Elmar Həsənli: "Gəncliyin çox hissəsi öz tarixinə biganədir" - MÜSAHİBƏ

"Bunun səbəbi daha çox orta məktəblərdən gəlir"



Şah İsmayıla hücüm edənlər daha çox bəzi dindar təbəqələrdi. Amma Cümhuriyyət liderlərinə qarşı çıxanlar daha çox “5-ci kolon”un Azərbaycandakı bəzi nümayəndələridirlər



Tarixçi, tədqiqatçı Elmar Həsənli “Şərq”in suallarını cavablandırıb. Söhbəti təqdim edirik.

- Azərbaycanda tarix dərslikləri ilə bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı? Nə kimi çatışmazlıqlar var?

- Xeyr, qənaətbəxş deyil. Dərsliklərimiz milli düşüncəmizə xidmət edən məlumatlarla zəngin deyil. Daha çox xronoloji illərin çoxluğu ilə yüklənib. Həm də filan filankəsi öldürdü, qırdı, dağıtdı kimi məlumatların verilməsindən daha çox tarixmizin hər dönəmi üçün elə faktlar var ki, onların yazılması vacibdir. Gələcək nəsillər bu millətin tarixini yaradan şəxsiyyətlərin əməllərinin böyüklüyünü dərk edib, gələcəkdə onları həyatları üçün örnək bilsinlər. Çox istərdim millətimizin övladları "Cümhuriyyət qurucularının bu vətən üçün ürəklərinin necə döyündüyünü hiss etsinlər. Paris sülh konrfansına gedən nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamov bolşevik işğalından sonra vətənə qayıda bilmir. Mühacirətdə ağır durumda yaşayır. Xatirələrində yazır ki, aclıqdan, səfalətdən, pulsuzluqdan dəfələrlə dilənmək istədim. Amma Cümhuriyyət qürurum buna imkan vermədi. Və ya Həsən bəy Zərdabi vəsiyyət edəndə demişdi: "Dəfnimə yığılan pula mənə ehsan verməyin. Başıbəlalı xalqımın uşaqlarının təhsilinə xərcləyin”. Bu kimi faktlar dərsliklərdə yer tapsın. Gələcək nəsil onların babalarının hansı əzəmətin sahibi olduğunu öyrənib fəxr etsinlər.

- Tarixi şəxsiyyətlərimizlə bağlı da müəyyən qısqanclıqlar var. Baxın, cənab Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladı. Amma bəzi məmurlar hələ də AXC hökumətinin üzvlərinə qısqanc yanaşırlar və ya o dövrü qəbul etmirlər... 

- Bu cür faktlar tək Cümhuriyyət dövrünün tarixi şəxsiyyətlərinə qarşı edilmir. Həm də Şah İsmayıla, Babəkə və s. tarixi şəxsiyyətlərimizə qarşı da edilir. Diqqət etmişəm, Şah İsmayıla hücüm edənlər daha çox bəzi dindar təbəqələrdi. Amma Cümhuriyyət liderlərinə qarşı çıxanlar daha çox “5-ci kolon”un Azərbaycandakı bəzi nümayəndələridirlər. Daha çox bolşevik təfəkkürünə malik olan adamlardı ki, bunlar Cümhuriyyəti quran kişilərin böyüklüyünü qəbul edə bilmirlər. Çünki bu kişilərin qurduğu demokratik bir Cümhuriyyətin varisi olmağımız onların yuxusuna haram qatır. Başı onun-bunun qoltuğunda olanlar müstəqilliyin necə böyük nemət olduğunu bilməzlər.

- Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı iddia irəli sürürlər ki, guya, Nuru Paşa gəlib, Azərbaycandan qızıl yığıb, ümumiyyətlə, onlar da sırf Bakı nefti üçün gəliblər. Bu iddialar, ittihamlar nə dərəcədə realdır?

