"İran Ermənistanı Azərbaycana, Rusiyaya uduzmaq istəmir"
"Zəngəzur dəhlizinin açılması ehtimalı çox güclüdür. Amma bura Qafqazdır. Burada münaqişələr və fikir ayrılıqları heç vaxt bitmir"
Zəngəzur dəhlizi ilə bağlı regionda bir aktivlik var. Azərbaycan, Türkiyə, Rusiya hətta Ermənistan belə dehlizin açılmasını günün tələbi hesab edirlər. Ən yaxın qonşumuz İran isə bu dəhlizi özünün qırmızı xətti olaraq görür.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanatın 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunub. Bu maddəyə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılmalı, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməli və nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməlidir. Lakin hələ də bu məsələ tam həllini tapmayıb. Üçüncü dövlətin dəhliz əndişəsi isə davam edir
Mövzu ilə bağlı Qafqaz üzrə ekspert, professor İbrahim Ethem Atnur "Sherg.az"a danışıb:
- İran niyə Zəngəzur dəhlizini qırmızı xətti olaraq görür?
- İranın Zəngəzur dəhlizinin açılmasını istəməməsinin müəyyən siyasi və iqtisadi səbəbləri var. O, türk dövlətlərinin güclənməsini istəmir. Azərbaycanın öz problemlərini aradan qaldıran, müstəqilliyini təmin edən ölkə olması onu ciddi şəkildə narahat edən məsələdir. Çünki problemsiz ərazi bütövlüyünü tam bərqərar edən, Qərblə Şərq arasında ticarət dəhlizinə sahib ola bilən Azərbaycan İranda türklər üçün cazibə mərkəzi ola bilər.
- Belə çıxır ki, rəsmi Tehran bu məsələni o qədər də gündəmə gətirməsə də, dolayısı ilə başqa məsələlər ətrafından hərəkət edir?
- Fikrimcə, ən mühüm səbəb odur ki, Azərbaycan bu dəhlizlə güclənib, Ermənistanla anlaşıb və problemlərini tamamilə aradan qaldırıb, Şərq-Qərb dəhlizi kontekstində çox qüdrətli bir ölkəyə çevrilə bilər. İranı narahat edən digər məqam Ermənistanın regionda onun ən yaxın müttəfiqi olmasıdır. Onu Qərbə və Azərbaycana, Rusiyaya uduzmaq istəmir. Xüsusən də İranda narahatlıq var ki, rəsmi İrəvanın Qərblə əlaqələrə girməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərini bu dəhliz məsələsində inkişaf etdirməsi onun müttəfiqliyindən uzaqlaşmasına səbəb ola bilər. O müttəfiqini itirmək istəmir.
- İranın xarici işlər naziri də bu yaxınlarda bəyənatında deyib ki, biz sərhədlərin dəyişməsini istəmirik. Bu bəyanatın səsləndirilmə səbəbi nədir? İran nə etmək istəyir?
- Rəsmi Tehran sərhəd məsələsini dilə gətirməklə, pərdə arxasında demədiklərini gündəmə gətirir. Sərhədlər dəyişməyəcək, amma İranın maraqları baxımından müəyyən dəyişikliklər olacaq. Hazırda Türkiyədən Orta Asiyaya yük maşınlarının daşınmasının əhəmiyyətli hissəsi İrandan keçir. Bu o deməkdir ki, İran bu yolda siyasi gücə malikdir. Çünki o, yolu siyasi güc kimi, əlində nəzarət mexanizmi kimi görür. Eyni zamanda İran bu yolla ciddi pul qazanır. Ona görə də o, iqtisadi cəhətdən özü üçün alternativ bir yolun yaranmasını istəmir.
- Rəsmi Tehran bu məsələdə Qərb dövlətlərinin iştirakı haqqında nə düşünür?
- Başqa məsələ odur ki, İran Pekindən Londona yol açılanda bölgəyə başqa Cənubi Qafqaz dövlətlərinin gəlməsini istəmir. İran xüsusilə də Qərb dövlətlərinin bu bölgədən uzaq durmasını istəyir. Rəsmi Tehran Orta Asiyada türk əsilli dövlətlərin güclənməsini istəmir. Çünki onların güclənməsi İranın uzunmüddətli maraqlarına uyğun deyil. Bu kontekstdə o, dolayısı ilə güclənən türk dünyasından narahatlığını sərhəd məsələsi vasitəsilə ifadə edir.
İranda yaşayan türklərin sayı bəllidir. Bu say İranın bütöv əhali sayının yarısına, hətta yarısından çoxuna bərabərdir.
Dəhlizin açılması türk dünyası üçün ciddi bir cazibə mərkəzi yaradacaq. İranda bunu özünün uzunmüddətli mövcudluğu üçün təhlükə hesab edir. Ona görə də istəmir.
- Bəs, Rusiya niyə bu dəhlizin açılmasını gündəmə gətirir?
- Qarabağ qələbəsindən sonra imzalanan müqavilədə Rusiya sərhədi boyunca Zəngəzur dəhlizindən bəhs edilirdi. Rəsmi Moskva isə öz nəzarəti daxilində olan Zəngəzur dəhlizini, eləcə də regionda mövcud olmağı istəyir. Həm Ermənistanı, həm Azərbaycanı digər tərəfdən isə bu dəhliz vasitəsilə türk dünyasını nisbətən nəzarətdə saxlamaq arzusundadır. Rusiya da İran kimi qərblilərin bölgəyə gəlməsini istəmir. O, deyir ki, icazə verin, Ermənistanla Azərbaycanı barışdırım. Qərblilər, Türkiyə isə buna müdaxilə etməsinlər. Xüsusilə Qərbin bölgəyə gəlməsini və bu iki dövləti barışdırmasını istəmir. Ona görə də Rusiya öz şərtləri ilə bu dəhlizin açılmasına bu qədər önəm verir və bunu gündəmə gətirir.
