Vahid Əziz: "Boşanmalara etiraz edib, tədbir görmək lazımdır" -(MÜSAHİBƏ)

Azərbaycan xalq şairi- Vahid Əziz, şeirləri ilə, məzəli-duzlu söhbətləri ilə  hər kəsin ruhunu oxşamağı bacaran aydınlarımızdan biridir. Onun səmimi, gülərüz və pozitivdir olması insanlarda duyğusal izlər buraxır. Böyük şairimizlə söhbət etmək mənim də çoxdanki arzum idi. Nəhayət, zamanı gəldi, şansım oldu, şairlə qısa da olsa söhbətləşə bildim (çox həyacanlı idim). Fikrimcə, söhbətimiz maraqlı alındı. "Sherg.az" müsahibəni təqdim edir:

-Hər vaxtınız xeyir, Vahid müəllim, necəsiz? Özünüzü necə hiss edirsiz?                

 - Yaxşıyam, qızım. Sizin kimi gənc jurnalistlər əhvalımı soruşanda özümü daha  yaxşı hiss edirəm (gülümsəyir).    

 -Şair, ən çox sevdiyiniz və uğurlu hesab etdiyiniz şeiriniz hansıdır?                   

 -Bildiyiniz kimi, şeirlərim çoxdur. Hər biri də mənim üçün doğmadır. Ən çox sevdiyim isə "Əzizim", "Payızın eyvana dəyər qədəmi",  "Mənə 100 il arzulamayın"...               
-Sosial şəbəkələrdə ən çox dinlənilən şeirlərinizdən biri də "Ayrıldıq"dır. Sizcə, bu şeirin sevilməsinin səbəbi nədir? 
                              
  - Çünki Azərbaycanda hazırda boşananların sayı evlənənlərin sayından qat-qat artıqdır. Həmçinin, sevgilisindən ayrılanlar da kifayət qədərdir. Fikrimcə, bu səbəbdən "Ayrıldıq" daha çozx dinlənilir və sevilir.
                      
  - Şeirlərinizdə sevgini çox gözəl tərənnüm edirsiz. Ancaq qeyd etdiyiniz kimi, günümüzdə boşanmaların sayı kəskin artmaqdadır.  Problemin əsas səbəbi nədir?                            
  - Bu sualı Ailə,Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Bahar Muradova ünvanlamaq lazımdır. Bəlkə o desin, Azərbaycan qanununda hansı boşluqlar var ki, kişilər 40-ı keçdikdən sonra arvadlarını boşayıb başqa qadın tapırlar? Əmlak isə iki yerə bölünür. Başa düşə bilmirəm, arvad dədəsi evindən uşaq gətirib? Bəs, uşaqların payı hardadır? Uşaqlar anası ilə qalır və böyüdükdən sonra, ehtiyacı, təhsil xərcləri artır. Ata isə övladını bu mərhələdə tək qoyur.                   
  -Çıxış yolu varmı?
 
- Bunlar həm də Bahar Muradovun işidir. O bu yöndə araşdırma aparmalı, problemlərdən çıxış yolunu göstərməlidir. Milli Məclisə seçilib sədr müavini oldu.  Milli Məclisdə də qadınların sayı artıb. Qoy onlar boşanmalara etiraz edərək tədbir görsünlər. Əgər bu ictimai, sosial və yaxud cəmiyyətin problemidirsə, araşdırma aparıb həll etmək lazımdır. Qadınların Milli Məclisdə sayını artıraraq yaxşı addım atdılar. Bəlkə, bundan sonra qadınlar birləşərək kişiləri başa salalar ki, boşanmaq vəziyyətdən çıxış yolu deyi. Hər problemin bir həlli yolu var. Düşünmək lazımdır.  
        
 - Bəlkə, Azərbaycan ailələrində sevgi çatmır?           

 - Sevgi elə bir sərvətdir ki, onun yolunda bütün maddi və mənəvi dəyərlər, hətta, azadlıq belə qurban verilir.                                   

  - Vahid müəllim, bir az da gənc şairlərdən danışaq. Bəyəndikləriniz varmı?                        

  - Bəli, indiki vaxtda gənc şairlər çoxluq təşkil edir. Birinin adını çəksəm, o biriləri inciyəcəklər. Təbii ki, onların arasında fərliləri də var. Hər kəsin yazdıqları  Quran ayəsi deyil ki? Bir sözlə, yaxşısı da var, pisi də var.   
                                      
-Gənc şairlərə tövsiyyələriniz nələrdir? Daha yaxşı şeir yazmaq üçün nə etməlidirlər? 
    
   -Məncə, indi yazıçı olmaqdan çox oxucu olmaq lazımdır. Onda başqalarının necə yazdığını analiz edə bilərlər.