Tanınmış politoloq Zərdüşt Əlizadənin “Sherg.az”a müsahibəsini təqdim edirik.
Azərbaycanla Ermənistan arasında yekun sülh niyə uzanır, bu prosesi kim, niyə “tormozladır”?
- Dünya gücləri var, böyük dövlətlər və onların maraqları mövcuddur. Müxtəlif qütblər formalaşıb. Bunları da nəzərə almaq lazımdır. Çünki biz balaca dövlətik. Ona görə işlərimiz çətinliklə keçir. Amma müəyyən diplomatik məharət göstərməklə istəyimizə nail ola bilərik. Hər halda müharibənin bitməsindən 1 il yarım keçib. Yavaş-yavaş məsələ aydınlaşır. Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan elan edib ki, sentyabrda Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxaracaq. Bu müsbət hadisədir. Ondan sonra, yəqin, növbəti mərhələ başlayacaq. Bu mərhələ erməni ailələri ilə Azərbayacan dövləti arasında münasibətlərin tənzimlənməsindən ibarət olacaq. Əhalinin orada qalması üçün müəyyən şərt və zəmanətlər veriləcək.
-Artıq Ağalıya köç başlanılıb...
-Bəli, Ağalı kəndinə sakinlər yerləşdirilir. Başqa kəndlərə də köçlər olacaq. Bu proseslərdən sonra növbə bilavasitə Xankəndi ətrafına azərbaycanlıların qayıdışı məsələsinə gəlinəcək. Bundan sonra Qarabağda azərbaycanlıların sayı artacaq. Onları sayı 200-300 mini keçəndə artıq bəlli olacaq ki, Qarabağ məsələsi həll olunub. Ermənilərlə münasibətlər səhmana salındıqdan, qanuni müstəviyə keçid aldıqdan sonra vaxt gələcək, sülhməramlılar da Qarabağı tərk edəcəklər.
- Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıq konteksdə çıxışları var. Ali Baş Komandan bu dəhlizin açılacağını bəyan edib. Lakin biz hələ də bu açılışı görmürük. Dəhliz niyə açılmır?
- Mən sual verim:- Bizi kimsə qovur?
- Xeyr.
- Vəssalam. Hər şeyin öz zamanı var. Əsas odur ki, hər iki tərəf razılıq əldə edib. Zəmanət də verilib. Çünki bu dəhliz Rusiyaya xeyirlidir, onun iqtisadiyyatı üçün də faydalıdır. Hər halda açılacaq.
- Ötən gün Rusiya, Türkiyə və İran prezidentlərinin Tehranda zirvə görüşü baş tutdu. Orada İran prezidenti açıqlayıb ki, Qarabağın qaytarılmasına sevinirik, amma Ermənistan və İran arasında əlaqə kəsilərsə, İran buna qarşı çıxacaq...
- Qarşı çıxıb nə edəcək? İran öz təəssüfünü, narahatlığını bildirəcək ki, yol açılsın. Tərəflərə təklif edəcək ki, yolun açılması üçün lazım olanı etməyə hazırıq. Belə bir şəkildə olacaq. Razılaşma, anlaşma ilə həll olunacaq.
- Qeyd etdiniz ki, zaman gələcək rus sülhməramlıları da çıxacaqlar. Bəzən cəmiyyətdən, ayrı-ayrı politoloqların dilindən nidalar eşidirik ki, Rusiya Qarabağda olduğu müddətcə orada növbəti təxribatlar olacaq, Qarabağda qalma müddətini uzadacaqlar və.s. Realdırmı?
- Rusun təbii ki, hiyləsi, nəzarət mexanizmi var. Amma hər halda vəziyyət , şərait, qüvvələr nisbəti dəyişib. Elə ümid edirəm ki, göstərilən zamanda – 2025-ci ildə Qarabağdan yavaş-yavaş çəkiləcəklər. Çıxmasalar, maksimum 5 il daha burada qalacaqlar. Çünki sülhməramlıların Qarabağda qalması Azərbaycanın öz erməni sakinləri ilə birgə yaşayış qaydalarını müəyyənləşdirməsindən asılıdır. Biz bu qaydaları müəyyənləşdirsək, dil tapsaq, barışsaq, normal həyata qayıtsaq və anlasalar ki, erməni vətəndaşlara bizim hakimiyyətdən təhlükə yoxdur, o zaman rusların qalmasına ehtiyac yoxdur.
- Zərdüşt müəllim, bu qədər Şəhid və Qazidən sonra ermənilərlə birgəyaşayış çətin olmayacaqmı? Bunu xalqa necə həzm etdirmək olar?