- Zəngəzur dəhlizinin Türk dövlətləri üçün əhəmiyyəti nədir?
- Bu, ilk növbədə, türk dövlətləri üçün bir başa dəhliz, fasiləsiz nəqliyyat xətti yaradır. Başqa sözlə, dəmir yolu və kommunikasiya marşrutları baxımından fasiləsiz dəhlizi təmsil edir. Üstəlik, Türkiyədən Naxçıvana, Naxçıvandan isə Zəngəzur vasitəsilə Azərbaycana çatacaq bu dəhlizin türk dünyasına çatmağı çox asandır.
Buradan Pekinə getmək çox asandır və arada yalnız türk dövlətləri var. Bu, həm də türk dünyasının bir-birinə inteqrasiyası üçün çox vacibdir. Çünki ticarətin siyasətə təsir etdiyi, bu gün isə həm də hərbi məsələlərə də təsir etdiyi məlumdur. Türk dünyası da pul qazanmaq istəyir və bu dəhliz onlar üçün daha iqtisadi, qısa bir dəhlizdir. Üstəlik, təhlükəsizlik baxımından yalnız Türk Cümhuriyyətlərindən keçəcəyi üçün başqa bir ölkəyə siyasi, hərbi və ya iqtisadi güzəştə getmədən qazanc mənbəyi olaraq görülür. O, siyasi güc qapısı kimi qiymətləndirilir. Məsələn, İranın oradan keçən dəhlizi nə vaxt açıb-bağlayacağı, nə vaxt şantaj məsələsinə çevirəcəyi bilinmir. Ukrayna-Rusiya müharibəsində göründüyü kimi, Avropa dövlətlərinin Ukraynaya dəstək verməsi ilə Rusiya Ukrayna ərazisindən keçən təbii qaz xətlərini kəsdi. Və müəyyən mənada bundan siyasi güc kimi istifadə etdi. Bu da hərbi təhlükəsizlik problemi kimi, şantaj vasitəsi kimi ortaya çıxdı. Bunun Avropa dövlətlərində hansı iqtisadi və siyasi problemlərə səbəb olduğunu gördük və yaşadıq.
Zəngəzur dəhlizi isə qısa- 43 km uzunluğunda olsa da ancaq türk dövlətlərinin ərazisindən keçəcək, ümumilikdə türk dünyasının siyasi, hərbi və iqtisadi inkişafına, birliyinə, zənginləşməsinə böyük töhfə verəcək.
- Rusiyanın Zəngəzur dəhlizini gündəmə gətirməsini İran necə qarşılayır?
- Təbii ki, bu, İranda böyük narahatlığa səbəb olub, Rusiyaya qarşı şübhələr yaradıb. İranın mətbuatından eşidirik ki, onlar "Rusiyaya deyil, Ukraynaya dəstək verəcəyik" deyə bəzi açıqlamalar verirlər. Bunun uzunmüddətli olacağını düşünmürəm. Biz rəsmi Moskva və Tehranın maraqlarının ciddi şəkildə kəsişdiyi bir mühitdəyik. Qərbdən bu qədər təcrid olunan rəsmi Tehranın Rusiyadan əl çəkəcəyini düşünmürəm. Ona görə də İran həm Azərbaycanı, həm də Türkiyəni bu dəhlizi açmamağa məcbur edəcək. Ermənistan Rusiyanın köməyi və vasitəçiliyi olmadan Azərbaycanla barışmaq istəyir. Əgər Ermənistan və Azərbaycan sülhü bərqərar etsələr və Azərbaycanın dediyi kimi dəhliz açılsa, rəsmi İrəvan dəhlizi təkcə Zəngəzurdan deyil, başqa yerlərdən də aça bilər.
- İki tərəfin də razılaşmasını Rusiya necə qarşılayacaq?
- İran öz təhlükəsizliyinə uzunmüddətli təhdid kimi gördüyü bu məsələləri gündəmə gətirməyə davam edəcək.
-İranın təkbaşına dəhlizin açılmasının qarşısını almağa gücü çatacaqmı?
- Mən belə düşünmürəm ki, Zəngəzur dəhlizinin açılması ehtimalı çox güclüdür. Amma bura Qafqazdır. Burada münaqişələr və fikir ayrılıqları heç vaxt bitmir. Bəzi incikliklər və tərəddüdlər ola bilər. İnşAllah ki, bunlar olmaz. Qafqazda bu qədər xaos və kövrəklik yarandığına görə hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında razılaşma bir çox ermənilərin xeyrinə olacaq və Ermənistanda iqtisadi və siyasi sülh olacaq.
- Tək Ermənistan- Azərbaycan deyil, eləcə də Ermənistan- Türkiyə sərhəd məsələsi var. Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, Ermənistan təkcə Azərbaycanın deyil, Türkiyənin də sərhədlərini tam şəkildə tanımalı, konstitusiyasındakı bəzi maddələrə yenidən baxıb aradan qaldırmalı, iki dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır. Ancaq belə şəraitdə Zəngəzur dəhlizi də açıla bilər.