“Rəsmi Moskva geri çəkilsə, səhvini anlasa, sözsüz ki, Rusiyanı və V.Putini cəzalandıracaqlar. V.Putin hakimiyyətini itirmək istəmir. Ona görə axıra qədər gedir”
“Belə ağır iqtisadi vəziyyətdə Rusiyanın nə qədər dözəcəyi bəlli deyil. Amma hər halda hər şey Ukraynanın əsgər, zabitlərinin rəşadətindən və döyüş məharətindən asılıdır. Əgər dözsələr, zaman Ukraynanın xeyrinə işləyir”
“Hətta belə bir ehtiamal var ki, Belarus ordusu Ukraynanın şimal - qərbindən girəcək və Ukraynanı Avropa ilə bağlayan dəmir yollarını kəsəcək”
“Əfqanıstan müharibəsi SSRİ-ni dağıtdığı kimi, Ukrayna müharibəsi də Rusiyanı dağıdacaq”
“İndiki durum Rusiyadakı bir çox ərazi subyektlərini müstəqillik haqqında düşünməyə vadar edəcək, Rusiyanın vahid dövlət kimi möhkəmliyinə strateji zərbə endirəcək”
“Moskva Bəyannaməsi”ndə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hər hansı bir risk, təhlükə yoxdur”
“Ümumiyyətlə, siyasi vəziyyət elə dəyişər ki, Abxaziya və Cənubi Osetiya müharibəsiz Gürcüstana qayıda bilər”
“İndi Rusiyanı dağıda bilən qüvvə Kremldə əyləşib”
Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri, politoloq Zərdüşt Əlizadənin “Sherg.az”a müsahibəsini təqdim edirik.
- Rusiya-Ukrayna müharibəsi nə ilə nəticələnəcək, yolun sonunda nələr görünür?
-Texnika baxımından Rusiya ordusu güclüdür. Lakin Ukrayna əsgərinin mənəviyyatı və müqavimət gücü get-gedə artır. Eyni zamanda rəsmi Kiyevə Qərbin real yardımlarının şahidi oluruq. Bu Ukraynanı gücləndirir. Eyni zamanda rəsmi Moskvaya qarşı tətbiq edilən sərt sanksiyalar, qapanma və cəza tədbirləri Kremli haldan salır. Bu iki təmayül - Ukraynanı mütamadi güclənməsi və Rusiyanın davamlı zəifləməsi ona gətitir ki, indi Kreml hansı bir xətanı törətdiyini anlayır. Lakin bu xətadan geri çəkilə bilmir. Çünki Rusiya prezidenti Vladimir Putinin siyasi gələcəyi masanın üstündədir. Rəsmi Moskva geri çəkilsə, səhvini anlasa, sözsüz ki, Rusiyanı və V.Putini cəzalandıracaqlar. V.Putin hakimiyyətini itirmək istəmir. Ona görə axıra qədər gedir. Hətta Ukraynanı nüvə silahı ilə hədələyir. Hərçənd ki, Ukrayna və Amerikanı nüvə silahı ilə hədələmək Rusiyanı da məhv etmək deməkdir. Məgər, sən Amerikanı məhv edə bilərsənmi? Yüz faiz bilirik ki, Rusiya da məhv ediləcək. Sözüm ondadır ki, çox ağır vəziyyət yaranıb. İndi hər şey aşkar olunur indi.
- Ötənlərdə Rusiya və Ukrayna nümayəndələri arasında görüşün birinci raundu baş tutdu, amma nəticə olmadı. İkinci raund gözlənilir...
