Rauf Arifoğlu: Nurani xanımın vəziyyəti ilk günlə müqayisədə nisbətən yaxşıdır

  • "...Amma hələ nikbin proqnoz vermək mümkün deyil”

Əməkdar jurnalist, siyasi şərhçi Tofiqəxanım (Nurani) Qasımovanın səhhəti ilə bağlı Sherg.az-a danışan Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, onun vəziyyətində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirildiyi ilk günlə müqayisədə irəliləyiş var.

Rauf Arifoğlunun sözlərinə görə, Nurani xanımın şüuru yerindədir, danışır və artıq su və qida qəbulu prosesinə başlanılıb. Hazırda müalicəsi davam etdirilir.

“Bakı Sağlamlıq Mərkəzinə daxil olduğu gündən indiyədək vəziyyətində nisbi müsbət dəyişiklik var. Huşu özündədir, danışır, qida qəbulu prosesinə başlanılıb. Müalicə davam edir. Bununla belə, xəstəliyi ağır olaraq qalır. Bu səbəbdən də indiki mərhələdə nikbin proqnoz vermək mümkün deyil. Ancaq vəziyyəti xəstəxanaya yerləşdirildiyi ilk günlə müqayisədə nisbətən yaxşıdır”, - deyə o bildirib.

Rauf Arifoğlu qeyd edib ki, Azərbaycan dövləti Nurani Qasımovanın müalicəsini daim diqqətdə saxlayır. Onun sözlərinə görə, xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələyə xüsusi həssaslıqla yanaşır və müalicə prosesinə ciddi diqqət göstərir.

O bildirib ki, bir müddət əvvəl Nurani xanımın müalicəsinin Türkiyədə davam etdirilməsi variantı da nəzərdən keçirilib. Lakin hazırkı sağlamlıq vəziyyəti onun başqa ölkəyə təxliyəsinə hələ imkan vermir.

“Ümidimizi itirmirik. Hamımız dua edirik. Həkimlərimizin peşəkarlığına inanırıq, eyni zamanda Allahın mərhəmətinə sığınırıq. İnşallah, möcüzə baş verər və Nurani xanım tam sağalar”, – deyə Rauf Arifoğlu vurğulayıb.

Qeyd edək ki, Tofiqə xanım Qasımovanın müalicəsinin gedişi barədə Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən verilən məlumata görə, əməkdar jurnalistin vəziyyəti barədə yaxın günlərdə Səhiyyə Nazirliyi məlumat yayacaq.