıt-Bakı yolunu 20 il bir gedib-gəlmişik. Evimizin əziz qonağı olardın. Fədakar, sərt, lakin rəhmli Rəhman. Səni bu zalım dünya çox sınaqlara çəkdi. Hər uğuruma, hər yazıma sevinən Rəhman. Bu dünya bir pəncərə, hər gələn baxıb gedər. Hamımız bu dünyaya mehman kimi gəlirik. Onu bilirəm ki, sənin narahat ruhun atamın ruhu ilə görüşəcək. Yəqin ki, ona deyəcəksən ki, Aida xəstə yatanda gəlib məni yoxlamadı. O zaman atam sənə deyəcək ki, Aida səni xəstə görmək istəmirdi. Əziz Rəhman müəllim, get sevdiyin doğmaların, ana yurdun, ata yurdun Şəkidə rahatlıq tapsın narahat canın və dürüst ruhun. Dost itirmək çox ağırdır. Rəhman Orxan dost sıralarımızı seyrəltdi”.