-Bəli, danışıqların birinci turu nəticə vermədi. Tərəflər mövqeləri öyrəndilər, bir-birilərinə tələblərini dedilər, getdilər rəhbərlikdən təlimat almağa. Bir- iki gündən sonra danışıqlar bərpa ediləcək. Bu günlər ərzində ruslar ümid edirlər ki, hansısa böyük bir hərbi uğur əldə edəcəklər. Ya Xarkovu tutacaqlar, ya Ukrayna ordusunu mühasirəyə salacaqlar və ya Kiyevi işğal edəcəklər. Ukraynalılar da bildirirlər ki, bu müddət ərzində rus ordusuna kifayət qədər ağır itkilər verəcək, ağır zərbələr endirəcəklər, öz əsas şəhərlərini qoruya biləcəklər. Yəni, hər bir tərəf öz hərbi uğuruna inanır. Ona görə geri çəkilmək fikrində deyillər. Rusiyanın tələbləri qəbul edilməz tələblərdir.
-Rusiya hansı tələbləri irəli sürür?
- Rusiya Ukraynadan tələb edir ki, Krımın Rusiyaya məxsus olduğunu qəbul etsin. Qondarma Donetsk və Luqansk Xalq Respublikalarının “müstəqilliyini” tanısın. Silah daşımasına etiraz etməsin. Siyasi hakimiyyəti dəyişsin. Bu tamamilə təslim olunmuş dövlətə tətbiq edilən şərtlərdir. Ukrayna təslim olmayıb, döyüşür və Rusiyanın bu şərtlərini qəbul etməyəcək. Odur ki, biz bir, iki gün də müharibənin ağır döyüşlərini müşahidə edəcəyik.
-Müharibə yeni başlayanda Ukrayna lideri Volodomir Zelenskinin beynəlxalq aləmə çağırışları var idi. Deyirdi ki, real dəstəklərinizi verin. Amma siz də qeyd etdiniz ki, artıq ayrı-ayrı ölkələrin – Fransa, Almaniya, Amerika, Türkiyə, Norveç, İsveç, Kanada və başqalarının humanitar, maliyyə, hərbi cəhətdən real dəstəklərini görürük. Yəni, Ukrayna güclənir. Digər tərəfdən də Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilir. Beynəlxaq maliyyə sistemindən çıxarıldı. Rus rublu dəyərdən düşdü. Bu ölkə Avropa Şurasından uzaqlaşdırıldı. Bir çox ölkə Rusiya məhsullarını piştaxtalardan yığışdırdı. Dünya Rusiyanın beynəlxalq hüququ pozmasına qarşı mübarizəyə qalxıb. Bu mənada Ukryanaya da açıq dəstək verirlər. Belə məqamda Rusiyanın iqtisadi çöküşü realdırmı?
-Rusiya iqtisadi cəhətdən çökməyəcək. Çünki çox zəngin dövlətdir. Amma əlbəttə ki, iqtisadi vəziyyət çox ağırlaşacaq, əhalinin həyat səviyyəsi kəskin düşəcək. Məsələn, indi dolların 75 rubla qalxması onu göstərir ki, əhali təxminən maaşının 30 faizini itirib. Sözsüz ki, bu davam edəcək və 140-a çatacaq. Bu o deməkdir ki, iki qat itirəcəklər. Çünki böyük marketlərdəki əsas məhsullar xaricdən gəlir. Belə bir vəziyyətdə Rusiyanın nə qədər dözəcəyi bəlli deyil. Amma hər halda hər şey Ukraynanın əsgər, zabitlərinin rəşadətindən və döyüş məharətindən asılıdır. Əgər dözsələr, zaman Ukraynanın xeyrinə işləyir.
-Dünya ölkələri Belarusun da mövqeyini kəskin qınayır. Hətta qeyd olundur ki, Ukraynaya Belarusdan raketlər atılıb. Ən azından belə bir məqamda Belarus neytral mövqeyini qoruya bilməzdimi?
-Bilməzdi. Ona görə ki, Belarus prezidenti Aleksandr Lukaşenko son prezident seçkilərini saxtalaşdırandan, öz xalqını əzib-döyüb, siyasi rəqiblərini həbsxanaya salandan sonra bütün hörmətini itirdi və məcbur olub Putinə sığındı. İndi o Putinin müqəvvasıdır, oyuncağıdır. Hətta belə bir ehtiamal var ki, Belarus ordusu Ukraynanın şimali-qərbindən girəcək və Ukraynanı Avropa ilə bağlayan dəmir yollarını kəsəcək. Belə bir ehtimal var. Lukaşenko artıq müstəqil siyasi xadim deyil .