- Bunlara ən tutarlı cavabı vaxtı ilə Cümhuriyyətin əksinqilabla  mühafizə təşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlının xatirəsidir. Həmin xatirələrində Nuru paşanın qızıl və neft müqabilində gəlməsi haqqında bir ifadə yoxdu. Qafqaz İslam Ordusunun əsgərləri döyüşmək üçün yox, ölmək üçün Azərbaycana gəldi. Ən yaxşı tarix xalqın qan yaddaşıdı. Sovetlər dönəmində Azərbaycanın bütövlüyü üçün canını qurban verən əsgərlərin məzarlarına xalq sahib çıxdı. Həmin illərdə uşaqlara qoyulan adların çoxu Ənvər və Nuru adları olub. Əgər onlar bəzilərinin dedikləri kimi müəyyən şərtlərlə gəlsə idi, xalqın yaddaşında bu qədər yaşaya bilərdimi? Ən əsası Qafqaz İslam Ordusu “Mudros” müqaviləsinin şərtlərinə görə Qafqazı tərk etdi. Nuru paşa Batumda ingilis qüvvələri tərəfindən həbs olundu. Onu həbsdən azad edən Cümhuriyyət hökuməti yardım etdi. İndi mən həmin adamlara sual edirəm hökumət üzvləri Nuru paşanı niyə azad edirdi?

- Son zamanlar ölkəmizə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin varisləri gəlirlər. Bu tendensiyanı necə qiymətləndirirsiniz?

- Çox yaxşı. Bu işə hökumətimiz daha çox dəstək verməlidi. Məsələn, Tağıyevin, bolşeviklərin repressiyasından Azərbaycanı tərk etmiş mühacirlərin varislərini tapmaq onları Azərbaycana dəvət etmək çox yaxşı işdi. Bu işdə əməyi olan gənc tədqiqatçı dostlara, Ceyhun Nəbiyə, Dilqəm Əhmədə, Hafiz Əhmədova həm təşəkkür etmək lazım, həm də bu işdə hökumətimiz onlara xüsusi dəstək olmalıdı. Və bizdə onların yaşadıqları ölkədə, onların gücündən və dəstəyindən istifadə edək.

- Təkliflər var ki, Nuru Paşaya, Rəsulzadəyə, AXC qurucularına bir abidə, heykəl, büst qoyulsun və ya metrolardan birinə Nuru Paşanın adı verilsin...

- Çox gözəl olar. Amma bundan daha çox Bakı fatehi Nuru Paşaya Bakının önəmli yerində abidə ucaldılsa lap yaxşı olar. Rəsulzadə və Cümhuriyyət liderləri üçün ya park, ya da xiyaban salmaq olar. Həmin xiyabanda Cümhuriyyətin qurulmasında və fəaliyyətində xidməti olan bütün liderlərin büstləri qoyulsun. Həmin park və ya xiyaban "Cümhuriyyət parkı" və ya "xiyabanı" adlansın. Gələcək nəsillər oranı tez-tez ziyarət etsin.

- Maraqlıdır, ümumiyyətlə, tarixdə hansı dövrün araşdırılmasına  ehtiyac var. Bu gün bütün dövrlər yetərincə araşdırılıbmı?

- Demək olar ki, tariximizin qədim dövrü, xüsusi ilə bəzi qədim dövlətlərimizin, coğrafiyamızın, etnosuz olaraq kimliyimizin tarixi, demək olar ki, az araşdırılıb. Bu sahədə xüsusi qədim dilləri bilən gənclik yetişdirilməlidir. Sovet tarixi konsepsiyasından əl çəkmək lazımdır. Demək olar ki, Cümhuriyyət tariximiz kifayət qədər araşdırılıb. Amma qədim və orta əsrlər, sovet dövrü tariximiz başımıza gətirilən faciələrimiz, repressiyalar və onların doğurduğu nəticələr haqqında barmaqla sayıla biləcək araşdırmalar var.

- Tarixçilərimizin dil səviyyəsi nə yerdədir, yəni, qədim mənbələri ərəb, fars, ingilis, fransız, alman və başqa dillərdə oxuyan tarixçilər varmı? 

- Bəli, var. Sadəcə bu insanlara maddi dəstək göstərmək lazımdır ki, dünyanın müxtəlif ölkələrinin arxivlərində rahat çalışa bilsinlər. Yazdıqlarını dünyaya tanıtsınlar.