- Bizim jurnalistlərimiz hələ 15-20 il əvvəl cəbhə xəttində erməni ordusu tərəfindən atəşə tutulmuş azərbaycanlılardan soruşmuşdular ki, şərait və sülh yaranarsa, ermənilərlə birgə yaşaya bilərsinizmi ? Onlar dedilər ki, niyə yaşamırıq ?! Cənab Prezident göstəriş versə, yaşayarıq. Prezident də təhlükəsizliyə təminat verdikdə bunu əmr edəcək. Yəni sizə deyim, Azərbaycan əhalisində və erməni əhalisinin xeyli hissəsində düşmənlik hissi yoxdur. O adamların ki, çörəyi düşmənikdən çıxır, onlar çörək xatirinə qışqırırlar ki, biz düşmənik, yaşaya bilmərik və.s. bunlar hamısı boş söhbətdir. Xalqların hər biri bir-biri ilə yaşaya da bilər, dost da ola bilər.
- Bir az da daxili siyasətdən, daha konkret desək, iqtidar-müxalifət dialoqundan danışaq. Azərbaycanda siyasi partiyaların fəaliyyəti qənaətbəxşdirmi?
- Azərbaycanın siyasi həyatını müəyyənləşdirən qüvvə Azərbaycan hakimiyyətidir. Bəzi partiyalar mövcuddur ki, onların Azərbaycanın gələcəyi barəsində fərqli təsəvvürləri var. “REAL” və “RİFAH”ın təsəvvürü var. Digər partiyalarda belə bir təsəvvür yoxdur. Onların təsəvvürlərini “YAP deyibsə, belədir” kimi sadə məntiqlə izah etmək olar. Bu sadə məntiqə əhali inanmır. Bəzi partiyalar mitinqlərə çağırış edir. Amma mitinq dağıtmaq üçündür, qurmaq üçün deyil. Mitinq hələ ağlabatan bir şey qurmayıb. Bəlkə, dağıtmağa layiq olan şeylər var, amma əsas dağıtmaq deyil, qurmaqdır. Çox ümid edirəm ki, RİFAH və REAL partiyaları normal şərait yaranandan sonra parlamentdə daha geniş təmsil olunacaqlar. Amma indiki şəraitdə siyasi partiyalardan möcüzə gözləmək əbəsdir.
- Ayrı-ayrı dövlət qurumlarında korrpusiya və rüşvətə qarşı mübarizə aparılır. “Təmizləmə” prosesi gedir. Doğrudan da təmizləyə biləcəklərmi?
- Dövlətin saflığı dövlətin azadlığından asılıdır. Dövlət , vətəndaş azad olarsa, sərbəst şəkildə öz fikirini deyə bilərsə, bu hallar yaşanmaz. Vətəndaş kor, kar deyil. Hamı görür ki, hansı məmur oğurlayır, rüşvət alır, vətəndaşların hüquqlarını tapdalayır. Amma azadlıq və sərbəstlik yoxdur deyə, bunu deyə bilmirlər. Deyəni də şərləyirlər, içəri salırlar, işgəncə verirlər. Əgər cəmiyyətin saflaşmasını istəyirsənsə, ilk addım kimi vətəndaşın konstitusiyada yazılmış hüquqların gerçəkləşməsinə şərait yaratmaq lazmdır. Onun azadlığına hörmət etmək lazımdır. Onda cəmiyyət özü-özlüyündə elə qurumlar yaradacaq ki, nəzarət etsin. Azərbaycanın bütün dövlət qurumlarının büdcələri dövlət sirridir. Bu vətəndaşlar bilməlidir ki, dövlət büdcəsinə gələn pullar necə xərclənir. Hamısı şəffaf şəkildə olmalıdır. Bütün xərclər, gəlirlər saytda göstərilməlidir. Bunlar hamısı sirdir. Bu səbəbdən hər bir nazir onun nazirliyinə ayrılmış büdcəni “dədəsinin malı” hesab edir. Bizdə tenderlər qeyri-şəffafdır. Vətəndaş cəmiyyəti təpik altındadır, sərbəst fəaliyyət göstərə bilmir. İqtisadi azadlıq yoxdur.