-Rusiya çoxmillətli ölkədir. Ola bilərmi ki, bu məsələlərdən sonra artıq həmin xalqlar da Rusiya daxilində etirazlara başlasınlar ki, bunun da siyasi rüşeymləri görürük. Şimal qonşumuzda Ukraynaya hücumun dayandırılması tələbi ilə nümayişlər keçirildi. 2 minə yaxın adam həbs olundu. Belə olan halda Rusiyada mərkəzdənqaçma meyilləri güclənə bilərmi?
-Belə bir ehtimal var ki, Əfqanıstan müharibəsi SSRİ-ni dağıtdığı kimi, Ukrayna müharibəsi də Rusiyanı dağıdacaq. Bu hadisələr Rusiya daxilində mərkəzdənqaçma meyllərini gücləndirəcək. Rusiyadakı bir çox ərazi subyektlərini müstəqillik haqqında düşünməyə vadar edəcək, Rusiyanın vahid dövlət kimi möhkəmliyinə strateji zərbə endirəcək.
-Məlum savaşda qardaş Türkiyənin mövqeyi açıq-aydındır. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qətiyyətli şəkildə müharibənin ilk günlərindən Ukraynaya həm mənəvi, həm siyasi, həm də hərbi dəstəyini ifadə etdi və ya reallaşdırdı. Türkiyə müdafiə naziri Hulisi Akar da dəstəyin davam edəcəyini bildirib. Burada Türkiyənin özünün də narahatlığı his olunur. Əgər Rusiya savaşı qazanarsa, bunun Türkiyə üçün təhdidi nədən ibarət olacaq?
-Müharibənin əvvəlində cənab Ərdoğan çox aydın şəkildə bildirdi ki, Türkiyə qətiyyətlə Rusiyanın təcavüzünü pisləyir və Ukraynanın ərazi bütövlüyünü, müttəfiqliyini müdafiə edir. Amma eyni zamanda o, başqa bir söz də dedi. Bəyan etdi: “Türkiyə Ukraynadan vaz keçə bilməz, Türkiyə Rusiyadan da vaz keçə bilməz. Biz tərəfləri danışığa, razılaşmağa çağırırıq. Ümid edirik ki, onlar Türkiyənin vasitəçilik təşəbbüsündən yararlanacaqlar”. İndiyə qədər də Rusiya ilə əlaqələri qətiyyətlə kəsib və düşmənçiliyi istəmir.
- Türkiyənin vasitəçilik rolu da var. Eyni zamanda Azərbaycan da vasitəçilik təklif etdi və 5 milyon humanitar yardım göstərdi. Həm də Ukrayna təcili tibbi yardım maşınlarını yanacaqla təmin etdi. Azərbaycanın bu addımları Avropa mətbuatında təqdir olundu. Rəsmi Bakının addımını siz necə qiymətləndirirsiniz?
-Düzgün mövqedir. Təcavüz qurbanı ilə həmrəylik istənilən şərəfli dövlətin vəzifəsidir.
-Bəzən iddia edirlər ki, “Moskva Bəyannaməsi”ndən sonra Azərbaycanın belə bir mövqe sərgiləməsi Rusiya tərəfindən ölkəmizə qarşı müəyyən təhdidlər yarada bilər...
-Heç nə yarada bilməz, boş söhbətdir. Bunu deyən adamların beynəlxalq siyasətdən, dünyadan xəbərləri yoxdur. Onlar bağça səviyyəsində düşünürlər və mürəkkəb şərti olan münasibətləri dərk edə bilmirlər. Rusiya Azərbayacana heç nə edə bilməz. Azərbaycan da Rusiyaya heç nə edə bilməz. Biz münasibətlərimizi qarşılıqlı mənafe əsasında qurmağa çalışırıq.