- Hansı mövzu ilə bağlı dünyaya çıxacaq, sanballı tarixi əsər yazmaq olar?

- Düşüncə tariximizlə, mədəniyyət tariximizlə, hətta milli tariximizlə bağlı sanballı əsərlər ortaya qoymaq olar. Amma əsas məsələ ideologiya təsirinə məruz qalmasın. Qalanda dünyada ciddi qəbul edilmir.

- Tarixi romanlarımızın səviyyəsi nə yerdədir?

- Tarixi mövzularda romanlar yazılıb və yazılır. Amma onların çoxu tarixi həqiqətləri təhrif edir. Elə tarixi romanlar da var ki, yazıçı həmin əsər üzərində çalışanda tarixçiyə müraciət edir ki, tarixi faktlar təhrif olmasın. Bu, doğru addımdı. 

- Məsələn, çox istərdim ki, tarixçilərdən ibarət bir klub formalaşsın. Orada ciddi debatlar təşkil olunsun və bu müzakirələr birbaşa efirdə yayımlansın...

 - Azərbaycan efirləri bərbad gündədi. Səhərdən axşama çal-çağır və şou verilişləri ilə baş qatırlar. Bunların yerinə tariximizlə, mədəniyyətimizlə bağlı verilişlərin olması çox yaxşı olardı. Axı keçmişindən xəbəri olmayan millətin gələcəyi topa tutular.

- Ümumən, ölkədə gənclərimizin tarixi bilgiləri hansı səviyyədədir?

- Savadlı gənclər var, amma azdı. Gəncliyin çox hissəsi öz tarixinə biganədi. Bunun da səbəbi orta məktəbdən gəlir. Həftədə bir və ya iki saat dərslə öz millətinin tarixinı aşılamaq qəhrəmanlıq tələb edir. Bunun da ağır nəticəsi, yetişən nəslin öz tarixindən bixəbər böyüməsidi.

- Dağlıq Qarabağla bağlı fikirləriniz maraqlıdır.  Əlbəttə, bu münaqişəyə siyasətçi ilə tarixçi eyni qütbdən, bucaqdan baxa bilməz. Sizin baxışınızda Dağlıq Qarabağın yaranma səbəbi və həlli nədən keçir? Bu problem Azərbaycana qarşı olan hansı hərəkatın davamı idi?

- Əslində, Cümhuriyyət dövründən digər ərazilərimiz kimi Qarabağ ərazisi də mübahisəli ərazi idi. Amma hökumətin layiqli siyasəti nəticəsində bu ərazi Azərbaycan dövlətinin tərkibində qaldı. "Dağlıq Qarabağ" termini 1923-cü ildən işlədilməyə başlayıb. Bəzi bolşevik liderlərinin bu işdə rolu var. Məqsəd həmin əraziləri ermənilərə vermək idi. Fikrimcə, Qarabağ ərazisi 1920-ci illərdən yəni, bolşeviklərin hakimiyyətə gəlişindən 1991-ci ilə kimi işğal edilmişdi. Amma bu işğalı 1993-cü ildə rəsmiləşdirdilər. Belə ki, həmin ərazilərdə aparılan soyqırım, köçürmələr, sosial sahədə ayrıseçicilik, doğum hallarının ermənilər tərəfindən saxtalaşdırılması öz işini gördü. Bu problem beynəlxalq güc və xarici dövlətlərin Rusiya, İngiltərə və s. dövlətlərin erməni dövləti yaratmaq siyasətinin tərkib hissəsi idi. 

- Münaqişənin həlli niyə uzanır?

- Həllinin uzanmağı böyük güclərin münaqişəli problemlər yaratmaq və bu vasitədən həmin dövlətlərə, xüsusi ilə Azərbaycana təsir etmək imkanıdı. Böyük güclər razı olsa, məsələ ancaq müharibə yolu ilə ola bilər. 26 ildi beynəlxalq danışıqlar nəticə vermir.

- Hazırda Azərbaycanda rusdilli məktəblər türkdilli məktəblərdən çoxdur. Sizcə, bu sahədə uduzmuruqmu? 