Belə şəraitdə əlbəttə ki, Azərbaycanda saflaşmadan söhbət gedə bilməz. Bir məmuru çıxarıb, onun yerinə başqa bir məmuru qoyanda yüz faiz deyə bilərsən ki, həmin məmur da eyni işlərlə məşğul olacaq. Saflaşma cəmiyyətin azadlığı ilə ölçülür. Dünyada korrupsiyadan azad olan ölkələr demokratik ölkələrdir. Dünyanın ən demokratik ölkələri Skandinav ölkələridir. Finlandiya, Danimarka, İslandiya, İsveç, Norveç kimi ölkələrdir. Bu ölkələrdə demək olar ki, korrupsiya yoxdur. Baş verərsə də, həmin adam dərhal cəzalandırılır.
-Amma mübarizənin müsbət nəticələri də olur axı…
-Yaşım çox olsa da, yaddaşım itidir. Son 10 ildə Azərbaycan məmurlarının rüşvət alması halları 2 dəfədən çox azaldılıb. Bu gün Gömrük Komitəsinin rüşvət almasını hamı bilir. Bu komitə yaranan gündən hamı orada rüşvət yolu açıb. Bu 30 ildə Dövlət Gömrük Komitəsi rüşvətə yol açıb. Heç kimin ağlı kəsmədi ki, bunları dəyişsinlər ? Səfər Mehdiyev gəldi, bütün naxçıvanlı qohumlarını vəzifəyə təyin etdi. Hamısı general, polkovnik oldu. Hər biri ev-eşik, villa, bahalı maşın sahibi oldu. Bunları hamı görürdü. Mən yazırdım. Çifayda? Heç veclərinə də almırdılar. İndi nəsə baş verdi, onu çıxardılar. Xaricdə gömrük nədir? Xaricdə elektron yazışma vasitəsi ilə həyata keçirilir. İdxal, ixrac üçün müraciət edirsən, uyğundursa, sənə sənəd gəlir. O sənədlə işlərini həll edirsən. Heç gömrük məmurunun üzünü belə görmürsən. Amma bizdə şişirdiblər. Daha çox adamın rüşvət alması üçün belə ediblər. Bunu hamı bilir və görür. Deyirik, amma çatmır. Çünki onlara xeyir deyil. Həm də xalqın özü kaldır. Xalq haqqını tələb edə bilmir.
- 3+3 formatı ilə bağlı düşüncələriniz maraqlıdır. Bu format işləyəcəkmi ? İşləyəcəksə, region üçün faydası nədən ibarət olacaq?
- İşləsə, istənilən birgə söhbət, məsləhətləşmə, birgə qərar qəbul etmə, əməkdaşlıq çərçivələri üçün faydalıdır. Amma bu formatın işləyib-işləməməsi əsasən Rusiyadan asılıdır. Çünki Kremlin işğalçı, müstəmləkə siyasəti imkan vermir ki, Gürcüstan o formatda iştirak etsin. Rəsmi Moskvanın mövqeyi dəyişsə, Gürcütsanın da mövqeyi dəyişər. Hər şey dövlətlərin xoş məramından asılıdır.
- Son dönəmlər Qərbin Rusiyaya qarşı sanksiyalarının müəyyən hissəsini yumşaltdığına dair siqnallar alırıq. Necə düşünürsünüz, Rusiya-Ukrayna məsələsində Qərbin yumşalamalara getməsi mümkündürmü? Müharibə necə yekunlaşacaq?
- Hələlik heç bir həll yoxdur. Danışıqlar gedir, amma həll yoxdur. Digər tərəfdən Ukrayna taxılının dünya ərzaq bölgüsündə rolu həddən artıq şişirdilib. Yəni, Ukrayna taxılı olmasa, dünyada aclıq olmayacaq. Çünki bu cəmi 4-5 faiz həlledici paya sahibdir. Bununla bərabər, Ukraynada yeni məhsulun yığılması vaxtı yaxınlaşır. Həm dövlət, həm də hərbi istehsalçılar maraqlıdırlar ki, keçən ilin məhsulu daşınsın getsin. Bu sahədə danışıqlar gedir. Nəticə olacaq, olmayacaq o qalsın bir tərəfə. Əsas odur ki, Qərb Ukraynanın arxasında möhkəm dursun, onu maliyyə və silahla təmin etsin. Ukrayna ordusu öz vətənini müdafiə etməyə hazırdır. Əgər silah-sursat bol olarsa, əminəm ki, Ukrayna ordusu işğal olunmuş ərazilərin böyük bir hissəni azad etməyə qadirdir. Onda Rusiyanın da mövqeyi dəyişmək olacaq.
Hazırladılar: Çimnaz ŞAHLAR, Ayyət ƏHMƏD