-“Moskva Bəyannaməsi”nin bəndləri ilə yəqin ki, tanış olmusunuz. Bu Bəyannamədə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hər hansı bir risk, təhlükə varmı?
-Yoxdur. Hər iki tərəf elan edir ki, bir-birimizin ərazi bütövlüyünün təhlükəsizliyinə xətər törədən heç bir əməldə bulunmayacağıq.Vəsalam. Belə bir öhdəliyi Rusiya götürüb, biz də götürmüşük. Azərbaycanın belə bir niyyəti varmı ki, Rusiya ilə düşmən olaq, Rusiyanın ərazi bütövlüyünə, müstəqilliyinə, iqtisadi-siyasi mənafeyinə təhlükə törədək? Xeyr! Biz “Moskva Bəyannaməsi”ndə yazmışıq və öhdəlik götürürük ki, öz ərazimizdə Rusiyaya qarşı fəaliyyət göstərən istənilən təşkilat və insana yer verməyəcəyik. Onlar da eyni öhdəliyi götürüb. Burada hansısa təhlükədən söhbət gedə bilməz. Bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, elm, təhsil və.s- əməkdaşlığı inkişaf etdirəcəyik. Biz bunu Türkiyə, Amerika və Avropa ilə də edirik. Rusiya ilə etməyimizdə də bizə qarşı heç bir təhlükə yoxdur. Sənədi diqqətlə oxuyub, təhlil etməmiş adamlar bağırırlar ki, bu, müstəqilliyə təhlükədir. Belə yanaşma çiy düşüncənin və naşılığın əlamətidir.
-Ukraynanın dirənişindən sonra rəsmi Tiflisdə də müəyyən ümidlər yaranıb. Məsələn, artıq Gürcüstanda da separatizmə qarşı müqavimət meyilləri güclənib. Onlar da separatçıları Abxaziya və Cənubi Osetiyadan çıxarmaq istəyirlər...
- Özlərini aldatmasınlar. Allaha şükür etsinlər ki, Rusiya onlara dəyib-dolaşmır. Amma, ümumiyyətlə, siyasi vəziyyət elə dəyişə bilər ki, Abxaziya və Cənubi Osetiya müharibəsiz Gürcüstana qayıda bilər. Amma rəsmi Tiflisin Rusiyaya qarşı hərbi əməliyyat aparmaq gücü yoxdur. Onlar Ukrayna deyil. Ukraynanın 35 milyon əhalisi var.
-Qeyd etdiniz ki, “Siyasi vəziyyət elə dəyişər ki, Abxaziya və Cənubi Osetiya müharibəsiz Gürcüstana qayıda bilər”. Bu vəziyyəti hansı ölkə və necə yarada bilər?
- Bunu Rusiya, Putin yarada bilər. O elə edə bilər ki, Rusiya dağılsın. SSRİ-ni kim dağıtdı? Qorbaçovla Yeltsin. İndi Rusiyanı dağıda bilən qüvvə Kremldə əyləşib. Rusiyanı özlərinin xain siyasəti ilə Putin və ətrafı dağıdır. Lavrov dağıdır. Ukrayna dağıtmır, onun buna gücü çatmaz. Amma Putinin gücü çatar.
- İllərdir, siyasətlə məşğulsunuz. Siyasətdə «bədən dili» anlayışı var. V.Putin son hadisələr ərəfəsində ayrı-ayrı ölkə başçılarını uzun masada qəbul edir. Eyni zamanda Lavrovla, Şoyqu ilə görüşü zamanı onlardan uzaqda əyləşir. Müharibə ərəfəsində gərgin üz cizgiləri ilə diqqəti çəkir. Putinin «bədən dili» və davranışları əslində nəyin ifadəsidir ?
-Putin çox şux görünür. Güman odur ki, o istəyinə çatıb. İstəyi nədir? Rusiya yavaş-yavaş dağılsın. Demək, istəyi Rusiyanı dağıtmaqdır, ona da çatıb.
Söhbətləşdi: Ayyət ƏHMƏD, Çimnaz ŞAHLAR