- Bildiyim qədər müstəqilliyimizi bərpa etdikdən sonra türk məktəblərinin açılmasının ilk təşəbbüskarı rəhmətlik Əbülfəz Elçibəy olub. Misal üçün, 1992-ci ildə fəaliyyətə başlayan Bakı Atatürk liseyini göstərmək olar. Bundan sonra Anadolu və s. liseylər açıldı. Bu liseylərin bəziləri müəyyən səbəblər üzündən bağlandı. İndi barmaqla sayıla biləcək türk liseyləri fəaliyyət göstərir. Görünür, bu işdə maraqlı olan qüvvələr var. Biz sadəcə olaraq başımıza gətirilən faciələrdən nəticə çıxarmayan xalqıq. Heç kim rus və digər xarici dillərin öyrənməsinin əleyhinə deyil. Sadəcə, öz övladını bu dildə təhsil alması və gələcək nəsilə Rusiya sevgisinin aşılanması bu dildə təhsil alan uşaqların milli məfkurədən uzaq yetişdirilməsi və düşməninin doğru -düzgün ayırd edilməsində problemləri ortaya çıxara bilər. Millətin özünə hörməti öz ana dilinə hörmətdən başlayır.

- Sosial mediada aktivsiniz. Status yazmışdınız ki, az qala, bütün sahələrdə insanlar bir-birini didir, ona görə də inkişafa nail olunmur. Sizcə, vəziyyət niyə belə oldu?

- Bizlərin çoxu böyük düşünə bilmirik. Cılız düşüncə sahibidilər. Harada yaxşı iş görən adam varsa, ləkələməyə, məhv etməyə çalışırlar. Elmi sahədən tutmuş, təhsil sahəmizə qədər hər kəs bir-biri ilə didişir. " Mən " düşüncəsi ilə yaşayır. Çox güman ki, müstəqil olsaq da, Sovet xüsusi xidmət orqanının məhsulu olan bu cür iyrənc və naqis hərəkətlərdən çox adam xilas ola bilmir. Bu da yaxşı hal deyil.

- Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı nə düşünürsünüz? Son zamanlar münasibətlərdəki məxsusi istiləşmə eynəksiz də görünür. Bütün beynəlxalq platformalarda bir-birimizi dəstəkləyirik! Hökumətlər və xalqlar arasındakı bu yaxınlaşma nə vəd edir?

- 1918-ci ildən bəri baş verən tarixi hadisələrə baxsaq, daha çox müttəfiqliyimiz türklərlə bağlıdı. Arada müxtəlif xoşagəlməz siyasi proseslər olsa da, bizim türklərdən başqa müttəfiqlik edəcəyimiz dövlət yoxdu. Bu gün də dünya siyasətində öz sözünü deyə bilən bəzi beynəlxalq gücləri özü ilə hesablaşdıran yeganə dövlət Türkiyədir. Məncə, Azərbaycanı bəzi güclərin çirkin siyasətindən qorumaq üçün  bu yaxınlaşma indiki şəraitdə çox yaxşı haldı. 2018-ci ildə iki dövlətin 100 illiklərlə bağlı parad təşkil etməsi bəzi ölkələrə xüsusi bir mesaj idi.

- Dağlıq Qarabağın işğaldan azad olunmasında Türkiyənin rolunu necə qiymətləndirirsiniz? Onu da nəzərinizə çatdırım ki, Türkiyə XİN başçısı açıq şəkildə bəyan etdi ki, münaqişənin həllinə Rusiya imkan vermir. Sizcə, Türkiyə Rusiyanın bu iradəsinin ziddinə gedərək bu məsələdə Azərbaycana dəstək göstərə bilərmi?

- Bəli, Rusiya imkan vermir. Ermənistan adlı dövləti 1920-ci ildə Sovet Rusiyası yaratdı. Aprel hadisələrində Türkiyənin dəstəyi bir çoxumuzun yadındadı. Türkiyə prezidentindən tutmuş hökumət nümayəndələrinə kimi Qarabağın Azərbaycan torpağı olduğunu dilə gətiriblər. Ümid edirəm ki, davamlı şəkildə söyləyib, bu məsələdə beynəlxalq aləmdə bizimlə birlikdə olacaqlar.